Baş səhifə » 2015 » İyul » 21 » Qamət Süleymanov:"Sevindirici haldır ki, bu il bayram günü şəriətə uyğun təsdiq olunub." -müsahibə-
01:02
Qamət Süleymanov:"Sevindirici haldır ki, bu il bayram günü şəriətə uyğun təsdiq olunub." -müsahibə-

 

Maraqlıdır, hazırda Azərbaycanda mövcud olan sələfilik cərəyanı hansı mərhələdədir, daha çox hansı bölgələrdə yayılıb?

Modern.az saytının bu qəbildən olan suallarını sələfilərin lideri
Hacı Qamət Süleymanov

cavablandırıb.

O bildirib ki, Azərbaycanda sələfilərin davamçıları həddindən çoxdur:
“Amma onların dəqiq sayı, hansı bölgədə daha çox olması barədə hesabat aparılmır. Demək olar ki, sələfilər bütün bölgələrdə var.

Ümumiyyətlə, “Əbu Bəkr” məscidində törədilmiş məlum partlayışdan sonra sələfiliyə dəvət gətirənlərin sayı çoxalıb. Əlbəttə, məscidin bu vəziyyətdə qalması təəssüf doğurur. Bu, radikallığın artmasına səbəb olur. Çünki, radikallara belə ab-hava sərf edir. Hesab edirəm ki, radikallığın qarşısının alınması üçün ilk növbədə məscid yenidən fəaliyyətə başlamalıdır. Eyni zamanda radikallığın mənfi təsirlərinin olması barədə insanlar arasında maarifləndirmə işlərini aparılmalıdır”.

Q.Süleymanov “Sələfiliyin digər qoluna rəhbərlik edən Əlixan Musayevlə eyni ideologiyaya sahib olduğunuz halda, hansı səbəbdən vahid mövqeyə gəlmirsiniz” sualına cavab olaraq deyib ki, onların düşüncə tərzində fərqlər mövcud olduğu müddətdə bu mümkün deyil:

“Nəzərə alın ki, baxışlar, məsələlərə yanaşma fərqi olduğu üçün müsəlmanlar bölünüb. O cümlədən sələfilik. Sələfiliyin digər qolunu radikallar təmsil edir. Aramızda fikir ayrılığı olduğu üçün nə onlarla, nə də onların rəhbəri Əlixan Musayevlə bir araya gəlməmiz mümkündür. Ona görə də məsələlərə yanaşmamızda radikallarla fikir ayrılığımız var.

Sünni-şiə məsələsi də bu cürdür. Bu, indi deyil, tarixdən bəri mövcud olan məsələdir. Problemlərin aradan qaldırılması üçün həm sünni, həm də şiələr tərəfindən radikallıq pislənilməlidir. Radikallıq hər bir firqədə var, onlara qarşı mübarizə aparmaq lazımdır. Amma əksəriyyət bizə qarşı bundan istifadə edir. Guya, radikallıq təkcə sələfilikdə var. Hələ İŞİD peyda olmamışdan əvvəl biz radikallığın əleyhinə idik. Məhz onlara görə terrora məruz qalmışıq. Biz əlimizdən gələni edirik. Amma hər kəsin birlik nümayiş etdirməsi vacibdir”.

Hacı Qamət Ramazan ayının dini ayinlərilə bağlı yaranan fikir ayrılığına da münasibət bildirib: “Sələfilər dövlət tərəfindən elan olunan qaydalara riayət edir. Təklif edirəm ki, fikir ayrılığının yaranmaması üçün hər kəs buna riayət etsin”.

O, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanası ilə ortaq fikrə gəlməsini müsbət qiymətləndirib:

“Sevindirici haldır ki, bu il bayram günü şəriətə uyğun təsdiq olunub, ayın görünüb-görünməməsində Şamaxı Rəsədxanasına istinad olunub. Bu çox müsbət və təqdirəlayiqdir haldır”.

Hacı Qamət Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də münasibət bildirib:

“İdarənin fəaliyyətini normal qiymətləndirirəm. Məsələn, bu il mərasimlər çox gözəl təşkil olundu. İdarə Şamaxı Rəsədxanasına istinad etdi. Bu da təbii ki, ölkədə bölünmənin qarşısını alacaq. Bu çox böyük addımdır. Çünki camaat arasında fikir ayrılığı yaratmaq, onları bölmək üçün bəzi qruplar bayram məsələlərindən istifadə edirdilər. Bu məsələdə dini idarə təqdirəlayiq addım atdı”.

Gülşən RAUFQIZI

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 405 | Yüklədi: Azerislamoglu