Zorla saqqalı qırxılmış sələfinin vəkili:"Biz onun səmimiyyətinə inanırıq." - 27 Декабря 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Dekabr » 27 » Zorla saqqalı qırxılmış sələfinin vəkili:"Biz onun səmimiyyətinə inanırıq."
09:51
Zorla saqqalı qırxılmış sələfinin vəkili:"Biz onun səmimiyyətinə inanırıq."

Zorla saqqalı qırxılmış sələfinin vəkili:

"Biz onun səmimiyyətinə inanırıq."


"Bu günlərdə həbsdə olan Zeynalov Rəmzi Ramiz oğlu redaksiyamıza etiraf dolu məktub ünvanlayıb.Faktla bağlı zərərçəkmiş Zərbəliyev Cavanşir Məmmədağa oğlunun hüquqlarını müdafiə edən hüquqşünas Məmmədzadə Fərid Faiq oğlu ilə görüşdük."



---

Xəbər verdiyimiz kimi, 04.07.2014-cü il tarixdə Sabirabad rayon bazarında Zeynalov Rəmzi Ramiz oğlu dini ayrı-seçkilik zəminində Zərbəliyev Cavanşir Məmmədağa oğlunu təhqir edərək, bir neçə nəfərin köməkliyindən istifadə etməklə onun saqqalını qırxıb. Bu hadisə respublika ictimaiyyətində geniş əks-səda doğurub. Hadisədən dərhal sonra Zeynalov Rəmzi təqsirləndirilən şəxs qismində saxlanılıb.

Bu günlərdə həbsdə olan Zeynalov Rəmzi Ramiz oğlu redaksiyamıza etiraf dolu məktub ünvanlayıb. Məktubda yazılır:  

“Allahın salamı  olsun əxi qardaşlara.

Üzülərək bu məktubu sizə yazıram. Peşman olmuş və tövbəkar bir bəndə kimi dünya müsəlmanlarından üzr istəyib, bağışlanmağımı istəyirəm. Cahillik üzündən küyə gedib bu əməli törətdim. Amma hər bir işdə bir xeyir var. Demək, Allah məni imtahan etdi və yan-yörəmdəki dırnaqarası müsəlmanların nə qədər yalançı, qorxaq və münafiq olmasını mənə göstərdi. Bu günə kimi, yəni 6 ay həbs ərzində heç biri bir dəfə də olsun dalımca gəlmədilər, 1 paçka belə siqaretlərini də görmədim. Bunlara mömin demək olarmı? Nə isə, Allah günahlarımızı bağışlasın. Keçək əsas məsələyə.

Cavanşir, and olsun Allaha, mən çox peşmanam. Mənim nəyim vardısa hər şeyim əldən çıxdı, maşın-dükan. Məni bu yola vadar edənlər də meydanda tək qoydular. Mənim sənə veriləcək pulum qalmadı. Amma məni bu işə vadar edənlərin hamısını ifşa edə bilərəm. Səndən xahiş edirəm, Allaha xatir şikayətini götür, mən azad olum, səninlə birlikdə əl-ələ verib, bu işdə olanların hamısını cəzalandıraq. Polis işçilərinin də bu işdə böyük rolu var, amma mənim həyatım təhlükədədir deyə səsimi çıxarda bilmirəm. İnternetdə də çıxış etməyə hazıram və məni meydanda qoyub qaçanlara sübut edəcəm ki, əsl düzgün Allah yolu ilə gedənlər sizlərsiniz və dünyanın bütün müsəlmanlarının gözü qarşısında səndən üzr istəyib səhvimi boynuma alacam. Çalışacam sizin əxilərlə mən də əxi olum. Hər yerdə sizlərin düzgün yolda olmağınızı təbliğ edəcəm. Bizlərin başını pis-pis şeylərlə doldurublar. İnan ki, ailə-uşağın da üzünə baxa bilmirəm. Hər şeyim əlimdən çıxdı. Heç olmasa, səninlə halallaşım və dostun olum. Mənim dostluğumu qəbul edin. İnan ki, mənim dostluğumu qəbul etsəniz, çoxları mənim ardımca gəlib sizinlə dost olmaq istəyəcək. Mənim adımdan bütün əxilərə salam söylə və məni bağışlamaqlarını istə. Məni bağışla Allaha xatir və haqqını halal et.

İmza: Günahkar bəndə Rəmzi Zeynalov Ramiz oğlu.

 

Faktla bağlı zərərçəkmiş Zərbəliyev Cavanşir Məmmədağa oğlunun hüquqlarını müdafiə edən hüquqşünas Məmmədzadə Fərid Faiq oğlu ilə görüşdük.

- Fərid müəllim, sonuncu məktubla əlaqədar nə deyə bilərsiniz?

- Rəmzi Zeynalov bizə də analoji məktubla müraciət edib. Bu, olduqca normal haldır. Həyatda hər bir kəsin səhvi ola bilər. Əsas odur ki, səhvini etiraf etməyi və üzr istəməyi bacarasan. Biz onun səmimiyyətinə inanırıq.

- Məktubda yer alan bir neçə cümləyə münasibətinizi bilmək istərdik. Müəllif zərərçəkmişə xitabən yazır ki, mənim sənə veriləcək pulum qalmadı. Belə çıxır ki, zərərçəkmiş təqsirləndirilən şəxslərdən pul tələb edir?

- Bildiyiniz kimi, ilk gündən etibarən zərərçəkmiş Zərbəliyev Cavanşir onun şərəf və ləyaqətini təhqir etmiş şəxslərə qarşı kin duymadığını, həttaonlardan şikayətçi olmadığını rəsmən bildirib. Qeyd edim ki, onun heç şikayət ərizəsi də yoxdur. Sadəcə sosial mediada yayılan video görüntü əsasında bir qrup şəxsə, o cümlədən Zeynalov Rəmziyə qarşı cinayət işi açılıb.

Daha sonra mənim təklifimlə biz mövcud qanunvericiliyə əsasən məhkəmə qarşısında 90 min manat məbləğində təzminat iddiası qaldırdıq. Nə mənim, nə də hüquqlarını müdafiə etdiyim Zərbəliyev Cavanşirin kimlərdənsə külli miqdarda pul almaq fikrimiz olmayıb. Tələb olunan məbləğ törədilmiş cinayət əməlinin ekvivalentini əks etdirmək məqsədini güdür.

Doğrudur, hadisədən ötən 6 ay ərzində müvəkkilim bəlli miqdarda pul xərcləməli olub. Bu, əsasən Sabirabada ezam olunan vəkillərin və digər aidiyyatlı şəxslərin xərclərini əhatə edib. Zərbəliyev Cavanşirin maddi durumunu nəzərə alaraq, mövcud qanunvericiliyə və ədalət prinsipinə əsaslanaraq qarşı tərəfdən yalnız bu xərclərin ödənilməsi tələb edirik.

- Söhbət hansı rəqəmdən gedir?

- Mənim üçün dəqiq bir söz söyləmək çətindir. Zərbəliyev Cavanşir xərclədiyi miqdarı daha yaxşı bilir.  

- Zeynalov Rəmzi məktubunda yazır ki, polis işçilərinin də bu işdə böyük rolu var, amma mənim həyatım təhlükədədir deyə səsimi çıxarda bilmirəm. Bir hüquqşünas kimi bu fakta necə qiymət verə bilərsiniz?

- Təbii ki, Azərbaycanda mövcud olan stabilliyi pozmaq istəyən qüvvələr az deyil. Ölkəmizin inkişafı bəzi dövlətlərin maraqları ilə daban dabana ziddir. Lakin bu işdə polislərin təşkilatçı və ya iştirakçı qismində çıxış edəcəklərinə qətiyyən inanmıram.

Onların yeganə səhvi ondan ibarət ola bilər ki, cinayət törədilən zaman hadisə yerində olmayıblar. Bu, obyektiv səbəbdən də baş verə bilərdi. Böyük ehtimalla, hadisə törədilən zaman onlar bazarın başqa bir ərazisində növbədə olublar.

- Məktubda daha sonra yazılır: “Səndən xahiş edirəm, Allaha xatir şikayətini götür, mən azad olum, səninlə birlikdə əl-ələ verib, bu işdə olanların hamısını cəzalandıraq”. Sizcə, təqsirləndirilən şəxsin qeyri-adekvat mövqeyi qanunvericiliyə inamsızlığından irəli gəlmir ki?

- Qətiyyən. Sadəcə, zərərçəkmiş səmimi peşmançılıq  hissi duyduğundan qarşı tərəflə əlaqələrini bərpa etmək  istəyir. Belə ki, istənilən halda son sözü məhkəmə deməlidir. Məhkəmənin ədalətli olduğuna şübhə edən şəxs səhvinin bağışlanmasına cəhd belə göstərməzdi.

O ki qaldı müraciətin birinci hissəsinə, yəni şikayət məsələsinə, mən yenə də təkrar edirəm: “Müvəkkilim heç zaman şikayət vermək fikrində olmayıb, hətta ilk gündən bəri hadisəni törədənləri bağışladığını və Allahın da onları bağışlaması üçün dua edəcəyini bəyan edib. Cinayət işi təkzibedilməz cinayət faktına əsasən açılıb”.

- Məktubun mətnindən göründüyü kimi, Rəmzi Zeynalovu mövqeyini dəyişməyə  vadar edən əsas səbəb düşdüyü ağır iqtisadi vəziyyətdir. Necə düşünürsünüz, bu, onun tərəfindən manipulyasiya deyil ki, yəni təqsirləndirilən şəxslər doğrudanmı islah olunublar? 

- Rəmzi Zeynalov səhvi ucbatından maddi itkilərlə qarşılaşmalı olub. Bu, bir həqiqətdir. Ancaq hər şey maddiyyatla bitmir. Onun günahsız bir insana vurduğu mənəvi zərbə bumeranq effekti ilə özünə qayıdıb. İndi hər kəs, mömin olmayan vətəndaşlarımız belə, hətta öz ailə üzvləri də birmənalı şəkildə Rəmzi Zeynalovun əməlini qınayırlar. Çünki başqasının hüquq və azadlıqlarını məhdudlaşdırmaq, yumşaq desək, özbaşınalıq etmək həm qanunvericiliyə, həm də cəmiyyətimizin mənəvi dəyərlərinə, xalqımızın milli adət-ənənələrinə ziddir. Biz yüksək  tolerantlıq ənənələri olan, multikulturalizm dəyərlərini yaşadan, azərbaycançılıq ideyaları ilə inkişaf edən xalqın nümayəndələriyik. Bizdə istisnasız olaraq hər  bir  vətəndaşın hüquq və azadlıqları qanunvericiliklə, eyni zamanda milli-mənəvi dəyərlərlə qorunur.

Ümumiyyətlə, Allahını tanıyan, sevən, vicdanı qarşısında vaxtaşırı hesabat verən hər bir şəxs daim özünü tənzimləməyə çalışır. Mövcud vəziyyətdə ümid edirəm ki, Rəmzi Zeynalov səmimi qəlbdən peşmandır. Əlbəttə ki, bunu onun gələcək həyatı göstərəcək.

- Lakin etiraf edək ki, məktubun leytmotivini radikallıq təşkil edir. “Yan-yörəmdəki dırnaqarası müsəlmanların nə qədər yalançı, qorxaq və münafiq olmasını mənə göstərdi... Bunlara mömin demək olarmı... Səninlə birlikdə əl-ələ verib, bu işdə olanların hamısını cəzalandıraq”, kimi kəskin fikirlər onun tutduğu  mövqeyi dəyişdiyini göstərsə də, mübarizə metoduna sadiq qaldığından xəbər verir.

- Məktubun ayrı-ayrı epizodlarına nəzər saldıqda, belə bir yanlış fikrə gəlmək olar. Lakin mətni diqqətlə oxuduqda aydın olur ki, Rəmzi Zeynalov özünün və ətrafındakı şəxslərin səhvini anlayır və hər kəs tərəfindən bağışlanmalarını istəyir. Onun “Nə isə, Allah günahlarımızı bağışlasın” cümləsi belə düşünməyə əsas verir. Ümumiyyətlə, psixoloji sarsıntı içərisində olan bir insanın cümlələrində rəvan üslub axtarmaq sadəlövhlük olardı.

- Sonda qeyd etməliyik ki, istənilən məhkəmə prosesi tərəflərin birinin qələbəsi ilə nəticələnir. İndiki halda yaranmış vəziyyəti sizin qələbəniz kimi qiymətləndirə bilərikmi?

- Hadisələrin məntiqi sonluqla bitməsi, yəni barışığın əldə olunması hamımızın qələbəsi sayıla bilər. Biz buna nail olacağımız  təqdirdə, əminliklə deyə biləcəyik ki, qanunun aliliyi təmin olunmaqla yanaşı, haqq-ədalət bərpa olundu, azərbaycançılıq ideyası zəfər çaldı. Min illərlə formalaşan, zamanın sınağından keçərək cilalanan milli-mənəvi dəyərlərimiz növbəti sınaqdan əla qiymət aldı. Birliyimiz, bərabərliyimiz, dövlətçiliyimiz daha da möhkəmləndi. Necə deyərlər, bizim bir Allahımız, bir vətənimiz var.  

Mediainfo.az

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 999 | Yüklədi: Azerislamoglu