Baş səhifə » 2014 » İyul » 20 » XAVARİCDƏN XƏLİFƏ OLA BİLƏRMİ?
07:03
XAVARİCDƏN XƏLİFƏ OLA BİLƏRMİ?

XAVARİCDƏN XƏLİFƏ OLA BİLƏRMİ?
 

Bəzi azmış firqələrin hansısa yaşayış məntəqəsini ələ keçirməsini görmək insanı üzür və kövrəldir. Lakin sən ey sünnə ilə gedən müsəlman! Səni səadətindəndir ki, hikmət sahiblərinin və alimlərin sözlərinə qayıtdıqda görürsən ki, onlar belə azmış firqələrin əməlini pisləyirlər. Belələrinin müsəlmanlar üzərində ağalığı və hökmranlığı ola bilməz. Bəs görəsən Xavariclərin heç dövləti olubmu? Və ya olacaqmı? Görəsən ümmət xarici əqidəli birinin ətrafında cəm ola bilərmi?

Allahdan kömək istəyərək başlayırıq:

Vəhb ibn Münəbbih (Xovlən adlı xavariclərdən təsirlənmiş birinə) nəsihətində bu haqda belə deyir:

"Mən islamın əvvəlinə yetişdim. Allaha and olsun ki, Xavariclərin elə bir qrupu olmadı ki, Allah onları ən şərli hallara salıb parçalamasın. Onlardan elə bir qrup olmadı ki, öz ideyasını aşkara çıxartsın və Allah onların boynuna zərbə endirməsin. BU ÜMMƏT HEÇ BİR VAXT XAVARİCLƏRDƏN BİRİ ƏTRAFINDA CƏM OLMAMIŞDIR."

(Tarixi Dəməşq, 63/383) (Həmçinin, Təhzibul –Kamal və Siyəri Aləmin-Nubələ əsərlərində də bu rəvayəti görə bilərsiniz)

SübhənAllah!

Qardaşlar, ibn Münəbbih birinci əsrdə yaşayıb və bu haqda danışır! (O, hicrətin 34-cü ilində doğulub və 114-cü ildə vəfat edib)
Məgər siz onun sözündə bu günümüzdə baş verənlərlə uyğunluq görmürsünüzmü?

Müasir dövrümüzdə hicrətin 1400-cü ilində "Məscidul-Haram"da "Cüheyman" adlı qruplaşma qiyam etdi. Onların ardınca isə "əl-Qaidə" qruplaşması qiyam etdi. Onlar da dəstələrə və firqələrə bölündülər. Hər dəfə onların başçılarından birinin boynu vurulduqda bir başqası onun yerinə gəldi və onlar heç öz aralarında belə bir nəfərin üzərində birləşə bilmədilər.

Vəhb ibn Münəbbihin (rahiməhullah)sözünü İbn Teymiyyənin (rahiməhullah) sözü də təsdiqləyir: "Peyğəmbər (səllallahu aleyhi və səlləm) Xəvariclər kimi fəsadlı bir yol uğrunda döyüşənlərə qarşı döyüşməyi əmr etdi və(onu da) əmr etdi ki, rəhbərlərin zülmünə qarşı səbir etsinlər. O, rəhbərlərə qarşı döyüşməyi və qiyam etməyi qadağan etdi. Ola bilsin ki, Allah bir çox zalım padşahlara bir müddət hökmranlıq versin, lakin, özünü peyğəmbər elan edən yalançı (kəzzab)ların hökmranlığı uzun çəkmir. Allah mütləq onları həlak edəcəkdir. Çünki, onların fəsadı ümumidir. Bu, dini, dünyanı və axirəti əhatə edir. Allahu təala buyurmuşdur: "Əgər Muhəmməd özündən bəzi sözləri uydurub bizə aid etsəydi, Biz onun sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik" (əl-Həqqa; 44-46) Beləcə, Allah bu ayədə xəbər vermişdir ki, burada iftira nəzərdə tutulur. Yəni, hər kim Allaha (Allahın ona vermədiyi bir şeyi verdiyini idia etmək)iftira edərsə, mütləq Ona iftira edən cəzalandırılmalıdır. (Məcmu`ul- Fətəva; 14/269)

Ey müsəlmanlar! Xəvariclər bir yerdə bərqərar olsalar dini və dünyanı korlayarlar. Çünki, onlar hava əhlidirlər. Onları öz aralarında (şiddətli) ixtilafları vardır.

Vəhb ibn Münəbbih (sözünün davamında) onlar haqqında demişdir ki: "Əgər Allah onların fikirlərini yürütmələrinə imkan versə, yer üzündə fəsad törənər, yollarda quldurluq baş verər və Allahın evi Kəbəyə gedən Həcc yolu bağlanar."

Ey müsəlmanlar! Məgər görmürsünüzmü ki, bu gün xəvariclər dünyada əminamanlıqda yaşayan insanların şəhər, kənd və məntəqələrinin fəsada düşməsinə səbəb olmuşlar? Onların ucbatından insanlar öz yurdlarından köçməli olur? Məgər onlar (bir çox yerlərdə) yol kəsib quldurluq etmək və əminamanlığın pozulmasına səbəb olmayıblarmı?

Məgər görmürsünüzmü xəvariclər müsəlmanların dinini də fəsada salıblar? İnsanların onlardan qaçması və mallarının əllərindən çıxması üzündən həcc və ümrə yollarını kəsməyiblərmi?

Siz "Cuheyman" qruplaşmasının Məscidül-Haram`da üsyan etdiyi vaxta yetişmədinizmi (hicri 1400-cü il) ? Onların üsyanı nəticəsində Məscidül-Haram`da (Kəbədə) 15 gün ərzində nə namaz qılındı, nə də əzan səsinin yüksəlməsinə imkan verildi.

Sanki, Vəhb ibn Münəbbih bizim bu gün şahidi olduğumuza 1335 il bundan əvvəl şahid olmuşdur.

Onların halı Əbu Səid əl-Qartami`nin halı kimidir. O şəxs hicrətin 317-ci ilində Kəbədə üsyan etmiş və hacıları təvaf əsnasında öldürmüşdü. Sonra da onları zəmzəm quyusuna atmışdı. (Bu tarixdə unudulmaz bir hadisədir)
Əziz qardaşlar! Xavariclərin əməlləri bu ümmətin əvvəlkilərindən və fəzilətlilərindən gizlin qalmayıb. Bu da dördüncü Xəlifə, Vəhb ibn Münəbbihdən, İbn Teymiyyədən daha üstün və fəzilətli şəxsiyyət Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xəvariclərin vəsfi haqqında belə deyir: "Onlar Quranın (əsil) qariləri (oxuyanları) deyillər, dində fəqih (anlayışlı) də deyillər. Onlar nə Quranın təfsirini bilir, nə də İslamın başlanğıcından gələn bu işin (xilafətin) əhli deyillər. Allaha and olsun ki, əgər onlar sizə rəhbər olsalar, sizinlə Kisra`nın və Herakl`ın etdiyi əməllərə uyğun davranarlar." (Tarixi-Dəməşq; 3/117)

Budur, bu günümüzün Xəvaricləri olan "İŞİD qruplaşması" və onların zümrəsi yəhudilərin İslam əhlinə qarşı törətdiklərini, qətl və (yurdlarından) qovmaq əməlinin eynisini edirlər. Lakin, qoy İslam əhli öz həyatları barədə o xavariclərdən hüzurda olsunlar ki, onların ələ keçirdikləri məntəqələrdəki ağalıqları az bir müddət çəkəcəkdir. Onların bu halı çox uzun çəkməyəcək. Əli ibn Əbu Talibdən (radiyəllahu anhu) daha üstün və şərəfli olan şəxs, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ümmətini arxayın edərək bu barədə xəbər vermişdir. İbn Ömərin (radiyəllahu anhu) rəvayət etdiyinə görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Elə bir gənc nəsil gələcək ki, onların oxuduqları quran boğazlarından aşağı keçməyəcək. Onlar hər əsrdə çıxacaqlar və (kökləri) kəsiləcəkdir.» İbn Ömər dedi ki, Peyğəmbərin bunu "Hər əsrdə çıxacaqlar və (kökləri) kəsiləcəkdir" sözünü iyirmi dəfədən çox dediyini eşitdim. (Sonra dedi:) «Onların axırıncı dəstəsiylə bir (vaxtda) Dəccal çıxacaqdır.» (Əhməd, 2/84); İbn Macəh, 179; Albani bu rəvayətə "həsən" deyib.

Albani (Allah ona rəhmət etsin) demişdir: Hədisdə keçən عراضهم kəlməsi عرض sözünün cəmidir, fəthə və sükunla yazılır, "böyük ordu" mənasını verir. Bu, burada istiarə`dir (yəni, məcazın bir növü). Sindi isə demişdir ki: bu, "dağın bir tərəfi və ya buluddur ki, üfüqə sədd çəkir"
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə xəvaricləri ümumi olaraq vəsf etmiş, onların sifətlərini bildirmişdir. Bu vəsf günümüzdəki "İŞİD"-ə də aiddir. Sanki, bu kəlam onlar haqqında deyilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: «Ümmətimdə ixtilaf və ayrılıq olacaqdır. Elə bir qövm gələcək ki, sizi təəccübləndirəcəklər, onlar özləri də özlərindən təəccüblənəcəklər. Onları öldürənlər Allah qatında onlardan üstündürlər. Onlar qətli yaxşı bacaracaq, əməli isə pis edəcəklər. Onlar Allaha tərəf çağıracaqlar. Halbuki, onların Allaha heç bir yaxınlıqları olmayacaqdır. Əgər onlarla üzləşsəniz onları öldürün.» dedilər: "Ey Allahın elçisi! Onları bizə vəsf et!"...Buyurdu: Onların əlamətləri qırxmaq və təsbitdir.(yəni, saçı keçəlləmək). (Hakim, 2/147)

Qardaşlar! (Vəhb ibn Münəbbihin) «Sizi təəccübləndirəcəklər» kəlamına fikir verin. Təbii ki, (İŞİD-ə) onlara aldanan kimsələr təəccüblənir və(onlar da) təəccübləndirirlər, fitnəni və onun təbiətini sevmiş olurlar. «Onlar özləri də özlərindən təəccüblənəcəklər» kəlamı da feli olaraq bu günlərdə "İŞİD"-in Suriyadakı neft yataqlarını, İraqdakı əkinçilik sahələrini və hərbi silah-sürsat ələ keçirdikdən sonra başçıları Əbu Bəkr əl-Bağdadi İslam xilafətini elan etdi və cümə xütbəsi verdi. (tarix: 1435/9/6 hicri)

İndi isə Vəhb ibn Münəbbihin Zi Xovlənə Xəvariclər haqqında dediyi gözəl kəlama və nəsihətə qayıdırıq. (Onun kəlamı belə davam edir) : Əgər Allah xəvariclərin fikirlərini yürütmələrinə imkan versəydi, o zaman Yer üzü fəsada uğrayar, yollarda quldurluq baş alıb gedər və Allahın Müqəddəs Evinə (Kəbəyə) Həcc dayanardı və İslam elə bir hala gələrdi ki, cahilliyyə dövründə necə idisə o zamanlardakı kimi insanlar dağlara sığınmaqla nicat tapardılar....O zaman 10-20 nəfərlik dəstələr qalxar, hər biri özünü xəlifə hesab edər və onlara daha 10.000 dən çox döyüşçü qoşularaq bir biri ilə vuruşar və birinin küfüründə şahidlik edərdilər. Hətta elə vəziyyət yaranardı ki, mömin bir kəs öz canı, dini, qanı, ailəsi və mülkü haqqında qorxuya qapılar və hara və kimin yanınan gedə biləcəyini bilməzdi." (İbn Əsakir, Tarixi-Dəməşq, 63/383)

Məgər görmürsənmi bu kəlam bu günkü "əl-Qaidə", "İŞİD", "ən-Nusra" və başqa Xəvaric qruplaşmalarına ünvanlanmışdır?

Məgər bu gün müsəlmanlar Şamda və İraqda döyüşün, müharibənin və dağıntıların ucbatından uzaq-uzaq yerlərdən kömək gözləmirlərmi?

Məgər görmürsünüzmü "əl-Qaidə" parçalanıb, "ən-Nusra" və "İŞİD" qruplaşmaları bir-birindən ayrılıb və hər bir rəhbərin yanında öz qrupuna mənsub tərəfdarları var?! Hətta Usamə Ben Ladenin zamanında belə ondan ayrılmalar və (əl-Qaidənin daxilində) bölünmələr vardı.

Məgər görmürsünüzmü müsəlmanlar bütün bu qruplardan qorxu və təlaş içindədirlər və bilmirlər onlardan hansı doğru yoldadır?!
Bir də unutmayın ki, "İxvanul-Muslimin" camaatı da Xəvariclərin bir növüdür.
Bir sözlə İslam tarixində görülməyib ki, Xəvariclər davamlı bir qələbə qazansınlar.

(Qeyd: Buraya qədər hazırladığımız məqalə Əbu Fureyhan Camal ibn Fureyhan əl-Hərisinin (1435/9/9 hicri)-(2014/7/7 miladi) tarixində yazdığı məqalənin tərcüməsidir.

İNDİ İSƏ SİZƏ İSLAM ALİMLƏRİNİN "İŞİD" QRUPLAŞMASI HAQQINDA FƏTVA VƏ SÖZLƏRİNDƏN BƏZİLƏRİNİ TƏQDİM EDİRİK:

1 – Şeyx Allamə Saleh əl-Fovzan (hafizəhullah) onlar haqqında demişdir: "Müasir əsrin xavaricləri Qaramitlərə bənzər" (Qaramitlər zəlalət firqəsidir). – Onlar xəvariclərdən də pisdirlər.

2 – Şeyx Abbad (hafizəhullah)`dan (hal hazırda Mədinənin böyük, dəyərli alimidir) qondarma xəlifə Əbu Bəkr Bağdadiyə beyət edənlər haqqında soruşduqda o dedi: "Onlar şeytana beyət ediblər."

3 – Şeyx Saleh as Suheymi (hafizəhullah) buyurmuşdur :
-"Şəriətin Ənsarları - DAİŞ , elə bir aldadıcı addır ki, zahirən guya islamı yaymaq, həqiqətdə isə İslamın düşmənlərinə xidmətdədirlər". (Da'iş - ərəbcədir, azəri dilinə tərcümədə isə "İŞİD" deməkdir. Hal-hazırda "Xilafət" yaratdıqlarını elan edən bir təşkilatdır)

4 – Şeyx Saleh əs-Sindi (hafizəhullah) buyurmuşdur: "İŞİD`in Xəlifəliyini elan etdiyi Əbu Bəkr əl Bağdadi haqqında deyirəm: "Düşünmürəm ki, İslam tarixində nə vaxtsa halı naməlum olan bir şəxs xəlifə təyin olunsun."- "Mən düşünürəm ki, o kəslərin halı iki haldan biridir: Ya cahildirlər, ya da özlərindən başqa heç kəsi müsəlman görmürlər"

5 – Şeyx Səd əl Humeyd (hafizəhullah) buyurmuşdur :
"İŞİD qruplaşması təkfir etməyi və qan tökməyi cəm edib halal görür". Onlar elə bir şəhər yoxdur ki, ora daxil olub fəsad törətməsinlər."

6 – Şeyx Məhəmməd əl-Mədxəli (hafizəhullah) buyurmuşdur: "Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnə cihadıdır."

7 – Şeyx Abdul-Əziz Reys (hafizəhullah) buyurmuşdur: "Onlar (İŞİD) öz yoldaşları olan Cəbhə ən-Nusra ilə müharibə etdilər, xavariclərin halı belədir, öz aralarında müharibə edirlər."

Qeyd: Burada İŞİD haqqında danışan, onları xəvaric adlandıran sələfi şeyxlərdən bəzilərinin adlarını qeyd etdik. Hətta, zəlalət əhlindən olan hizbilərdən, ixavanlardan və başqalarından da xeyli sayda İŞİD`i Xəvaric qruplaşması elan edənlər vardır bunların adlarını qeyd etməyə lüzum görmədik.

Xülasə:

- Alimlər bu camaatı xavariclərdən hesab edirlər.
- Və bu firqənin zəlalətdə olduğunu, fəsad törətdiyini, üsyançı və qarətçi olduqlarını görürlər. Aydın oldu ki, bu ümmət Xəvariclər ətrafında cəm ola bilməz.

Bu mübarək Ramazan ayında Allahdan cavanlarımıza, gənclərimizə bəsirət verməsini, haqqı batildən ayırmağa müvəffəq etməsini, onları İslam düşmənlərinin hiylələrinə düşməkdən və öz əlləri ilə din pərdəsi altında bu ümməti yıxmaq bəlasından qorumasını istəyirik! Amin! Allahım bu məqaləni faydalı et və bizdən qəbul et!

Hazırladı:

Allahın rəhminə möhtac bəndə .

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1231 | Yüklədi: selefimedia