TÖVHİD`ə DEYİL, QƏBİRLƏRƏ TƏRƏF ÇAĞIRAN`ların "İDDİALARINA” RƏDDİYYƏLƏR.1-ci Hissə. - 17 Декабря 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Dekabr » 17 » TÖVHİD`ə DEYİL, QƏBİRLƏRƏ TƏRƏF ÇAĞIRAN`ların "İDDİALARINA” RƏDDİYYƏLƏR.1-ci Hissə.
10:30
TÖVHİD`ə DEYİL, QƏBİRLƏRƏ TƏRƏF ÇAĞIRAN`ların "İDDİALARINA” RƏDDİYYƏLƏR.1-ci Hissə.

TÖVHİD`ə DEYİL, QƏBİRLƏRƏ TƏRƏF ÇAĞIRAN`ların "İDDİALARINA” RƏDDİYYƏLƏR..

Ön söz

Bütün həmd və şükrlər – xeyir və şər yolunu öyrədərək, hansının Cənnət, hansının da, Cəhənnəmin yolunu tutduğu insanı qarışıq bir nütfədən yaradan və imtahan üçün ona eşitmək və görmək neməti verən Uca Allah`a məxsusdur..

Allahın iznilə insanları O`nun yoluna çağıran, haqqla müjdələmək və xəbərdar etmək üçün göndərilənlərin ən xeyirlisi, qaranlıqları aydınlığa çevirən parlaq bir işıq olan Rəsulullaha; dini təbliğ etmək kimi ağır və şərfli vəzifədə Ona dəstək və yardımçı olan, bu uzun yolda Allahdan başqa nə bir dost nə də, bir yardımçı tutmayan Əhli-Beytinə (Ailəsinə) və Səhabələrinə Salət və Salam olsun..


Məlumdur ki, İslam dini Tövhid dinidir.. Əsrlərdir ki, bu inanc qorunub saxlanılır və Qiyamətə qədər də, qorunub saxlanacaqdır.. Çünki, bu Allah`ın vədidir. Tövhidin ziddi Şirkdir. Şirk - müsəlmanın İslam`ını pozan ən böyük amil və ən böyük günahdır.. Yəqin ki, bu – artıq məsələnin nə dərəcədə ciddi olduğundan xəbər verir. Təəccüblü hal burasındadır ki, bu ciddi məsələlər bəzi müsəlmanların "dünyalarında" oyun-oyuncaq halına gətirilmiş və hətta parça-parça edilməyə çalışılmışdır. Edilən xəbərdarlıqlar inadkarcasına rədd edilmiş və hətta mübarizəyə belə qalxılmışdır. Bildiyimiz kimi, Şirk məhfumunun mənbəsi məhz qəbir məsələlərindən başlayır.. Çünki, Şirk məhz insanların qəbir sahiblərinə yönəlib, onlardan kömək diləməsi hadisələri ilə başlamışdır. Ta insanlığın başlanğıc nöqtəsinə qayıtsaq, TÖVHİD`in vahid bir inanc olduğunu görərik. Adəm`dən sonra da, bu inanc zədələnmədi. Təbərani və Hakim`in Peyğəmbərimizdən nəql etdiklərinə görə, 10 əsr hər kəs Tövhid inancında sabit qaldı. Hər bir insanın olduğu kimi, həmin dövrlərdə yaşamış olan saleh insanların da, həyatının sonu var idi. Təbii ki, bu hal (ölüm) ayrılıqdır. Ayrılıq isə, insanlara təsir edir.. Ölən insanlar çox önəmli, saleh, təqvalı insanlar olduqda, vəziyyət daha da təsiredici olur. O insanların necə (kamil) təqvaya çatdıqları araşdırılır, onların yoluyla gedilməyə çalışılır və beləliklədə həmin insanlara qarşı böyük bir məhəbbət yaranır. Bu məhəbbət, ya xeyrə, ya da şərə apara bilir.. Əgər onların tutunduqları əsaslardan (Allahın və göndərdiyi Elçinin buyurduq-larından) möhkəm şəkildə tutunularsa, o zaman bu məhəbbət fayda verər, insanı fəlaha qurtuluşa aparar.. Lakin, məcnunluq qüvvəyə minərsə, zehnlər şeytanın aldatma-calarıyla qarışarsa, o zaman şər qapısı açılar. O zamanlar da, vəziyyət məhz ikinci vurğuladığımız hal kimi oldu.. İnsanlar ölmüş saleh insanların şəkillərini çəkdilər, yaşadıqları məkanların üzərində tikililər tikməyə başladılar. Məqsəd onlara ibadət etmək idimi?. Xeyr. Əksinə, məqsəd Tövhidi daha da, gözəl şəkildə yaşamağa can atmaq idi. Əsas məsələlər isə, həmən nəsil yeni bir nəsillə əvəz olunduğu zamanlar baş verdi. Yeni nəsil öz ata-baba-larının etdiklərini başqa cür anladılar və ibadət etməyə başladılar.. Görürsünüzmü?Niyyət hara, sonluq hara. Məhz bu səbəbdən dolayı, İSLAM dini "Sədduz-Zərai" (pisliklərin qarşısını əvvəlcədən almaq) anlayışını ortaya qoydu. Buna görə də, İslam dinində qəbrlərin üzərini ucaltmaq, məqbərələr tikərək şəkillər, heykəllər həkk etmək qadağan olundu.. Çünki, hər şey birdən birə olmur. Mərhələ-mərhələ  nəticə hasil olur.

İslam dininin bu məsələyə bu cür mühafizəkar və sərt şəkildə yanaşmasına baxmayaraq, müsəlmanlar bu bəladan qurtula bilmədilər. Günahlar eyniylə təkrarlandı, dəyişən isə, yalnız adlar oldu. Hətta, Bidət və Şirk "ibadət" adı altında halallaşdırıldı (!). Allahın dinini olduğu kimi yaşamaq istəyən müsəlmanlar səmimi olduqlarının mükafatını alaraq yoldan azmadılar..\ Lakin, səmimi olmayıb, inadkarlıqla həvasına uyan hava əhli, qarşı cəbhədə silahlandı və özləri belə bilmədən, Rəsulullaha qarşı savaş açmış oldular. Təfriqələr salaraq, Ümməti çaşdırmağa çalışan bu dəccallar, əsassız olaraq ortaya atdıqları şübhələrlərlə gündəmə gəldilər. Lakin, Quran və Peyğəmbərimizin Səhih hədislərindən ibarət olan Sunnə qarşısında daima aciz qalmış, qalır və qalacaqlar..\ Çox uzatmayaraq, məsələnin əsasına keçmək istəyirəm. Biz bu yazımızda, -inşəallah- bidət əhlinin əllərində bayraq etdikləri bir neçə şübhələrinə cavab verəcəyik. Ən çox çalışdığımız məsələ isə, mövzunu ədalətli bir şəkildə təhlil edərək doğru olan görüşləri bəyan etməkdir. Bunun üçün, bütün gətirdiyimiz məsələləri çox həssas bir şəkildə incələyərək aşağı sətirlərdə mənbələrini qeyd etmişik. Hazırladığımız bu mətni oxuyarkən məsələlərin tam anlaşılması və düzgün fiqh edilməsi üçün, rəqəmlərlə işarələdiyimiz notların (aşağı sətirlərdə) diqqətlə oxunmasını tövsiyyə edirik. Müvəffəqiyyət Allah`dandır.



Bidət əhli, ortaya belə bir şübhə atır: "VƏFATINDAN SONRA PEYĞƏMBƏRLƏ TƏVƏSSÜL ETMƏK, ONA SƏSLƏNİB DUA ETMƏK – yəni, İSTİĞASƏ - CAİZDİR."


Dəlillərinə baxaq:

"..Osman ibn Huneyf əl-Ənsari (رضي الله عنه
) rəvayət edirki:
Bir nəfər Peyğəmbərin (عليه الصلاة والسلام
) yanına gələrək belə dedi:
- Ey Allahın Elçisi, mənə sağlamlıq və rahatlıq bəxş etməsi üçün Allah`a dua et.
Peyğəmbər (عليه الصلاة والسلام
) belə buyurdu:
- İstəyirsən, sənin üçün dua edim, yada (istəsən) səbr et.. Bil ki, bu, sənin üçün daha xeyirlidir..
Həmin adam :
- Dua et - deyincə, Rasul (عليه الصلاة والسلام
) belə buyurdu:
- Gözəl bir şəkildə dəstəmaz al və belə dua et: "Allahım, Səndən istəyirəm və Rəhmət Peyğəmbərin (olan) Muhəmməd ilə Sənə yönəlirəm. Mən bu ehtiyyacım üçün Allaha yönəldim. Allahım, Onu mənim üçün şəfaətçi et!."
(1)


Bu iddianın cavabı:


Bu hədisdə Peyğəmbərin (عليه الصلاة والسلام
) vəfatından sonra Ona səslənib, dua edərək təvəssül etmənin caiz olduğuna dair heç bir dəlil yoxdur.
Birincisi - Hədisdə Peyğəmbərdən bir şey istənilmir, sadəcə Onun vasitəsilə Allah`a yönələrək O`ndan (Allahdan) istənilir. İstəmə məqamı Peyğəmbərlərə, İmamlara, Övliyalara və qeyrilərinə deyil, yalnız Allah`a məxsusdur.
İkincisi - Hədisdə Peyğəmbərimizin hüzuruna gələn kimsə, Onun zatıyla deyil, dua və şəfaəti ilə Allaha üz tutmuşdu. Bunu həmin hədisdəki bu sözlər isbat edir: "Allahım, Onu mənim üçün şəfaətçi et".  Yəni, həmin insanın istəyi, Peyğəmbər duası almaq idi. Əks halda, onun Peyğəmbərin hüzuruna gəlməsinin bir mənası olmazdı, harada olursa olsun, çətinliyə düşərkən vəya hər hansı bir ehtiyyac anında bəzi Sufi və Rafizilərin etdikləri kimi, Onu səsləyərək, yardım istəyərdi. Səhabələrin Peyğəmbər vasitəsilə təvəssül adəti bu cür idi. Onlar, Peyğəmbərin yanına gələr, Ondan özləri üçün dua etməsini istəyər, (duanın) qəbulunu isə, Allah`dan diləyərdilər. Buna ən gözəl dəlil kimi bu hədisi göstərmək olar:
"..Ənəsdən rəvayət olunur:
Ömər (رضي الله عنه
) qıtlıq zamanı, yağış yağması üçün Abbas ibn Abdulmutallib`in yanına gəlib, onunla təvəssül edərək, belə deyərdi:
- Allahım, biz Sənə (həyatda olarkən) Peyğəmbərin vasitəsilə təvəssül edərdik, Sən də, (duamızı qəbul edərək) yağış yağdırardın.. İndi isə, Peyğəmbərin əmisi vasitəsilə təvəssül edirik, bizə yağış neməti bəxş et!.."
(2)
Üçüncüsü - Əgər Peyğəmbərin vəfatından sonra, Onun zatıyla təvəssül etmək icazəli olsaydı, səhabələr bunu edərdilər. Əshabın belə bir əməl etməməsi, bu əməlin sonradan çıxarılmış bir BİDƏT olduğunu isbat edir. Elə bu səbəblə də, Səhabələr qıltlıq zamanında Abbas b. Abdulmutallib, Yezid ibn`ul Əsvad əl-Curaşi və başqalarının duaları ilə təvəssül etmişdilər..
(3)


Şübhə əhlindən bir nəfər ortaya çıxaraq belə bir şübhə ortaya ata bilər:
"Beyhəqi belə bir hədis rəvayət etmiş və hədisdə Osman ibn Huneyf, 3-cü Xəlifə Osman ibn Əfvan (رضي الله عنه
) zamanında (yəni, Peyğəmbərin vəfatından sonra) hədisdə adı keçən adama bu cür dua etməsini əmr etmişdi". (4)
Buna belə cavab veririk: Əvvəla, (hədisə edilmiş) bu əlavə münkərdir, səhih deyildir.  Bu rəvayət, Şəbib ibn Səid əl-Həbəiti
(5) adında bir ravi tərəfindən rəvayət edilmişdir. Bu ravinin çoxlu sayda münkər rəvayətləri mövcuddur..Ən düzgün hədisi, oğlunun (özündən) rəvayət etdiyi (Yunus ibn Yezid əl-Əyli nüsxəsindən Zuxri  -vəf. hicri 124-  yoluyla rəvayət edilmişdir.) hədisdir. Bizim müzakirə etdiyimiz hədis isə, həmin nüsxədən deyildir. Həmçinin, adı zikr olunmuş bu ravi, (ondan) daha siqa (etibarlı) olan ravilər olan Şu`bə (vəf: h.160) və Həmmad ibn Sələməyə (vəf: h. 167) qarşı müxalifəti ilə diqqəti çəkir. Çünki, bu iki ravi hədisdə həmin ziyadəni (əlavəni) etməyiblər. Beləliklə də, həmin əlavənin Şəbib İbn Səid tərəfindən əlavə edilmiş bir münkər olduğu aydın olur. (6) Bundan əlavə, belə rəvayətlərdəki hekayə səhih olsa belə, Şəri bir xüsusun sübutu üçün əsla yetərli deyildir. Bu qəbul olunmuş bir qaydadır ki, İbadət, İbahə, Vucub vəya Təhrim ilə əlaqəli olan məsələlərdə Səhabələrin birindən rəvayət edilib, digər Səhabələrin ittifaq etmədiyi və Peyğəmbərdən sabit olmuş rəvayətə zidd olduğu bir vəziyyətdə - hökm yuxarıdakı kimidir. Belə bir məsələ müsəlmanlar üçün, tabe olunması zəruri olan bir Sünnə hökmünə girə bilməz. (7)



İkinci iddia - Ölülərlə istiğasə etməyin caiz olmasına dair:
"..(Musanın) adamlarından olan kəs, düşməninə qarşı ondan yardım istədi.." (Qasas, 15) - ayəsini və Qiyamət günündəki şəfaətlə bağlı uzun bir hədisi dəlil gətirməyə çalışırlar. Həmin hədisdə insanların Allah qatında özlərinə şəfaət diləməsi üçün Peyğəmbərdən (عليه الصلاة والسلام
) istiğasə diləmələri haqqında danışılır. (8) Həmçinin, Buxari`nin rəvayət etdiyi Hz. İbrahim və Həcər  hekayəsində Həcər`in : "..səndə bir xeyr və ğivas (yardım edəcək bir şey) varsa, (yardım et).." - sözünü dəlil olaraq gətirirlər.(9)

Bu iddianın cavabı..


Bu iddiaya bir neçə yöndən cavab vermək olar..

1. Haqqında danışdığımız istiğasə və yardım istəmək, ölüdən vəya üçüncü bir şəxsdən deyil, həyatda və (yardım etməyə) qadir olan bir kimsədən istənilir.
Ayədə, İsrail oğullarından bir nəfər Musa`dan (عليه السلام
) yardım istəyir. Bidətçilərin iddialarını rədd edib, bellərini qıran məqam isə, həmin adamın bu yardımı Musa Peyğəmbəri (عليه الصلاة والسلام) gördüyü halda istəməsidir. Həcər`in () sözləri də, eynilə bu qəbildəndir. Qiyamət günü insanların Rasulullah`dan (عليه الصلاة والسلام) istiğasə istəmələri də, Uca Allah`dan dua və şəfaət istədikləri , Allah`ın bu vəzifəni (şəfaət) Öz Elçisinə məhz həmin gün verəcəyi üçün gerçəkləşəcək. Həyat və ölümü bir-birilə eyniləşdirmək nə qədər də çirkin bir iddiadır.
2. Yuxarıda vurğuladıqlarımız, məsələni gün kimi aydın etsə də, burada fərqli bir məqamı da zikr etmək yerinə düşərdi. Qeyd olunmuş ayədə (Qasas, 15) İsrail oğullarına mənsub olan bir şəxs haqqında xəbər verilir. Qeyd etmək lazımdır ki, bu şəxsin əməlləri əslən heç dəlil belə ola bilməz. Bu ayə bunu isbat edir: "..Sən doğrudan da, açıq-aşkar bir azğınsan.." (Qasas, 18)
(10) Həmçinin, heç Həcər`in () sözü də (əgər iddia edildiyi kimi olsaydı belə) dəlil ola bilməz..



Üçüncü iddia - Peyğəmbərin (عليه الصلاة والسلام) qəbrinin yerləşdiyi yerə gedib, O`ndan istiğfar diləmənin caizliyinə dair bu ayəni dəlil olaraq göstərirlər:
"..Halbuki, onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də, onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.." (ən-Nisa, 64)
(11)

Bu ayəylə yanaşı, Utbi (vəf. h. 228) tərəfindən nəql edilən bir bədəvi hekayəsini da, ortaya atırlar. Bu hekayəyə görə, bir bədəvi Rasulullah`ın (عليه الصلاة والسلام
) qəbrinə getmiş, yuxarıda zikr edilən ayəni oxumuş və belə demişdir: "..Ey düzənlikdə dəfn edilmişlərin ən xeyirlisi!.. Qoxusu düzənlikləri, təpələri bürüdü, Sənin olduğun qəbrə canlar fəda!.. İffət, cömərdlik, kərəm oradadır.." Həmin hekayəyə görə, bu sözləri söyləyən bədəvi, yuxusunda Peyğəmbəri (عليه الصلاة والسلام) görmüş və Allah tərəfindən bağışlanıldığına dair müjdə almışdır. (!) (12)


Bu iddianın cavabı.

Haqqında danışılan bu ayəylə əlaqədar olaraq irəli sürülən iddiaların batil olması bir neçə yöndən izah edilə bilər:
1. Ərəb dili qaydalarında əsasən, "izə" ədatı gələcək zamanla əlaqəli zərf rolu oynayır. Ayənin mətnində keçən "iz" ədatı isə, keçmiş zaman məqsədi daşıyır. Məşhur dilçi alim İbn Munzir`in "Lisanu Arab" -da vurğuladığı kimi, digər dilçi alimlər də, eyni qaydanı gətiriblər.
(13)

Bu ayədə, Peyğəmbər (عليه الصلاة والسلام
) zamanında baş vermiş bir hadisədən söhbət açılır. Həmçinin, bu ayələrdə də, buna bənzər məsələlər zikr edilməkdədir: "..Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular.." (Ənfal, 30) ; "..O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli, (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi.." (Əhzab, 13)

Aydındır ki, "iz" ədatı, ancaq "təra" feilindən sonra gəldikdə, gələcək zaman forması üçün zərf ola bilər. Bu halda da, Qiyamətlə bağlı mövzulardakı kimi, gələcəyə aid olduğu bilinən xüsuslarla əlaqəli olur. Misal olaraq, Uca Allah bir ayədə belə buyurur: "..Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!.." (Ən`am, 27)

2 - Səhabələr bu ayəni Peyğəmbərimizin HƏYATDA OLDUĞU ZAMANA aid olaraq anlamışdılar. Məhz bu səbəbdən də, Rəsulullah (عليه الصلاة والسلام
) vəfat etdikdən sonra, HEÇ BİRİSİ Onun qəbrinin yanına gedib: "Ey Allahın Elçisi, filan-filan əməllər etdim, mənim üçün (Allah`dan) məğfirət (bağışlanma) dilə!.." - deməmişdir. Səhabələrin belə bir əməl etdiklərini deyən kimsə, Səhabə, Tabiin və onlardan sonra gələnlər haqqında açıq-aydın yalan söyləmiş və böhtan atmışdır. Çünki, onlar mütləq mənada ən xeyirli nəsil idilər. Allahu-Təalə, hər hansı bir Şər`i əməli gizlədib, əhəmiyyət verməyib, əməl etməyənləri, qınadığı və belə bir halı nifaq əlaməti saydığı halda, necə ola bilər ki, ən xeyirli insanlar bu cür bir vəzifəni icra etməkdən uzaq dursunlar??
Axı necə ola bilərki, hədis, fiqh və təfsir elmlərində yüksək elmi səviyyədə olmuş, Din`də hər kəsi ötüb keçmiş olan, insanlığı hidayətə dəvət edən və Ümmət içərisində bəlli bir məqama sahib olan İmamlar belə bir vacib və əzəmətli bir əməldən xəbərsiz qalsınlar?!
Necə ola bilər ki, insanları bu vacib əmələ dəvət etməyib, yönləndirməsinlər?!
Elm əhlindən heç biri belə bir şey etməmişdir. Bu cür sözlər söyləyib, şübhə toxumları atan dəccallar elm əhlindən sayılmayan və insanların gözündə heç bir önəm dəyər ifadə etməyən kimsələrdir.
(14)

Doğrusu, buna heyrət edirik! Peyğəmbər (عليه الصلاة والسلام
) həyatda olarkən Ümmət günah işləyərək özünə zülm edir, sonra istiğfar etməsi üçün Peyğəmbərin yanına gəlmələri əmr edilir və bu dəvətə uymayanlar qınanırdı lakin, Peyğəmbər (عليه الصلاة والسلام) vəfat etdikdən sonra, Ümmət tamamilə islah oldu, zülm ortadan qalxdı, onlardan (Səhabələrdən) heç birisi istiğfar (bağışlanma diləyi) üçün Rəsulullah`ın yanına (yəni, qəbrinə) getmədi (?) Bu inandırıcıdırmı? Bütün bunlar isbat edir ki, irəli sürülən görüşlər qəbuledilməz və batildir.(15)
Bədəvi hekayəsi olaraq rəvayət edilən qissa isə, açıq-aydın bir isnadı olmayan və ravilərinin kim olduqları bəlli olmayan çox saylı uydurma hekayələrdən biridir. Utbi bu hekayəni isnadsız olaraq rəvayət etmişdir. Bəzilər isə, isnadsız formada olmasa belə, batil və muzlim bir isnadla rəvayət etmişdir. Ancaq hər bir halda bu cür rəvayətlərdə Şər`i bir hökm, qətiyyən sabit ola bilməz. Qəbrpərəstlərin "kitabxanalarında" buna bənzər bol miqdarda qissa və rəvayətlərə rast gəlmək mümkündür. Subhənallah! Kitab, Sunnə və Sələf`in əməlləri ilə göstərilən açıq-aydın bir yol, heç bir əsli olmayan bir bədəvi qissası uğrunda tərkmi ediləcək?!..

3 - Peyğəmbərin qəbrinin yanına gəlmək xüsusunu yuxarıda qeyd etdiyimiz ayəylə "dəlilləndirmələri”, Əhməd, Əbu Davud və "əl-Əvsaf"da Təbərani tərəfindən rəvayət edilən "..qəbrimi bayram yerinə çevirməyin!.."
(16)
hədisiylə ziddiyyət təşkil edir. Əgər qəbrə getmək günahkarlar üçün doğru olsaydı (not: Aydındır ki, qəbrləri ziyarət etmək icazəlidir. Məqsəd isə, ölümü xatırlayıb, ibrət almaqdır. Burada isə, söhbət qəbrə gedərək, qəbrdəki insan vasitəsilə təvəssül etməkdən gedir – m.), qəbr günahkarlar üçün bayram yerinə çevrilərdi. Bu isə, Peyğəmbərin (عليه الصلاة والسلام) dediyi sözə açıq-aydın bir şəkildə tərsdir. (17) Bayram, insanların (müəyyən bir gündə) bir yerə toplaşdıqlar zaman vəya məkana deyilir. (18)




Dördüncü iddia -
 Rəvayət edildiyinə görə, İmam Malik (vəf. hic. 179), Möminlərin Əmiri Abbasi Xəlifəsi Əbu Cəfər Abdullah b. Muhəmməd b. Əli əl-Mənsur (vəf. h. 158) ilə Məscid`un-Nəbəvi`də (Peyğəmbər məscidi. Mədinə) münazirə etmiş və: " - Ey möminlərin Əmiri! Bu məsciddə səsini yüksəltmə! Çünki, Allahu-Təalə bir qrup insana ədəb qaydalarını öyrədərkən: "..Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın.." (Hucurat, 2) bir camaatı tərifləyərkən: "..Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir.." (Hucurat, 3) və bir camaatı qınayarkən isə: "..Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir.." (Hucurat, 4) - deyə buyurmuşdur. Onun ölüsünə hörmət (etmək), dirisinə hörmət kimidir." - demişdi.. Bundam sonra Əbu Cəfər əl-Mənsur susdu və "- Ey Əbu Abdullah (İmam Malik)!.. Dua edərkən qibləyə yönəlim, yoxsa, Rəsulullaha doğru?" - deyə sual verdikdə, İmam Malik belə cavab verdi:
" - O, Qiyamət günü həm sənin üçün, həm də baban Adəm üçün vəsilə olacaqkən, üzünü niyə O`ndan çevirəsənki! Əksinə, üzünü Ona tərəf çevir və Onun sənə şəfaət etməsini dilə ki, Allah Onu sənin üçün şəfaətçi etsin. Çünki, Uca Allah buyurur: "..Halbuki onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.." (Nisa, 64)
(19).



Bu Şübhənin Cavabı..
 
Bu şübhəyə bir neçə yöndən cavab vermək mümkündür:

1- Dəlil olaraq irəli sürdükləri digər hekayələr kimi bu hekayə də əsassız, batil bir hekayədir. Çünki bu hekayənin nəyinki səhih, hətta zəif bir isnadı belə yoxdur. Qazi İyad bu hekayəni "əş-Şifə" adlı əsərində Məhəmməd b. Humeyd ər-Razi`dən (vəf: h. 248) batil bir isnadla nəql etmişdir. Üstəlik, Məhəmməd b. Humeyd ər-Razi
(20), İmam Malik`in (vəf: h. 179) yaşadığı dövrdə yaşamamışdır. Bununla yanaşı,  hədis oğruluğuyla məşhurdur və Əbu Zura (vəf: h. 264), İbn Hiraş (vəf: h. 283) və Salih əl-Cəzəra (vəf: h. 293) tərəfindən təkzib edilmişdir (21).

 
2- Şübhəsiz ki, bu, İmam Malik`ə isnad edilən uydurma bir hekayədir. Çünki:
 a) Zikr olunan hekayə həm İmam Malik`in həm də, digər imamların məzhəbinə zidddir. Çünki bütün imamlar, Peyğəmbər`ə (عليه الصلاة والسلام
) Salam verib, ardından dua etmək istəyən kimsənin -Səhabələrdən də, nəql edildiyi kimi- qibləyə doğru dönəcəyi haqqında ittifaq ediblər. Beləliklə də, bu ifadələrin İmam Malik`in məzhəbinə müxalif və yalan olduğu aydın olur (22). Buna bənzər bir şəkildə -  İmam Malik haqqında uydurulan növbəti bir yalan və böhtan olaraq, onun qopuz çalıb, mahnı oxuduğunu belə iddia olunub (23). Bu çox gülüncdür, elə deyilmi?
 b) Abdir-Rahmən b. Qasim (vəf: h. 191) "əl-Mudəvvanə"də nəql edir ki, İmam Malik Sunnəyə olan hərisliyi səbəbiylə (" - Məscidini ziyarət etdim.." -demək əvəzinə) " - Peyğəmbər`in (عليه الصلاة والسلام
) qəbrini ziyarət etdim" -deyilməsini belə məkruh sayardı. Bu halda yuxarıda qeyd olunmuş bu hekayə hansı cürətlə dəlil göstərilə bilər?!


Beşinci İddia:
 
Peyğəmbər`in (عليه الصلاة والسلام
) qəbrində də, diri olmasının və bu mövzuda hətta icma`nın olmasının iddia edilməsi, növbəti bir şübhədir. Bu fikirlərini və iddia etdikləri İcma`nı, Peyğəmbər`dən (عليه الصلاة والسلام) bir şey diləmələrinin və İstiğasə etmələrinin dəlili olaraq təqdim edirlər. Rəsulullah`ın qəbrində də, canlı olduğuna dəlil olaraq bunları dəlil gətirirlər:

1- Əhməd və Əbu Davud, Peyğəmbər`in (عليه الصلاة والسلام
) belə buyurduğunu rəvayət edirlər: "..Kim mənə Salam versə, şübhəsiz Allah ruhumu mənə geri verər ki, onun salamına qarşılıq verə bilim..." (24)
Qəbrpərəstlər bu rəvayətin Peyğəmbərimizin qəbrində də, diri olduğuna dair dəlil olduğunu iddia edirlər.
 
2 - Allahu Təalə`nin ayədə: "..Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur.." (Ali İmran, 169) - buyurduğu kimi - şəhidlər də, qəbrlərində diridirlər. Peyğəmbərlər onlardan daha fəzilətli olduqları üçün, onlar da qəbrlərində diridirlər.

3 - Peyğəmbər`in (عليه الصلاة والسلام
) vəfatından sonra (Onun) xanımlarıyla evlənmək halal deyil. Çünki, Uca Allah belə buyurur: "..Sizə Allah`ın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!.." (Əhzab, 53) Peyğəmbər qəbrində diri olduğu üçün, xanımları hələ də, Onun ismətindən hesab olunurlar. Bu səbəblə də, belə bir nigah qadağan edilmişdir.

4 - İmam Muslim, Peyğəmbər`in (عليه الصلاة والسلام
) Musa`nı qəbrində namaz qılarkən gördüyünü rəvayət etmişdir (25).  Bu rəvayət, Musa Peyğəmbərin (عليه الصلاة والسلام) qəbrində də, diri olduğuna dəlalət edir. Bizim Peyğəmbərimiz isə, Musa`dan (عليه السلام) daha fəzilətlidir. Bunun isə, nəyi gərəkdirdiyi, artıq məlumdur.
 
5 - Əbu Yə`lə, Bəzzar və digərləri Peyğəmbər`in (عليه الصلاة والسلام
) bu sözünü rəvayət edirlər: "..Peyğəmbərlər qəbrlərində diridirlər, namaz qılırlar.." (26)
 

Bu Şübhənin Cavabı..

Ardı burada....( link )

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 776 | Yüklədi: selefimedia