TƏBƏRRÜK. - 7 Ноября 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Noyabr » 7 » TƏBƏRRÜK.
09:25
TƏBƏRRÜK.

Təbərrük.


Hər bir kəs şirkin nə olduğunu, hansı əməllərin şirk olduğunu bilməlidir. Çünki Uca Allah şirki bağışlamayacağına dair söz vermişdir.

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ

- "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar.” [Nisa, 48]
Başqa ayədə buyurur:

وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

- "Biz Sənə və səndən əvvəlkilərə belə vəhy etdik ki: "Əgər şərik qoşsan, bütün əməlin zay olar və mütləq ziyana uğrayanlardan olarsan.” [Zumər,65]

Bu ayə göstərir ki, Allahu təalə bu məsələ də heç kəsə güzəşt etməz, hətta sevimli Peyğəmbəri də Allaha şərik qoşsaydı, onun bütün əməllərini zay edərdi.

Yəni, bir kəs əlli il ibadətlə məşğul olar, sonunda "Ya filankəs” deyib, Allahdan qeyrisini çağırarsa, onun əlli il etdiyi ibadət puça çıxar.

Onun üçün hər bir müsəlman, hansı əməlin Tövhidə xələl gətirib, onu pozduğunu şəkildə bilməli və ondan çəkinməlidir. Kiçik şirk, yaxud böyük şirk- fərq etməz, hər ikisi çox təhlükəlidir.

Təbərrük

Təbərruk- Bərəkət tələb etməkdir. Bərəkətin mənası isə, xeyirin çox və davamlı olması deməkdir. Təbərrük deyildikdə, yəni davamlı xeyiri tələb etmək və bunu rəca etmək anlamına gəlir.

Bu cür təbərrük yalnız Allahdan istənilməlidir, çünki bunu bəxş edən Allah təaladır. Yəni, bu cür təbərrük Allahdan afiyət, kömək və s. bu kimi şeylər istəmək mislindədir, bunlar yalnız Allahdan istənildiyi kimi, eləcədə təbərrük Allahdan istənilməlidir.

Və bir şeyin mübarək olması üçün, yalnız Allah təala onu mübarək etməlidir, necə ki Allah təala buyurur:

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ

"Harada oluramsa olum, məni mübarək etdi” [Məryəm, 31]

Həmçinin İbrahim salavatında keçdiyi kimi,

"Va Bərik Alə Muhammədin va alə əli Muhamməd”

Və bununlada məlum olur ki, bir şeyi bərəkətli edən və ona bərəkət verən Allah təaladır.

Uca Allahın veriyi bərəkət iki qismdir:

1-Dini bərəkət və
2-Dünyəvi bərəkət

Dini bərəkət-, itaət, iman, savab və s. bu kimi şeylərə qayıdır. Məs: Allahın evi: Allah təala buyurur:

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا

- "Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.”[Ali İmran, 96]

Yəni bu evin yanında Allaha ibadət etməklə günahların bağışlanması və savablar hasil olur.

Dünyəvi bərəkət isə: Məs Allah təala buyurur:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ

- "Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq.” [Əraf, 96]

Bəzən isə bir şeydə bu ikisidə cəm olur, məs: Quranda. Allah təala bu quran haqqında xəbər verir ki

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ

- "Biz bu mübarək kitabı nazil etdik ki, ayələrini tədəbbür edəsiniz.” [Sad, 29]

Bu ayə görsədir ki, Quranda dini bərəkət vardır, belə ki onu tədəbbür etməklə savab, hidayət, günahların bağışlanması və.s bu kimi şeylər hasil olur.

Həmçinin bu Quranda dünyəvi bərəkət də vardır, belə ki bu Quranda şəfa var, necə ki Allah təala buyurur:

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ

- "Biz bu Qurandan şəfa nazil etdik.” [İsra, 82]

Həmçinin Uca Allahın bərəkət verdiyi digər şeylərə onlar bir neçə qismə bölünür:
- Məs: Zamanlar, məkanlar, heyətlər və şəxslər.

Məkanlardan məsələn: Məscidul Haram və ya Peyğəmbərin məscidi, hansı ki, orada qılınan namazın savabı qat qat artıqdır.

Zamanlardan isə: Qədr gecəsi və ya Ramazan ayı bunlar mübarək zamanlar sayılır.
Heyətlər isə: Yemək yeyərkən birləşmək, yəni cəm yemək, çünki burda bərəkət vardır.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki:

اجْتَمِعُوا عَلَى طَعَامِكُمْ ، وَاذْكُرُوا اسْمَ اللهِ عَلَيْهِ يُبَارَكْ لَكُمْ فِيهِ.

- "Yeməyinizdə birləşin, Allahın adını zikr edin, onunla sizə bərəkət versin.”
Həmçinin müəyyən zatlar var ki, bərəkətlidir. Məs: Möminin zatı, yəni onun imanına görə, itaətinə görə və.s. Necə ki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

إِنَّ مِنَ الشَّجَرِ لَمَا بَرَكَتُهُ كَبَرَكَةِ الْمُسْلِمِ

- "Ağacların içərsində elə bir ağac var ki, onun bərəkəti müsəlmanın bərəkəti kimidir.”

Və Müsəlmanların içində ən çox bərəkəti olan, şəkk yoxdur ki, Peyğəmbərimizdir (sallAllahu aleyhi və səlləm). Və bizim Peyğəmbərimizdə (sallAllahu aleyhi və səlləm) elə xüsusi şeylər var idi ki, bu ümmətdən digər insanlarda bu yox idi. Yəni Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) zatında elə bərəkət var idi ki, onun əsəri başqalarına keçirdi. Məs: Kim ona toxunardısa saçına bədəninə və ya dəstəmaz aldığı suyuna bununla bərəkət hasil olardı.

Ona görə də çox saylı hədislərdə varid olmuşdur ki, səhabələr Peyğəmbərlə (sallAllahu aleyhi və səlləm) və ondan ayrılan bir şeylə, və ya onun toxunduğu bir şeylə təbərrük edirdilər.

Sual:
- Bu hökm Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sağlığına aid idi, yoxsa bu hökm onun ölümündən sonra da qalmışdır?

Cavab:
- Bu hökm onun ölümündən sonraya da aiddir. Və bu barədə səhabələrdən və tabiinlərdən çox saylı əsərlər vardır. Onlar Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) paltarı, saçı və s. bu kimi şeylər ilə təbərrük edirdirlər.

Sual:
- Bu əsrdə yəqin olaraq bilinirmi ki, Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) hansısa əsər mövcuddur?

Cavab:
- Xeyr! Qəti olaraq Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əsəri adlandırılası bir şey yoxdur! Dövrümüzdə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əsərindən heç bir şey yoxdur ki, onunla təbərrük olunsun.

Sual:
- Bu məsələ Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) başqasına qiyas olunurmu?

Cavab:
- Bu məsələdə bəzi insanlar xətaya yol vermişdir, beləki onlar salehləri, övliyaları Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) qiyas edərək, bunun onlara da aid olduğunu iddia etmişdirlər.

Şəkk yoxdur ki, bu qiyas batildir, məgər yer üzündə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) tayı –bərabəri olan bir adam varmı? Təbii ki, yoxdur!
Hər üç xeyirli nəsildən (Səhabə, Tabiin, ƏtbəitTabiin) gələn icma bu cür qiyası batil etmişdir!

Çünki onlardan bu cür təbərrükün Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) başqa digərinə edilməsi haqqında heç bir dəlil varid olmamışdır.
Səhabələr və ya tabiinlər nə Əbubəkrlə, nə də digər Cənnətlə müjdələnmiş səhabələr ilə təbərruk etməmişdirlər. Əgər bu xeyirli bir iş olsaydı, şübhəsiz ki, onlar bizi qabaqlayardılar.

Təbərrük- hökm baxımından iki qismə bölünür:

- İcazə verilən təbərruk
- Qadağan olunmuş təbərruk

İcazə verilən təbərruk:
İcazəli təbərrukun da üç əsası mövcuddur:

1- Onda bərəkət olduğunu şəriət təsdiqlədiyi halda, bərəkət götürmək. Çünki bir şeydə bərəkətin olması qeybi məsələ olduğdan, mütləq onu şəriət təsdiqləməlidir.

2- Keyfiyyətini şəriət təsdiqləməlidir. Məs: Bir insanın qədr gecəsindən bərəkət götürməsi. Çünki qədr gecəsinin bərəkətli gecə olduğunu bilirik və saleh əməllə bərəkətlənmək olar, çünki buna şəriət dəlalət edir!

3-Bərəkət tələb etmək səbəbi tərəfdən olmalıdır. Yəni, etiqad edilməlidir ki, həqiqətən bərəkəti verən Allah təaladır, ona isə səbəb kimi baxılmalıdır.

Necə ki hədislərin birində varid olub ki, İbn Məsud Peyğəmbərlə (sallAllahu aleyhi və səlləm) səfərlərin birində dəstəmaz almaq istədikdə, su az olur. Bu zaman Peyğəmbər (sallAllahu aleyhi və səlləm) qab tələb edir və qab gətirilir içərsində isə su az olur. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) əlini qaba qoyur və ya əlini qabın içinə salır və birdən peyğəmbərin (sallAllahu aleyhi və səlləm) barmaqları arasında sular axır. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki:

حَيَّ عَلَى الطَّهُورِ الْمُبَارَكِ وَالْبَرَكَةُ مِنَ اللهِ

- "Təmiz və bərəkətli olan bir suya gəlin, bərəkəti Allahdandır.”

Ona görə də bərəkətin Allah tərəfindən verilməsinə etiqad etmək vacibdir. Məs: İnsan dərmanı səbəb kimi qəbul edir, lakin bununla yanaşı etiqad edir ki, şəfanı verən Allahdır.

Qadağan olunan təbərruk:

- Yuxarıda keçən üç əsasdan biri olmayan təbərrük qadağan olunan təbərrukdur.
Məs: Kimsə söyləsə ki, "Mən peyğəmbərin mövlud günü bərəkət əldə edirəm, o gecə çoxlu ibadət edirəm, savab əldə etməyə çalışıram.” Bu artıq qadağan olunan təbərrukdur. Çünki həmin kəs o günü xüsusiləşdirərək, o gündə bərəkət olmasını söylədi. Buna isə şəriətin təsdiqlədiyi heç bir dəlil olmadığından, bu cür təbərruk etmək qadağandır.

Həmçinin, bir kəs Peyğəmbərin (sallAllahu aleyhi və səlləm)

تَسَحَّرُوا فَإِنَّ فِي السَّحُورِ بَرَكَةً

"Səhur edin çünki səhurda bərəkət vardır” - hədisini dəlil gətirərək, desə ki, mən səhurla bərəkətlənirəm. Ona bu cür cavab verilir ki, bəli səhurda bərəkət var, lakin şəriətdə bu cür təbərruk etmək varid olmadığından, bu cür etmək düzgün deyildir.
Eləcə də, Uca Allah öz evinin mübarək olduğunu söyləmişdir. Lakin bir kimsə həmin evin sətirlərinə oxunub, bərəkətləndiyini iddia etsə, bu düzgün olmayacaqdır, çünki şəriətdə bu keyfiyyətdə təbərruk varid olmamışdır.

Eləcə də Həcc ziyarətdində çoxları əlini qara daşa sürtüb, sonra bədəninə sürtərək təbərruk edirlər. Bu qadağandır. Çünki şəriətdə bu cür etmək gəlməmişdir, daşa əl vurmaq təbərruk baxımından deyil, Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) tabe olmaq baxımından edilir.

Əksər zəlalət əhli, icazəli təbərrukun üçüncü əsasını tərk ediblər, yəni məsələyə səbəb tərəfdən baxmayaraq bir başa qəbirlərdə, məşhədlərdə bərəkət olduğuna etiqad edirlər. Məhz bu səbəbdəb Sufi və ya Rafizilər birbaşa qəbrdən bərərək istəyir və qəbr sahibinin onların şikayətlərini, ehtiyac və tələblərini Allaha qaldırmasını istəyirlər.

Bu cür təbərrük qadağandır və burada artıq icazə verilən təbərrükün üç şərti də düşmüşdür. Çünki heç bir dəlil yoxdur ki, filan qəbrdə bərəkət vardır, həmçinin bu keyfiyyətə də heç bir dəlil yoxdur, həmçinin bu cür bərəkət Allahdan qeyrisindən istənilən bərəkətdir. Yəni artıq səbəb kimi yox bir başa bərəkəti qəbrdən istəyir. Yəni gördüyünüz kimi üç şərtin üçüdə düşmüşdür.

Qadağan olunmuş təbərrukun hökmü:

Əskər hallarda təbərrük üç halda olur:

I hal: Hər hansısa bir şeyin (məs: qəbrin) özündən bərəkət tələb etmək. Bu insanı İslamdan çıxaran böyük şirkdir.

II hal: Qəbrin sahibinin və ya ruhların ağacda, daşda və ya hansısa qəbirdə dolaşdığına və bu səbəblə də Allah yanından şəfaətçi olub, ehtiyacları Allaha qaldırdığına etiqad edərək, bu cür şeylərlə təbərruk etmək. Bu da böyük şirkdir.

III hal: Buna əksər hallarda rast gəlinir. İnsanlar məscidlərin qapı və ya pənvərələrinə əl sürtməklə təbərruk edirlər. Onların qəsdi odur ki, bu səbəblə Uca Allah onları bərəkətləndirir, yəni bərəkəti verənin Allah olduğuna, sadəcə əli sürtməyin səbəb olduğuna etiqad edir. Bu da insanı İslamdan çıxarmayan kiçik şirkdir.

Uca Allahdan diləyirəm bizi şirkə düşməkdən qorusun və bilmədən etdiyimiz şirkə görə bizi bağışlasın.

Müəllif: Rəşad Hümbətov


Fayl şəkilində yüklə:

Təbərrük, tələb etmək.mp3
Teberruk.doc
Teberruk.jar
Teberruk.jad
Teberruk.pdf


Bölmə: Mobil Kitablar | Baxılıb: 586 | Yüklədi: selefimedia