RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-8 - 10 Февраля 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Fevral » 10 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-8
10:50
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-8

Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


(1-ci Hissə)(2-ci Hissə)(3-cü Hissə)(4-cü Hissə)(5-ci Hissə)(6-ci Hissə)(7-ci Hissə)

Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.

Kitabı tam pdf formatında bu linkdən yükləyə bilərsiniz:

"Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi"



RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-8

İslam dininin Azərbaycanda yayılmasının səbəbləri

Fəth edilmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da İslam dini insanlar arasında böyük rəğbətlə qarşılanmış və sürətlə yayılmışdı. Fəqət bu mərhələ necə gerçəkləşmişdi? Vuruşaraq, qılınc gücü ilə ələ keçirilmiş hər yerdə yeni bir dinin və ya ideologiyanın qəbul edilməsinin səbəbi, həqiqətən, o yerin hərbi yolla ələ keçirilməsi ola bilərmi? Bu qəti olaraq yanlış fikirdir. Belə ki, mədəni, elmi, dini, ideoloji və ümumiyyətlə, cəmiyyətin ictimai, iqtisadi, siyasi cəhətləri ilə hər hansı bir təbəddülata məruz qalmasını hərbi-siyasi səbəblərlə izah etməyə çalışmaq səhvdir.

Bu səhv fikirlər bəzən doğru olmayan araşdırma və tədqiqatların nəticəsində meydana çıxır, bəzən də məqsədli olaraq ortaya atılır. Bu İslam dininin Azərbaycanda yayılması məsələsinə də aiddir. O dövrün siyasi, ictimai və iqtisadi hadisələrinə, təfərrüatına varmadan, bir mənalı şəkildə yanaşıldıqda səhv nəticələr çıxarmaq qaçınılmaz olar.
Azərbaycan İslam fütuhatından əvvəl qarışıq və rəngarəng dini, siyasi, mədəni və etnoloji təşəkkülə malik idi. Bu da tez-tez ictimai və siyasi zəmində ciddi ziddiyyətlərin meydana çıxmasına səbəb olurdu(Paşazadə, həmin əsər, s. 42.). Bu xüsusən Azərbaycanın Araz çayından şimaldakı hissəsində, yəni Albaniyada özünü bariz şəkildə göstərirdi. Xristianlıq, Gürcüstan və Ermənistandan fərqli olaraq, Albaniyada dərin kök sala bilməmişdi. Xristian etiqadi formulu üzərindəki ixtilaf və anlaşılmazlıqlar əsrlər boyu davam etmişdi. Məzhəb ixtilaflarının başlıca mövzusunu «təslis» etiqadı təşkil edirdi(Uçar, həmin əsər, s. 43.). Monofizit, diofizit, nəsturilik kimi xristian dini cərəyanları, Sasanilərin dövlət dini olan məcusiliyin Albaniyada ciddi nüfuza malik olması, nəhayət, xalqın bütpərəstliyi tam olaraq tərk etməməsi ölkə əhalisi arasındakı parçalanmanın əsas səbəblərindən idi(Göyüşov, həmin əsər, s. 120-121; Bünyadov, həmin əsər, s. 90-91.).

Alban kilsəsinin tənəzzülü

Albaniyada ən böyük torpaq sahibi, iri feodallardan sonra kilsə idi. Kilsə və monastırların əlində olan torpaqlar bölünməz və irsən keçən mülklər idi. Kilsə torpaqları varlı knyaz və kəndlilərin hədiyyələri ilə getdikcə böyüyürdü. Bu torpaqların əsl sahibləri, yəni onların nemətlərindən faydalananlar isə xristian din xadimləri idi(Bünyadov, həmin əsər, s. 63.). Bununla əlaqədar alban baş yepiskopu Simeon bir neçə «qanun» də tərtib etmişdi. Özü də keşiş olan salnaməçi Moisey bu haqda belə yazır: «İlahi qanunlara əsasən xalqın öz günahlarından xilas olmaq naminə Tanrı evinə gətirdiyi malı yalnız keşişlər xərcləyə bilərlər. Hər nə gətirilsə, keşişlərindir, çünki onlar gecə-gündüz Tanrıya ibadət edib ondan əmin-amanlığı, yer üzündə sülhü, günahların bağışlanmasını və canların, bədənlərin gümrahlığını istəyirlər». Bunu əsaslandırdığı «ilahi qanun» isə bu idi: «Qoy layiq olmayan mənim səcdəgahım önündə durub gətirilən payı yeməyə cəsarət etməsin» (İncil, Xüruc, XXIX, 33; Ərqam, I, 52). Salnaməçi Moisey bunun xüsusən «pis hərbçi atlılara» qadağan olduğunu yazır. Daha sonra o, əlavə edir «Qara camaatdan heç kəs nə kilsə mərasiminə, nə dini ayinlərə, nə də ki keşişlərin olduğu yerə yaxınlaşa bilməz»( Moisey, həmin əsər, s. 183.). Göründüyü kimi, ölkənin hər tərəfdən məruz qaldığı hücumlar və müharibələr kilsənin, belə demək mümkündürsə, heç vecinə də deyildi. Bu müharibələrdə iştirak edənlərin əksəriyyətini təşkil edən zadəganlarla kilsə arasında dərin uçurumun yaranmasına və zadəganların kilsəyə etimadının itməsinə səbəb olmuşdu. Bundan daha pisi isə geniş torpaq ərazilərinə sahib olan kilsənin kəndliləri ağır vergilərlə əzməkdə, feodalları çoxdan ötüb keçməsi idi. Kilsənin belə istismarçı mövqeyi xalqın kilsəyə və xristian din xadimlərinə etibar və inamının ciddi şəkildə azalmasına səbəb olmuşdu. Beləcə Alban kilsəsi siyasi, hərbi və ictimai dəstəkdən özü-özünü məhrum etmişdi. Bu Azərbaycanın İslamlaşması prossesində ciddi bir amildir.
Bu mövzuda ermənilərin göstərdikləri «xidmətdən» də söhbət açmaq yerinə düşərdi. Hələ İslamdan əvvəl başlayan alban və erməni kilsələri arasındakı mübarizə ərəblərin Zaqafqaziyanı öz hakimiyyətləri altına almalarından sonra da davam etmiş, hətta şiddətlənmişdi. Monofizit olan erməni kilsəsi diofizit Bizans kilsəsinə yaxınlıq göstərən albanları öz milli kilsələrindən məhrum edərək erməni yepiskopluğunun hegemoniyası altına almaq istəyirdilər. «Albaniya tarixi» adlı salnamədən 703-717-ci illərdə erməni kilsəsinə başçılıq etmiş yepiskop İlyanın, tipik bir erməni kimi hərəkət edərək, ikiüzlülük kəlməsinin ehtiva etdiyi mənanı aşan keyfiyyətdə yazılmış məktubu ilə öz dindaşlarını müsəlman hökmdara çuğulladığını öyrənirik. Öz etiqadında səmimi olmadığı açıq-aydın anlaşılan bu erməni yepiskop Əməvi xəlifəsinə belə yazırdı: «Dünya fatehi, möminlərin əmiri, Tanrının qulu Əbdul-Məlik ibn Mərvana (685-705) erməni katolikosu İlyadan. Hakimi-mütləq Tanrının hökmü ilə bizim ölkə itaətlə sizin hakimiyyətinizə tabedir. Biz və albanlar vahid (?) İsa dininə etiqad edirik. Bərdədə oturan indiki Albaniya katolikosu Bizans imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun. İndi qoy bu sizə məlum olsun və bu məsələni diqqətdən kənar etməyəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikiri də vardır. Böyük hökmdar, siz öz hökmünüzlə əmr edin ki, onlar Tanrıya qarşı işlədikləri günahlarına görə müstəhəqq (layiq) olduqları cəzaya çatsınlar»( Moisey, həmin əsər, s. 176.). Əbdul-Məlikin göndərdiyi bir dəstə əsgərlə Bərdəyə gələn İlya, alban yepiskopu Nersesi və yanındakı qadını mühakimə edərkən müxtəlif işkəncələr vermişdi. Sonra onu və qadını zəncirlədərək acından ölməyə məhkum etmiş, onun yazdığı kitabların isə Tərtər çayına atılmasını əmr etmişdi(Moisey, həmin əsər, s. 177.).
Ermənilər tarix boyu alban kilsəsini məhv edərək albanları erməni kilsəsinin təsirinə salmaq istəmişdilər. Fəqət nə məcusi Sasani şahları, nə müsəlman ərəb, türk və Azərbaycan hökmdarları albanların bir millət kimi yox olmasına səbəb ola biləcək bu işin həyata keçməsinə razı olmamışdılar. Ermənilər, bu arzularına nəhayət, xristian rusların əli ilə çata bilmişdilər. 1836-cı ildə Sankt-Peterburq müqəddəs sinodu (kilsə qurultayı), erməni katolikosunun xahişini nəzərə alaraq alban kilsəsini, bir daha bərpa edilməmək qeydi ilə, ləğv etmişdi(Bünyadov, həmin əsər, s. 91.). Ehtimal ki, ermənilər tərəfindən öz dini etiqadlarına görə sıxışdırılan və təqib olunan albanlar arasında İslam dininə rəğbət artırdı və bu onların müsəlmanlaşması prosesində mühüm bir amil olmuşdu.

İslami nöqteyi-nəzərdən zərdüştilik

Əvvəlki bölmələrdə zərdüştiliyin Azərbaycanla sıx əlaqəsi haqda yazmışdıq. Bunu hər şeydən əvvəl bu dinin banisi olan Zərdüştün Azərbaycanlı olması ilə izah etmək mümkündür. Barthold, Markvart, Bertels kimi şərqşünaslar Zərdüştün İranın şərqində doğulub yaşadığını iddia edirlərsə də, Jakson, Meyye, Makovelskiy kimi mütəxəssislər onun əslən İranın şimali-şərqindən, yəni Azərbaycandan olduğu fikrini irəli sürmüşdülər(Fazili, həmin əsər, s. 166.). Araz çayı kənarında yeri bu gün məlum olmayan bir şəhərdə dünyaya gələn(Hikmət, həmin əsər, s. 157.) bu şəxs İran Əhəməni şahlarından Ərşam oğlu Gəştasbın himayəsində öz dinini yaymışdır. Gəştasb, Sparam oğlu Zərdüştün söylədiklərinin öküz dərilərinə yazılmasını əmr etmiş və 12 min öküz dərisinə yazılmış bir kitab meydana gəlmişdir. Bu kitab «Avesta» adlanmış və zərdüştiliyin dini kitabı olmuşdur. Bütün bunlar m.ə. 660-589-cu illərdə baş vermişdir(Fazili, həmin əsər, s. 164; Hikmət, həmin əsər, s. 160.). Dövlətin rəsmi dini halına gələn zərdüştilik qısa müddətdə İran, Azərbaycan, Orta Asiya və Şərqi Anadoluda yayılmışdır. Məbudun (Ahuramazd) odda təcəlli etdiyini zənn edən zərdüştilər atəşgahlar, yəni məcusi məbədləri inşa etmişdilər. Azərbaycanın cənub-qərbində yerləşən Şiz (Qanzaka) şəhəri ən böyük atəşgahlara sahib olması ilə məşhur idi və zərdüştiliyin mərkəsi hesab olunurdu(Fazili, həmin əsər, s. 82.). Bələmi əcəmlərin ən böyük atəşgahlarının Azərbaycanda olduğunu və pəhləvi dilində oda «Azər» deyildiyini yazır(Bələmi, Tarix-i Qozide-yi Bələmi, s. 110.). İstəxri, Məsudi kimi müsəlman tarixçi və coğrafiyaşünaslar Abşeron yarımadasından yüksələn alovların gecələri 40 fərsəx (35-45 km) uzaqdan göründüyünü yazırlar(İbrahim ibn Muhəmməd əl-İstəxri, Kitab-ul-Məsalik-ul-Məmalik, Leiden 1927, s. 190; Əbul-Həsən Əli ibn-ul-Hüseyn əl-Məsudi, ət-Tənbih vəl-İşraf, Beyrut 1981, s. 96-97.).
Biz burada zərdüştiliyin etiqad əsaslarından, ayinlərindən söz açmayacağıq. Məsələnin mövzumuzla əlaqəli cəhəti İslamın zərdüştiliyə olan münasibətidir. Quran-i Kərimin sadəcə bir yerində zərdüştilik, daha doğrusu məcusilər haqqında danışılır: «Həqiqətən, Allah iman edənlər (möminlər), yəhudilər, sabiilər (göy cismlərinə sitayiş edənlər), xristianlar, məcusilər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə qadirdir» (Həcc, 17).
İlk müsəlmanların zərdüştilərə hansı nöqteyi-nəzərdən yanaşdıqları məsələsinə gəldikdə demək olar ki, onlar məcusiləri kitab əhli hesab edirdilər. İmam Malik ibn Ənəsin «Muvatta» adlı əsərində belə bir hədis qeyd olunur: «Cəfər ibn Muhəmməd ibn Əli atasından nəql edir: Ömər ibn Xəttab sözü məcusilərdən salaraq: «Onlar haqqında nə edəcəyimi bilmirəm» dedi. Buna cavab olaraq Əbdur-Rəhman ibn Əvf dedi: «Mən Rəsulullahın (s.a.v) «Onlarla əhli-kitab kimi rəftar edin» dediyini şəxsən eşitmişəm»( İmam Malik, əl-Muvatta, İstanbul 1994, c. II, s. 68.).
Onu da qeyd etmək lazımdır ki, ilk müsəlman fatehlər Azərbaycan və İrandakı zərdüştilərdən cizyə almışdılar. Bunu bağlanan əhd və verilən əmannamələrdə də görmək mümkündür. Məlum olduğu kimi cizyə sadəcə kitab əhlindən, yəni xristian və yəhudilərdən alınan vergi növüdür. Bu Quran-i Kərimin Tövbə surəsi 29-cu ayəsinin hökmü ilə sabitdir. İmam Malikin əsərində isə belə bir hədis nəql olunur: «İbn Şihab dedi: Eşitmişdim ki, Rəsulullah (s.a.v) Bəhreyn məcusilərindən cizyə almışdır. Ömər ibn Xəttab İran məcusilərindən, Osman ibn Əffan da bərbərilərdən cizyə almışdır»( əl-Muvatta, c. II, s. 68.).
Ərəblər Azərbaycana gəlişlərinin ilk dövrlərindən etibarən burada İslam dininin yayılması üçün səy göstərmişdilər. Valilər əyalətlərə dövlət xəzinəsindən maaş alan müəllimlər təyin edir, onların məskunlaşmasını təmin edirdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.). Müsəlmanlar sahib olduqları ədalət, fəzilət və comərdlik kimi insani keyfiyyətlərlə fəth olunmuş məmləkətlərdə yaşayan xalqın rəğbətini qazanırdılar(Zeydan, həmin əsər, c. I, s. 98-100.). Bu onların vaxt keçdikcə İslam dininə yaxınlaşmaları və bu dini qəbul etmələri üçün əlverişli şərait hazırlayırdı. Ərəblər sadə və asan olduğu qədər əzəmətli olan bir din gətirmişdilər. Bu yeni din insanları, çox vaxt müharibə ilə nəticələnən məzhəb və etiqad çəkişmələrindən, dini etiqadına görə təqib olunmaqdan, ağır vergilərdən xilas edirdi. Bu səbəbdən də onlar müsəlmanları və İslamın qayda- qanunlarını xilaskar kimi görürdülər(Bünyadov, həmin əsər, s. 88.).
İslam dininin Azərbaycanda rəğbətlə qarşılanmasının bir başqa səbəbi də İslamın səmavi dinlərə tolerant münasibət bəsləməsi olmuşdur. Hətta xristian məzhəbləri belə bir-birlərinə qarşı bu dərəcədə tolerantlı deyillər. İslam dinini əsilzadələr, sənətkarlar və tacirlər, yəni şəhər əhalisi, daha tez mənimsəyir və qəbul edirdilər(Həsən İbrahim, həmin əsər, c. I, s. 287; Bünyadov, həmin əsər, s. 87-88.).
İslam dininin Azərbaycanda necə sürətlə qəbul edilib yayıldığını klassik müsəlman tarixçilərin əsərlərindən öyrənmək mümkündür. Əhməd ibn Yəhya əl-Bəlazuri IV xəlifə Əli ibn Əbu Talibin dövründə ikinci dəfə Azərbaycan valiliyinə təyin edilmiş Əşas ibn Qeys əl-Kindinin bu ölkəyə gəldiyi vaxt əhalinin müsəlman olduğunu, məscidlərdə Quran oxunduğunu gördüyünü yazır.(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.).

Fayl olaraq yüklə:

Mobil telefon üçün yüklə:








Bölmə: Mobil Kitablar | Baxılıb: 647 | Yüklədi: selefimedia