RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-6 - 27 Января 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Yanvar » 27 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-6
11:07
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-6

Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.



RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-6
III xəlifə Osman ibn Əffan dövrü (644-656)

Daxili ziddiyyətlərin və iğtişaşların yaranmasının ictimai, iqtisadi və siyasi səbəbləri


Rəsulullahın (sallallahu aleyhi və səlləm.) II xəlifəsi Ömər ibn Xəttab (r.a), ömrünün ən parlaq və gənc İslam dövlətinin çiçəklənən dövründə, iranlı xristian qul Əbu Lülu tərəfindən, h.23-cü ilin zilhiccə ayında (noyabr 644) şəhid edildi(Kazıcı, həmin əsər, s. 35-36; Hitti, həmin əsər, c.I, s. 270.). Onun yerinə xəlifəlik məqamına, möminlərin məşvərəti ilə Osman ibn Əffan (r.a.) seçilmişdi. Osman ibn Əffan Ömər ibn Xəttaba nisbətən daha yumşaq xasiyyətli və həlim insan idi. Onun xilafət dövrünü hadisələrin inkişafına əsaslanaraq iki hissəyə bölmək olar.

Osman ibn Əffanın 12 illik xilafətinin ilk 6 ilində İslam dövlətinin yayıldığı ərazi ilə birlikdə İslam dini də yayılmağa davam etmişdir. Sonrakı 6 ildə isə daxildə bəzi iğtişaşlar baş vermiş, bu da fütuhatın səngiməsinə səbəb olmuşdu. III xəlifə Osmanın hakimiyyətinin son 6 ilini, ümumiyyətlə, İslam tarixində dönüş nöqtəsi saymaq mümkündür. Çünki məhz bu dövrdə xəvaric firqəsinin təməli qoyulmuş, xəvaric fikirli insanlar törəmiş və bu firqə sonrakı illərdə böyüyüb güclənmişdi.
Daxili ziddiyyətlərin və iğtişaşların məhz Osman ibn Əffan dövrünə təsadüf etməsinin mühüm ictimai, iqtisadi və siyasi səbəbləri olmuşdur. İlk olaraq cahiliyyə dövründən qalmış və Rəsulullahın (s.a.v.) qəti olaraq qadağan etdiyi bədəvi ərəblərin bəzi adət və ənənələrinin yenidən qabardılması nəzərə çarpır. Bunların başında isə qəbilə, tayfa və nəsil təəssübkeşliyi durur.
Başqa bir səbəb isə iqtisadi amilə əsaslanırdı. Xəlifə Ömər ibn Xəttab Quran-i Kərimin Həşr surəsi 6-7-ci ayələrinə əsaslanaraq döyüş vaxtı alınan qənimətlərlə fəyi bir-birindən ayırmışdı. Ayənin tərcüməsi belədir: «Allahın öz Peyğəmbərinə məmləkətlərin əhalisindən verdiyi qənimət Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirə məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (onlardan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir»(Bax. Quran-i Kərim, tərcümə: Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Bakı 2004.). Fəy qeyr-i mənqul, yəni daşınmaz qənimətlərə deyilirdi. Torpaq, mülk, ev, imarət və.s bu kimi şeylər fəy sayılırdı. Fəy isə mücahidlər arasında bölünmür, ondan əldə olunan gəlirlər birbaşa dövlət xəzinəsinə aid edilirdi(Wellhausen, həmin əsər, s. 19-20.). Buradan isə ehtiyacı olanlara aylıq maaş şəklində ödənirdi. Bunun əsas məqsədi inhisarçılığın və möhtəkirliyin qarşısını almaq idi. Ömər ibn Xəttab bunu bəzi insanların fəth edilmiş ərazilərdə iri torpaq sahibinə çevrilib feodallaşmasının qarşısını almaq məqsədilə etmişdi. Bundan başqa, mücahidlər sahib olduqları torpaqların işlədilməsi ilə məşğul olub cihada laqeyd yanaşa bilərdilər. Torpaqların əvvəlki sahiblərinin əlindən alınmasını əkinə yararlı torpaqların əkilməməsinə, beləcə iqtisadiyyatın zəifləməsinə yol aça bilərdi. Buna görə də xəlifə Ömər daşınmaz qənimətləri dövlət xəzinəsinə keçirmiş, torpaqlar əvvəlki sahiblərinə verilmiş, məhsuldan alınan vergi isə xəzinəyə keçirilərək buradan daha çox ehtiyacı olan və qənimət əldə edə bilməyən vətəndaşlara maaş şəklində ödənmişdi. Bu qərar alındığı vaxt bəzi bədəvi ərəb qəbilələri buna bir o qədər əhəmiyyət verməmişdilər. Münafiqlər isə bu məsələni qabarda bilməmişdilər. Çünki Ömər ibn Xəttab güclü iradə və qətiyyətə sahib bir insan idi. Osman ibn Əffanın xəlifəliyinin ikinci dövründə isə münafiqlər bu məsələni yenidən qaldırmağa və şişirtməyə başladılar. Çox təəssüf ki, onların bu fitnələrinə uyanlar tapılmışdı.
Daxildəki qeyri-sabit vəziyyət və iğtişaşlar təbii olarq fütuhat hərəkatına mənfi təsir göstərirdi. Bu mənfi təsir özünü Azərbaycanda da göstərmişdi. Albaniya qısa müddət üçün də olsun xilafətin əlindən çıxmış və Bizans orduları tərəfindən işğal edilmişdi. Xilafətin daxilindəki qeyri-sabitlikdən istifadə edən Bizans Qafqazın xristian xalqlarını, albanları, gürcüləri və erməniləri öz tərəfinə çəkə bilmişdi. Xəzərilərin də fəallaşması nəticəsində İslam orduları Araz çayının cənubuna çəkilməyə məcbur olmuşdular.

Kufə valisi Vəlid ibn Uqbənin Azərbaycana yürüşü

Ömər ibn Xəttabın vəfatından qısa müddət sonra Azərbaycanda üsyan baş vermiş, əhali əhdin şərtlərini ləğv edərək, müqavilə şərtlərini yerinə yetirməkdən imtina etmişdilər. Albaniyada da vəziyyət gərginləşmişdi. Osman ibn Əffan xəlifə seçilən kimi Vəlid ibn Uqbəni Kufə valiliyinə təyin etmiş və Azərbaycana gedərək vəziyyəti nəzarət altına almağı əmr etmişdi. H.24-cü (m.644-645) ildə Salman ibn Rəbiəni avanqard qüvvələrlə yola salan Vəlid ibn Uqbə bir neçə gün sonra onun ardınca öz ordusu ilə Kufədən Azərbaycana doğru yola çıxdı. Komandirlərdən Abdullah ibn Şibl əl-Əhməs öz əsgərləri ilə Muğana gələrək üsyançılarla döyüşə girdi və onları məğlubiyyətə uğratdı. Üsyançılardan bir hissəsi əsir götürüldü. Azərbaycan əhalisi Vəlid ibn Uqbədən, Huzeyfə ibn-ul-Yəmanla bağladıqları əhdin yenilənməsini xahiş etmişdilər. Vəlid onların bu istəyini qəbul edərək həmin şərtlərlə yeni əhd bağladı(Təbəri, Tarix-i Təbəri, c. V, s. 2092; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 245-246.). Salman ibn Rəbiə isə əmrindəki 12 minlik qoşunla Albaniyaya gələrək o vaxta qədər fəth olunmamış ərazilərdə bəzi hərbi əməliyyatlar apararaq bol miqdarda qənimət və əsirlə Vəlid ibn Uqbənin yanına qayıtmışdı(Təbəri, Tarix-i Təbəri, c. V, s. 2092.).
Rus alimi M. Artamonov Salman ibn Rəbiənin Albaniya səfərini gerçəkləşdirərkən Dərbəndə qədər irəliləməsinin mümkün olduğunu yazır(Bax: həmin əsər, s. 179.). Ehtimal ki, Salman Albaniyda ikən onun böyük qardaşı Əbdur-Rəhman ibn Rəbiə də Dərbənd ətrafında idi və öz ordusu ilə Bələncər qalasını mühasirə etməklə məşğul idi. Bu döyüşdə Əbdur-Rəhman ibn Rəbiə şəhid olmuşdu. Onun ordusundan sağ qalan əsgərlər isə Salman ibn Rəbiənin ordusu ilə birləşmiş və Cənubi Azərbaycana qayıtmışdılar(İbn əl-Əsir, əl-Kamil, c. III, s. 137; Təbəri, Tarix-i Təbəri, c. V, s. 2158-2159; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 246. Hər üç müəllif həmin bu döyüşün h. 32/m.652-653-cü ildə baş verdiyini qeyd edirlər. Bunun səhv olduğunu irəlidə sübut etməyə çalışacağıq.). Bu hadisədən qısa müddət sonra, irəlidə ətraflı izah edəcəyimiz kimi, Salman ibn Rəbiə Həbib ibn Məsləməyə kömək üçün Ərməniyyəyə göndərilmiş, buradan da Albaniyaya gələrək Dərbəndə hücum etmiş və xəzərilərlə girişdiyi müharibədə şəhid olumuşdu.

Xəzərilərin müqaviməti. Bələncər qalasının mühasirəsi və Əbdur-Rəhman ibn Rəbiə əl-Bahilinin şəhadəti

Xəlifə Ömər ibn Xəttab Suraqə ibn Əmrin vəfatından sonra Əbdur-Rəhman ibn Rəbiəni əl-Bab hüdudlarına (Şirvana) vali təyin etmişdi. Əbdur-Rəhman ibn Rəbiə xəzərilərin ölkəsinə bir neçə uğurlu yürüş gerçəkləşdirmişdi. Xəzərilər onun ordusu ilə qarşılaşmağa cəsarət etməyib qalalara çəkilərək müqavimət göstərirdilər. Bu yürüşlərin birində Əbdur-Rəhman ibn Rəbiə xəzərilərin ölkəsinin mərkəzinə doğru 200 fərsəx (təqribən 400 km) irəliləmiş və ordusu heç bir itki vermədən çox miqdarda qənimət və əsirlə geri dönmüşdü(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 204; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1985; İbn əl-Əsir, əl-Kamil, c. III, s. 30.).
Xəzərilər ərəblərin bu yürüşləri qarşısında vahiməyə qapılmış, çaşıb qalmışdılar. Xəzərilər ərəblərin ölümsüz olduğunu düşünür və belə deyirdilər: «Biz elə bir millətik ki, heç kim bizimlə güc sınaya bilməzdi, ta ki, bu qövm (ərəblər) çıxıb gəldilər və biz onlarla bacarmadıq. Bunlar ölümsüzdürlər. Əgər onları öldürmək mümkün olsaydı bizim məmləkətimizə qədər gəlib çıxa bilməzdilər»( Təbəri, Tarix-i Təbəri, c. V, s. 2159.). Ömər ibn Xəttab xəzər müharibələrində iştirak etmiş bir mücahiddən soruşmuşdu: «Getdiyiniz yerlər necə idi? Siz o yolları necə keçirb gedirdiniz?». O, xəlifənin sualına belə cavab vermişdi: «Onların şəhərlərinin əhalisi müşriklərdir. Xəzərilər və allanların (osetinlərin) məmləkəti türklərlə qonşudur. Bizimlə qarşılaşanda belə deyirdilər: «Siz göydən enmişsiniz. Çünki heç kim cürət edib ölkəmizə ordu yeridə bilməzdi, heç kim cəsarət edib bizimlə döyüşə girməzdi». Bax Allah öz qorxusunu onların qəlbinə belə salmışdı»( Bələmi, Qozide-yi Bələmi, s. 111.).
Dərbəndin müsəlmanlar tərəfindən fəthi ilə əlaqəli mənbələrin nəql etdikləri məlumatlar haqqında daha əvvəl də söz açmışdıq. Təbəri, İbn Kəsir və.s müvərrixlər Əbdur-Rəhmanın Arranda olduğu dövrdə Şəhribərazın Xəzər diyarına cəsus göndərdiyini və bu cəsusla Əbdur-Rəhman arasında cərəyan edən dialoqu nəql edirlər. Bu şəxs Zul-Qərneyn səddini gördüyünü söyləyib, səddi təsvir etmişdi. Bu şəxsin təsvir etdiyi qala və sədlə Dərbənd qalasının və səddinin eyni olduğu açıq-aydın görünməkdədir(Bax: Təbəri, Tarix-i Təbəri, c. V, s. 1987; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 206.). Sonrakı bölmədə ətraflı bəhs edəcəyimiz kimi, ərəblər xəzərilərin ən möhkəm qalalarından biri olan Bələncəri dəfələrlə mühasirəyə almalarına baxmayaraq, qalanı zəbt edə bilməmişdilər. Mərhum akademik Z. Bünyadovun ərəbcədən ruscaya ixtisarla tərcümə etdiyi İbn-ul-Əsəmin «Kitab-ul-Fütuh» adlı əsərinin açıqlamalar bölməsində rus alimi V. Kotoviç Bələncər qalasının yerini müəyyənləşdirərək bunun Dərbəndin 25 km. cənubundakı müasir Belici qəsəbəsi yaxınlığında yerləşən «Torpaqqala» adı ilə tanınan xarabalıqlar olduğunu yazır(Bax: İbn-ul-Əsəm, Kibab-ul-Fütuh, s. 79.). Bu qalanı fəth edə bilmədən ondan 25 km. şimalda yerləşən, Bələncərdən daha möhkəm və sarsılmaz divarlara malik olan Dərbəndin zəbt edilməsini düşünmək mümkün deyil.
Əbdur-Rəhman ibn Rəbiənin xəzərilərə qarşı apardığı uğurlu hərbi əməliyyatlar, Təbərinin sözü ilə ifadə etməli olsaq, «kufəlilərin qənimət və ərazi ucbatından xəlifə Osmana qarşı öz hallarını dəyişdirənə qədər» davam etmişdi. Təbəri bu hadisələr haqqında öz əsərinin V cildinin 1980-1990-cı səhifələrində ətraflı məlumat verir.
Allah Rəsulunun (s.a.v.) III xəlifəsi Osman ibn Əffan (r.a.) Kufə valisi Səid ibn-ul-Əsə məktub yazıb Salman ibn Rəbiəni Bab-ul-Əbvaba, Əbdur-Rəhman ibn Rəbiəyə köməyə göndərməsini əmr etmişdi. Eyni zamanda Dərbənd yaxınlığında olan Əbdur-Rəhmana aşağıdakı məzmunda bir məktub göndərdi: «Müsəlmanların bəziləri çox yemək və toxluqdan ötrü taqətsiz olublar, mən sənin onları təhlükəli vəziyyətlə qarşı-qarşıya qoya biləcəyindən ehtiyat edirəm». Ehtimal ki, xəlifə Osman qənimət və ərazi bölgüsü ucbatından meydana gəlmiş narazılıq və qarışıqlığı nəzərdə tutmuş, bunun cəbhədəki əsgərlərə də sirayət edə biləcəyindən ehtiyat etmişdi. Çünki Azərbaycandakı əsgərlərin bir çoxu Kufədən idilər. Bələncəri fəth etməyə qərar vermiş Əbdur-Rəhman buna baxmayaraq Şirvandan şimal istiqamətində hərəkətə keçdi və Bələncər qalasını mühasirəyə aldı. Mücahidlər özləri ilə gətirdikləri mancanaqlarla(Orta əsrlərdə qala divarlarına daş atmaq üçün istifadə olunan qurğu.) qala divarlarını vurmağa başladılar. Qaladakı xəzərilərin bir çoxu başlarına yağan daşlardan ölmüşdülər. Bu mühasirə vaxtı mücahidlər də çox itki vermişdilər. Yezid ibn Müaviyə ən-Nəhayi, Əlqamə ibn Qeys, Midad əş-Şeybani, Əmr ibn Utbə kimi komandirlər də şəhid olmuşdular. Uzun çəkən mühasirə, Salman ibn Rəbiənin əsgərlərinin də köməyə gəlməsinə baxmayaraq, mücahidlər arasında bezginliyə səbəb olmuşdu. Bu vaxt şimaldan qaladakıların köməyinə gələn xəzərilər də müsəlmanlara arxadan hücum etmişdilər. Qalada müdafiə olunan xəzərilər də qaladan çıxaraq hücuma keçmişdilər. İki tərəfdən sıxışdırılan müsəlman əsgərlərin sıralarında nizamsızlıq yaranmışdı. Bələncərin mühasirəsi xəzərilərin qələbəsi ilə bitmişdi. Mücahidlərdən çox sayda şəhid olan vardı. Əbdur-Rəhman ibn Rəbiə də bu döyüşdə şəhid olmuşdu. Bu döyüşdə məşhur hədis ravisi və səhabə Əbu Hureyrə əd-Dəvsi və Salman Farsi də iştirak etmişdilər. Salman ibn Rəbiə ətrafa dağılışmış əsgərləri toplayaraq intizamı bərpa etdi və əvvəlcə İranın Gilan şəhərinə çəkildi, oradan da Gürgana getdi. Xəzərilər Əbdur-Rəhmanın cəsədi olan yerə bir neçə gün qorxudan yaxınlaşmadılar. Sonra isə bu cəsur mücahidi götürüb hörmətlə dəfn etmişdilər(Təbəri, Tarix-i Təbəri, c. V, s. 2158-2159; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 264. Təbəri, İbn əl-Əsir, İbn Kəsir bu hadisəni, yəni Bələncərin mühasirəsi və Əbdur-Rəhman ibn Rəbiənin şəhid olmasını «h.32-ci (m.652-653) İl hadisələri» başlığı altında nəql edirlər. Hadisələrin bir birini təqibini və salnaməçilərin özlərinin qeyd etdikləri bəzi doğum və ölüm tarixlərini diqqətlə araşdırsaq bu hadisənin h.32-ci (m.652-653) ildə baş verməsinin mümkün olmadığını görərik. Göründüyü kimi Salman ibn Rəbiə bu döyüşdən sağ qayıtmışdı. Bəlazuri Salman ibn Rəbiənin də h.25/m.645-646-cı ildə Dərbənddə şəhid olduğunu qeyd edir (bax: Fütuh-ul-Büldan, c. I, s. 320). İbn-ul-Əsəm (həmin əsər, s. 10-11) və İbn Kəsir (həmin əsər, c. VII, s. 354) də Salmanın Dərbənddə şəhid olduğunu yazırlar. Tarixinə gəldikdə isə İbn Kəsir, Salman ibn Rəbiə haqqında «Osman ibn Əffanın xəlifəliyi dövründə vəfat edən, amma vəfat tarixləri dəqiq bilinməyən şəxslər» başlığı altında bəhs edir. Bəzi müasir tədqiqatçıların, mənbələrin bu haqda verdikləri bir-birinə zidd məlumatlara əsaslanaraq, bu iki şəxsdən sadəcə birinin Dərbənddə şəhid olduğu fikri də doğru deyil. Yaqut əl-Həməvi öz əsərində Salman və Əbdur-Rəhman qardaşlarının hər ikisinin məzarının Bab-ul-Əbvab (Dərbənd) yaxınlığında olduğunu yazır (bax: Mucəm-ul-Büldan, c. I, s. 361). Hadisənin, yəni Əbdur-Rəhman ibn Rəbiənin şəhid olduğu döyüşün, tarixi məsələsinə gəldikdə isə bunun h.25/m.645-646-cı ildən daha tez baş verməsi mümkün deyil. Salman ibn Rəbiə, Bəlazurinin qeyd etdiyi kimi h. 25/m.645-646-cı ildə vəfat etdiyi halda, gördüyümüz kimi bu döyüşdən sağ salamat qayıtmışdı. Bundan başqa o geri qayıdarkən, salnaməçilərin qeyd etdikləri kimi, yanında Salman Farsi də vardı. Abdullah ibn Müslim İbn Quteybə Kitab-ul-Məarif (Beyrut 1970) adlı əsərinin 117-ci səhifəsində Salman Farsinin Osman ibn Əffanın xəlifəliyinin əvvəllərində Mədaində vəfat etdiyini qeyd edir ki, bu da ən çox h.27/m.647-648-ci ildə ola bilər. Bundan başqa Təbəri Əbdur-Rəhman ibn Rəbiənin şəhid olmasından bəhs edərkən yazır ki, bu hadisə baş verdiyi il Əbdul-Məlik ibn Mərvan və Yezid ibn Müaviyə ibn Əbu Sufyan anadan olmuşdular (bax: Tarix-i Təbəri, c. V, s. 1988). Əbdul-Məlik ibn Mərvan h. 26/m.647-ci ildə anadan olmuşdur (bax: Həsən İbrahim H. həmin əsər, c. I, s. 371). Yezid ibn Müaviyə isə h.60/m.680-cı ildə ölən atasının taxtına oturarkən 33 yaşında olmuşdur (bax: Əbu Abdullah Muhəmməd əz-Zəhəbi, Siyər-i Əlam-un-Nübəla, Beyrut 1985, c. IV, s. 36). Dəməli Yezid ibn Müaviyənin də təvəllüd tarixi h.26/m.647-ci ildir. Göründüyü kimi, bu müharibənin və Əbdur-Rəhman ibn Rəbiənin şəhadət tarixinin h.32/m.652-653-cü il olması mümkün deyil.).

Salman ibn Rəbiə əl-Bahili və Həbib ibn Məsləmə əl-Fıhrinin Dəbil və Naxçıvanı fəthi
Allah Rəsulunun (s.a.v.) III xəlifəsi Osman ibn Əffan (r.a.), Bizans cəbhəsində vuruşan(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 318.), əl-Cəzirə valisi Həbib ibn Məsləmə əl-Fıhriyə(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1972.) Ərməniyyəyə gedib orada hərbi əməliyyatlar keçirməyi əmr etmişdi. Həbib ibn Məsləmə 6 min nəfərlik ordu ilə Ərməniyyəyə yürüş etmiş və Kalika şəhərini fəth edərək əhalisini cizyə verməyə məcbur etmişdi. Erməni sərkərdə Armeniakusun allan (osetin), abxaz və xəzərilərdən topladığı muzdlu əsgərlərlə üstünə gəldiyini öyrənən Həbib ibn Məsləmə Mədinəyə məktub yazaraq əlavə qüvvə istəmişdi. Xəlifə Osman Suriya valisi Müaviyə ibn Əbu Sufyana və Kufə valisi olan kürəkəni Səid ibn-ul-Əsə məktub yazaraq Həbib ibn Məsləməyə kömək üçün qüvvə göndərmələrini əmr etdi. Səid ibn-ul-Əs Salman ibn Rəbiənin başçılığında 6 minlik ordunu Ərməniyyəyə göndərdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 319.). Salman öz ordusu ilə Ərməniyyəyə çatdığı vaxt Həbib öz qüvvələri ilə Armeniakusu məğlub etmişdi. Kufəlilər alınan qənimətdən onlara da pay ayrılmasını tələb etdilər. Suriyalılar bununla razılaşmadılar. Bu məsələdən ötrü mübahisə və gərginlik meydana gəlmişdi. Hətta Həbib ibn Məsləmə və Salman ibn Rəbiə bir-birlərinə ağır sözlər demişdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 320; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 264; İbn əl-Əsir, əl-Kamil, c. III, s. 138. İbn Kəsir və İbn-ul-Əsir Həbibin Salmana köməyə gəldiyini, ixtilafın birləşmiş ordulara komandanlığın kimin edəcəyi məsələsindən çıxdığını, bunun suriyalılarla iraqlılar arasında çıxan ilk ixtilaf olduğunu qeyd edirlər. İsmayıl Haqqı bu ixtilafın Quran-i Kərimin qiraətindəki tələffüz fərqliliyindən ötrü baş verdiyini, Huzeyfə İbn-ul-Yəmanın mübahisə edənləri sakitləşdirdiyini və h.25/m.646-cı ildə bu məsələ haqqında xəlifəyə məktub yazaraq ətraflı məlumat verdiyini və tədbir görülməsini istədiyini yazır. (bax: İsmail Haqqı, İlm-ul-Xilaf, İstanbul 1938, s. 38). Suriyalılarla iraqlılar arasında ləhcədə və bəzi kəlmələrin tələffüzündə fərq vardı.). Gərginlik aradan qaldırıldıqdan sonra hər iki komandir öz əsgərləri ilə Azərbaycanın qərbində, Ərməniyyə ilə sərhəddə yerləşən Dəbil (Dvin) şəhərini mühasirəyə aldılar. Qala divarlarına mancanaqlarla daş atan mücahidlərin şiddətli hücumlarına şəhər əhalisi çox müqavimət göstərə bilmədilər. Bir müddət sonra onlar ərəblərdən hücumu dayandırmağı və aman verilməsini istədilər. Dəbillilər müsəlmanlarla əhd bağlayaraq şəhəri onlara təslim etdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 323.).
Dəbilin fəthindən sonra cənub-şərq istiqamətində irəliləyən müsəlmanlar Naxçıvan (Bəsf-ur-Rəcan) şəhərinə yaxınlaşdılar. Naxçıvandan bir qrup ağsaqqal ərəblərin ordugahına gələrək əhd bağlamaq istədiklərini bildirdilər. Bu əhdin şərtləri Dəbil əhalisi ilə bağlanan əhdin şərtləri ilə eyni idi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 324.). Bu səbəbdən də Dəbillilərlə bağlanan əhdi aşağıda nəql edirik:
Bismillahir-Rəhmanir-Rəhim
Bu sənəd Həbib ibn Məsləmə tərəfindən Dəbil şəhərinin xristianlarına, yəhudilərinə və məcusilərinə verilmişdir. Mən onların hüzurda olanlarına və olmayanlarına əman verirəm. Onların canlarına, mallarına, mülklərinə, kilsələrinə, sineqoqlarına, məbədlərinə və qala divarlarına toxunulmayacaqdır. Əhdinizə vəfa etdiyiniz, cizyə və xəracı ödədiyiniz müddətcə, əhdimizə vəfa etmək bizim üzərimizə yüklənmiş vəzifədir. Bu sənədin doğruluğuna Allah şahiddir. Vəkil olaraq Allah yetər. Həbib ibn Məsləmə əl-Fıhri bu vəsiqəni öz möhürü ilə təsdiq etdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 323.).
Naxçıvanın sülhən fəthindən sonra əhalinin az bir hissəsi əhdin şərtlərindən narazı olduqlarını bildirmişdilər. Ərəblər onların şərtlərə əməl etməyərək üsyan edə biləcəklərindən ehtiyat etdikləri üçün onları Araz çayının cənubuna köçürüb burada məskunlaşdırmışdılar(Bünyadov, həmin əsər, s. 82.).

Sisyan, Beyləqan, Bərdə və Şəmkirin fəthi

Salman ibn Rəbiə və Həbib ibn Məsləmə öz əsgərləri ilə Naxçıvandakı Biçənək keçidindən keçib Sisyan ərazisinə daxil olmuşdular(Bünyadov, həmin əsər, s. 82.). Sisyan əhalisi öz qüvvələrini toplayıb ərəblərə qarşı müharibəyə girdilər və məğlub olub geri çəkildilər. Onlar ətrafdakı qalalara sığınıb müdafiə olunmağa başladılar. Mücahidlərin Sisyan vilayətinin ən möhkəm qalalarından biri olan Veys qalasını zəbt etmələrindən sonra yerli özünü müdafiə qüvvələri müharibəni dayandırıb təslim oldular. Onlar ərəblərə cizyə ödəmək qarşılığında əhd bağlamağı təklif etdilər. Salman və Həbib ibn Məsləmə onların bu təklifini qəbul etdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 324.). Bu iki komandir daha sonra ayrılaraq ayrı-ayrı istiqamətlərdə hərəkətə keçdilər. Həbib ibn Məsləmə Sisyandan şimal istiqamətində, dağ yolları ilə Gürcüstana getdi. Salman ibn Rəbiə isə Araz çayı boyunca düzənlik ərazidə şərqə doğru irəliləyərək Albaniyanın cənubuna gəlmişdi(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9.). Albaniya torpaqlarına girən Salman ibn Rəbiə öz əsgərləri ilə bu məmləkətin cənub-şərqində yerləşən ən böyük şəhəri, o dövrün ən məşhur mədəniyyət və ticarət mərkəzlərindən biri olan Beyləqana yaxınlaşmışdı. Beyləqanlılar İslam ordusunu xoş qarşılamışdılar və onların düşərgə salmaları üçün yer vermişdilər(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9.). Salman ibn Rəbiə Beyləqan və ətraf bölgələrdə yaşayan əhali ilə onların canlarına, mallarına, mülklərinə toxunmamaq, şəhərin qala divarlarını yıxmamaq, bunun əvəzində isə əhalinin cizyə və məhsullardan öşr (onda bir) vergisi ödəmələri şərtilə əhd bağladı(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 327.). Beyləqanı sülhən fəth edən Salman ibn Rəbiə buradan şimala doğru irəliləyərək Bərdə şəhərinə yaxınlaşmışdı. Albaniyanın paytaxtı Bərdə şəhərinə yaxınlaşan Salman ibn Rəbiə öz ordusuna şəhərdən bir fərsəx uzaqda düşərgə qurmağı əmr etdi. Bərdə əhalisi qala qapılarını bağlayıb müqavimət üçün hazırlaşmağa başladılar. Ərəblər Bərdəni mühasirəyə aldılar. Bərdəlilər inadla müdafiə olunduqları üçün mühasirə uzanırdı. Şəhərin mühasirəsi biçin vaxtına təsadüf etmişdi. Salman ibn Rəbiə əsgərlərinə ətraf kəndlərə hücum etmək əmrini verdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 328. Biçin vaxtı olduğu üçün ehtimal ki, Bərdənin mühasirəsi h.26/m.647-ci ilin yay mövsününün sonlarına təsadüf etmişdi. Salman ibn Rəbiənin ətraf kəndlərəbasqın etməyi əmr etməsinin səbəbi öz əsgərləri üçün ərzaq təmin etmək ola bilər. Eyni zamanda bərdəliləri qışlıq ərzaqdan məhrum edərək təslim olmağa məcbur etmək məqsədi də daşımış ola bilər.). Nəhayət Bərdə əhalisi Salman ibn Rəbiənin yanına elçi heyəti göndərib sülh istədilər və beyləqanlılarla bağlanmış müqavilənin şərtləri ilə özləri ilə də müqavilə bağlamağı təklif etdilər(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9; Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 328.). Salman ibn Rəbiə bu təklifə müsbət yanaşdı. Beləcə Bərdə müsəlmanların əlinə keçdi. Salman Bərdəni öz idarə mərkəzi təyin etdi. Buradan hücuma keçən mücahidlər Qarabağı bütünlüklə zəbt etdilər. Bəzi kürd qəbilələrinin müqavimət göstərməsinə baxmayaraq onlar da bir müddət sonra təslim oldular. Bərdənin və Qarabağın fəthindən sonra Salman ibn Rəbiə öz qüvvələrini Albaniyanın şimali qərbində yerləşən ən böyük şəhərlərindən biri olan Şəmkirə yönəltdi. Qısa müddət ərzində Şəmkiri ələ keçirən mücahidlər, daha sonra Kür çayı boyunca cənubi şərqə doğru irəliləyərək Kür və Araz çaylarının birləşdiyi yerdə yerləşən Bərdic şəhərini də zəbt etdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 328.).

Qəbələ, Şabran, Dərbəndin fəthi və Salman ibn Rəbiə əl-Bahilinin şəhadəti

Bərdic yaxınlığında Kür çayı üzərindəki körpünü təmir etdirən Salman ibn Rəbiə öz əsgərləri ilə Qəbələ şəhərinə yaxınlaşdı. Qısa çəkən döyüşdən qalib çıxan müsəlmanlar əvvəlcə Qəbələ sonra da Şəki şəhərlərini ələ keçirdilər. Salman ibn Rəbiə Qəbələ, Şəki şəhərlərinin hakimləri və Şirvan məliki ilə cizyə vermələri şərtilə əhd bağladı(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 328-329.). Şirvanda Huzeyfə ibn-ul-Yəmanın ordusu ilə birləşən Salman ibn Rəbiə(Təbəri, Tarix-i Təbəri, c. V, s. 2158.) birlikdə Şabran şəhərinə(Dəvəçi rayonu ərazisində yerləşir.) doğru irəlilədilər və qalanı mühasirəyə aldılar. Qısa müddətdə Şabran qalasını fəth edən Salman ibn Rəbiə Azərbaycanın Qafqaz dağlarında yaşayan əhalisi ilə də vuruşaraq özünə tabe olmağa məcbur etdi. Məsqət (Müşkür-Xaçmaz), Gilgilçay(Siyəzən rayonu ərazisində yerləşir.), Lakz, Filan, Təbərsəran(Dağıstanın cənubunda yerləşir.) əhalisinin məlikləri ilə müsəlmanlar arasında cizyə ödəmək şərtilə razılaşma əldə edildi. Bir müddət Şabranda qalan Salman ibn Rəbiə buradan şimal istiqamətində irəliləyərək Bab-ul-Əbvaba (Dərbənd) yürüşə çıxdı(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 10.).
Salman ibn Rəbiənin əmri altındakı mücahidlərlə Samur çayını keçib sürətlə Dərbəndə yaxınlaşdığından xəbər tutan Xəzər xaqanı özünün 300 minlik qoşunu ilə şimala doğru geri çəkildi. Ətrafındakılar onu qınayaraq: «Ey hökmdarımız! Sənin 300 min onların isə 10 min əsgəri var və sən onlarla döyüşməkdə tərəddüd edirsən». Xaqan belə cavab vermişdi: «Mən bu qövm haqqında onların göydən yerə endiklərini və heç bir silahın onlara təsir etmədiyini eşitmişəm. Söyləyin, belə olan halda kim onlarla döyüşməyə cəsarət edə bilər?»( Yenə orada.).
Xəzər xaqanının Dərbənddən çəkilməsindən sonra şəhərə girən mücahidlər heç bir müqavimətlə qarşılaşmadılar. Salman ibn Rəbiə Dərbənddə üç gün qalandan sonra xəzəriləri təqib etmək məqsədilə şimal istiqamətində hərəkət etmişdi. Yarqu şəhərini ələ keçirən mücahidlər xəzərilərin ordugahı yaxınlığında düşərgə salmışdılar. Bura sıx meşəlik və iti axan çay kənarı idi. Xaqanın kəşfiyyatçıları davamlı olaraq ərəblərin ordugahını müşahidə edirdilər. Mücahidlərdən biri ordugahdan ayrılıb çimmək üçün çaya girdiyi vaxt mücahidlər onu ox yağışına tutmuşdular. Şəhid olan mücahidin kəsilmiş başını və paltarlarını xaqana göstərib: «Budur ölməz olduqlarına və silah təsir etmədiyinə inandığımız düşmənlərimizdən birinin kəsilmiş başı» demişdilər. Bundan cəsarətlənən xaqan digər türk qəbilələrindən də topladığı 300 min nəfərlik ordusu ilə ərəblərə hücum etdi. Ərəblərlə türklər arasındakı bu misli görünməmiş müharibə 6 gün davam etmişdi. Müsəlmanlardan bir çoxu şəhid olmuşdu. Onların məzarları Dərbəndin şimalında «Qubur-uş-Şühəda» («şəhidlərin qəbirləri») adlanan yerdədir(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 10-11.). Xəzərilər ərəblərdən daha çox itki vermişdilər. Döyüşün altıncı günündə Salman ibn Rəbiə öz əsgərlərinə müraciət edərək 40 nəfər könüllü istəmişdi. Bu 40 nəfər süvari ilə xəzərilərin döyüş sıralarını yarıb keçən Salman ibn Rəbiə xaqanın çadırına basqın edərək çadırın iplərini kəsmişdi. Fəqət dağıdılmış çadırda xaqanı ələ keçirə bilməmişdilər, çünki o çadırda yox idi. Bu qırx igid mücahid, komandirləri Salman ibn Rəbiə ilə birlikdə, mühasirəyə düşərək son nəfəslərinə qədər vuruşmuş və şəhid olmuşdular(Bakıxanov, həmin əsər, s. 52-53. Mənbələrin həm hadisələrin cərəyan etdiyi tarix haqqında, həm də şəxslər haqqında verdikləri məlumatlar qarışıq və ziddiyyətlidir. İslami mənbələrdən Təbəri və İbn-ul-Əsirin bu hadisənin h.32/m.652-653-cü ildə baş verdiyini, bu döyüşdə Əbdurrəhman ibn Rəbiənin şəhid olduğunu qeyd etməsinə rəğmən, Belazuri və İbn-ul-Əsəm Salman ibn Rəbiənin bu döyüşdə xəzərilərlə vuruşduğunu və şəhid olduğunu yazırlar. İbn-ul-Əsəmin Kitab-ul-Fütuh əsərini tərcümə etmiş mərhum akademik Z. Bünyadov açıqlamalar bölməsində bu hadisənin h.25/m.646-cı ildə gerçəkləşdiyini qeyd edir. Bəlazuri də Salman ibn Rəbiənin bu məmləkətin fəthi üçün h.25/m.646-cı ildə göndərildiyini nəql edir (bax: Fütuh-ul-Büldan, c. I, s. 320). İbn Kəsir isə Əbdurrəhman ibn Rəbiənin h.32/m.652-653-cü ildə Bələncər qalası yaxınlığında xəzərilərə qarşı girişdiyi döyüşdə şəhid olduğunu yazır. O, Salman ibn Rəbiə haqqında isə belə yazır: «Salman ibn Rəbiə əl-Bahilinin Rəsulullahın (s.a.v) əshabından olduğunu deyirlər. Salman ibn Rəbiə adlı-sanlı igid və məşhur qəhrəman idi. Xəlifə Ömər onu Kufə qaziliyinə (hakimliyinə) təyin etmişdi. Xəlifə Osmanın dövründə o, türklərlə (xəzərilərlə) vuruşmaq üçün göndərilən orduya komandan təyin olunmuşdu. O, Bələncər yaxınlığında şəhid olmuşdur və məzarı da oradadır» (bax: əl-Bidayə, c. VII, s. 353-354). İbn Kəsir onun vəfat tarixinin bilinmədiyini yazır. Müasir tədqiqatçılardan İ. Kafesoğlu (həmin əsər, s. 159) və M. Artamonov (həmin əsər, s. 177) da Salman ibn Rəbiənin 652-653-cü illərdə vəfat etdiyi qənaətindədirlər. Daha əvvəl, Salman və Həbibin Dəbil və Naxçıvanı fəth etdikləri vaxt əhd şərtlərindən narazı olan əhalinin bir hissəsini Araz çayının cənubuna köçürdüklərini qeyd etmişdik. Moisey Kalankaytuklu Bizans imperatoru II Konstansın (641-668) hakimiyyətinin 6-cı ilində ərəblərin Dəbili ələ keçirərək 35 min insanı əsir aldıqlarını qeyd edir (bax: Albaniya tarixi, s. 127). Bəlazuri, Həbib ibn Məsləmənin Ərməniyyəni fəth etməsi haqqındakı məktubu ilə, Salman ibn Rəbiənin şəhadət xəbərinin eyni vaxtda, onunla birlikdə döyüşlərdə iştirak etmiş Qərza ibn Kəb əl-Ənsari adlı şəxs tərəfindən xəlifəyə çatdırıldığını yazır. II Konstansın hakimiyyətinin 6-cı ili (641+6) 647-ci ilə təsadüf edir. Göründüyü kimi, bu hadisənin 652-653-cü ildə baş verməsi mümkün deyildir. Bu hadisə 646 və ya 647-ci ildə olmuşdur.). Bu qırx şəhidin məzarı Dərbənd qalasının şimal divarının yaxınlığında bu gün də mövcuddur və «Qırxlar qəbirstanlığı» adı ilə tanınır.
Xəzərilər Salmanın və qırx mücahidən şəhid olduğu yerdən o gecə göyə nur sütununun yüksəldiyini görmüşdülər. Səhər açıldığı vaxt onlar Salmanın cənazəsini bir tabuta qoyub öz məbədlərinə aparmışdılar(Yaqut əl-Həməvi, Mucəm-ul-Büldan, c. I, s. 361.). Bütpərəst-müşrik xəzərilər qıtlığa və quraqlığa düçar olduqları vaxt Salmanın cənazəsini vasitəçi qılaraq dua edirdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 354; Yaqut əl-Həməvi, Mucəm-ul-Büldan, c. I, s. 361.).
Məşhur ərəb şairi İbn Cümanə əl-Bahili, Salman ibn Rəbiə əl-Bahili və Orta Asiyada, Türküstanda şəhid olan müsəlman sərkərdə Quteybə ibn Müslim əl-Bahili haqqında qəsidə yazmışdı(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 329.).
Xəlifə Osman ibn Əffan mücahidlərin və Salman ibn Rəbiənin şəhadət xəbərini eşitdiyi vaxt çox hüzünlənmişdi. Hətta xəlifə həyəcan və kədərindən ötrü yuxusuzluğa düçar olmuşdu(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 11.). Daha sonra o, Huzeyfə ibn-ul-Yəman əl-Əbsiyə məktub yazaraq onu şəhid olmuş Salman ibn Rəbiənin yerinə Albaniya valiliyinə təyin etmişdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 329-330.).

Ardi: 7-ci Hissə




Fayl olaraq yüklə:
6.reshidiXelifeler_azerb.fethi.doc
6.reshidiXelifeler_azerb.fethi.pdf

Mobil telefonlar üçün:

6.reshidiXelifeler_azerb.fethi.doc 6.reshidiXelifeler_azerb.fethi.pdf


Bölmə: Mobil Kitablar | Baxılıb: 545 | Yüklədi: selefimedia