Baş səhifə » 2014 » Oktyabr » 23 » Qaraçuxur məscidindən Suriyaya gedənlər olub?
11:51
Qaraçuxur məscidindən Suriyaya gedənlər olub?

Qaraçuxur məscidindən Suriyaya gedənlər olub?

 Müxbirimiz sələfilərin və şiələrin ibadət etdiyi “Cümə” məscidindən yazır;

“Əbubəkr” və “Müşviq” bağlandıqdan sonra burada izdiham artıb, şiə icması kommunal problemlərdən gileylənir...

Bakıda “Əbubəkr” və “Müşviq” məscidlərinin bağlanması Qaraçuxurda izdiham yaradıb. Paytaxtın bu qəsəbəsində yerləşən “Cümə” məscidi sələfi, xəvaric və digər təriqət üzvlərinin ən çox toplaşdığı yerə çevrilib.

 
Bu mənada məscidə ciddi şəkildə nəzarət var. Çünki məsciddə sələfilərlə bərabər şiələr də ibadət edir. Üstəgəl, bir müddət əvvəl “Aşurbəy”, “Müşviqabad” məscidlərində polis əməliyyat keçirib. MTN 26 İŞİD üzvünü həbs edib. O cümlədən Suriyaya döyüşməyə gedənlərin günbəgün artması həyəcan təbili çalmaq üçün əsas yaradıb. 
 
Elə “Əbubəkr”in imamı Hacı Qamət Süleymanov də belə hesab edir ki, məscidlərin fəaliyyətini dayandırması radikalizmi artırır və Suriyada terrorçulara qoşunlar çoxalır. Hacı Qamət adıçəkilən məscidlərin açılmasını təklif edir. Ancaq Qaraçuxurdakı məscid bağlanan sözügedən iki Allah evindən fərqlənir. Çünki burada şiə və əhli-sünnə icmaları arasında bölgü aparılıb...
 
Bu məscidin ətrafında hər addımbaşı sələfiləri görmək olar. Qaraçuxurun bu massivində onların mağazaları, dükanları... kimisi ət məhsulları satır, kimisi ədviyyat, kimisi də kənd təsərrüfatı malları. Əksəriyyəti ticarətçi olsa da, arasında taksi sürücüsü işləyənlər də var. Hər gün məscidə beş dəfə toplaşıb, namaz qılan sələfilərdən fərqli olaraq şiə icması üç dəfə namaza gəlir. 
 
Məscidin həyətində olan dindarlardan öyrənirik ki, hər gün iki dəfə sələfilər, üç dəfə şiələr üçün Azan verilir. Hər bir təriqət üzvləri ayrı-ayrı vaxtlarda ibadətini edib dağılışırlar. Şiə və sünnilər birgə namaz qılmırlar. Cümə günləri isə əhli-sünnə camaatının imamı Hacı Qurban çıxış edir. Həmin günlər məsciddə izdiham müşahidə olunur, ərazidə tıxac yaranır. Amma biz getdiyimiz vaxtda namaz qılınmışdı deyə sələfilərin imamı məscidi tərk etmişdi. Ona görə də onun məscidin fəaliyyəti haqda fikirlərini öyrənmək mümkün olmadı. Əvəzində şiə icmasından olan nümayəndə adının çəkilməməsi şərti ilə bəzi məlumatlar verdi.
 
Onun sözlərinə görə, bura müxtəlif təriqətlərə aid adamlar ibadətə gəlir. Onların arasında təkfirçi, xəvaric və başqaları olur. İcma üzvü məsciddən Suriyaya gedənlərin olduğunu da istisna etmir: “Bütün bu möminlər 12 qrupa bölünüblər. Əslində hamısı eyni təriqətə qulluq edirlər. İndi mən deyim ki, bu məscidə ibadətə gələnlərdən Suriyaya gedən olmayıb, dəqiq heç nə deyə bilmərəm.
 
Suriyaya getmək üçün bu məscidə gəlmək lazım deyil. Başqa yerdə də ibadət edib qoşula bilərlər. Buna biz yox, hüquq-mühafizə orqanları nəzarət etməlidir. Araşdırsınlar ki, bu adamlar necə Suriyaya gedirlər. Bu məsciddən gedənlər olubsa da, bundan xəbərimiz yoxdur, o adamları tanımırıq".
 
Şiə icmasının nümayəndəsi məsciddə məzhəb qarşıdurması olmadığını bildirir. Onun məlumatına görə, əhli-sünnə ilə hər hansı problem yaşanmasına imkan verilmir: “Yeni gələn adamı hamı seçə bilir. Təzə gələnlər əvvəl-əvvəl aqressiv, radikal olurlar. Sonra yumşalırlar. Biz burda işi elə qurmuşuq ki, nə onlar, nə biz toqquşmayaq. İndi ola bilər ki, məsciddən kənarda nəysə olur. Məscidin içərisinə biz cavabdehik. Onlar üçün iki dəfə Azan verilir, bizim üçün üç dəfə. Bax, qabaqdan Məhərrəm ayı gəlir. Aşura günü onlar bilir ki, biz hansı saatda toplaşırıq, o zaman gəlmirlər. Yəni Qaraçuxur məscidi başqalarından fərqlənir. Şiə və əhli-sünnə bir yerdə yola gedirlər. Üstəlik, Aşura günü qanvermə aksiyası keçirilən məscidlərdən biri də ”Cümə"dir. Qafqaz Müsəlmanları İdarəsinin qərarına əsasən Qaraçuxur məscidi hər iki tərəf üçün açıq elan olunub".
 
İcma üzvü “Aşurbəy” və “Müşviqabad” məscidlərində polis əməliyyatının burada təkrarlanmadığını iddia edir. Onun dediyinə görə, “Cümə” məscidini hamı tanıyır və nəzarət olunur. Əsas qüvvənin sələfilər olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, məscidin təsərrüfat işlərini də bölgü ilə aparırlar.
 
Kommunal problemlərdən şikayətlənən icma üzvü deyir ki, prezidentin fərmanına əsasən, məscidə 50 min kubmetr qaz verilməlidir: “Prezidentin ibadət evləri barəsində fərmanı var. Bu məscidə 50 min kub qaz güzəşt kimi verilməlidir. Bütün sənədlərimiz hazırdır. Ancaq bu günə kimi o qazdan bizə çatmayıb. Məscidin içində kombi var, radiatorlar quraşdırılıb. Amma qaz, işıq, su pulunu hələ də özümüz veririk. Bizə bir qəpik də güzəşt olmayıb. Prezidentin fərmanı ortada qalıb”.
 
Müsahibimiz qeyd edir ki, məscidin təsərrüfat işlərinin xərci burada ölü yuyulmasından əldə olunan gəlirdən sərf olunur: “İşıq, qaz, su pulunu yalnız bu yolla verə bilirik. Nəzir qutuları qoyulub, ordan ödəniş edilir. Onların icması da öz üzvləri arasında pul toplayıb verirlər”.
 
E.SALAMOĞLU

http://musavat.com
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 676 | Yüklədi: Azerislamoglu