Baş səhifə » 2014 » Noyabr » 20 » Qamət Süleymanov:"Zöhrabın evi üçün güc strukturlarından icazə alınmışdı"
22:23
Qamət Süleymanov:"Zöhrabın evi üçün güc strukturlarından icazə alınmışdı"

Qamət Süleymanov

“Zöhrabın evi məscid yox, namazgah idi və bununla bağlı hətta güc strukturlarından razılıq da alınmışdı”

“Əbu Bəkr” məscidinin imamı, sələfilərin lideri hesab olunan Qamət Süleymanov son günlərin əsas müzakirə mövzusuna çevrilən sələfilərin Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı iddialarına və DİN-in sərt açıqlamasına münasibət bildirib.

Qamət Süleymanov "Qafqazinfo"ya müsahibəsində deyib ki, o, Sumqayıtda həbs olunan Zöhrab Şıxəliyevin evində yaratdığı məsciddə dəfələrlə olub: "Zöhrabı yaxşı tanıyıram və mən orada dəfələrlə olmuşam. Zöhrab heç vaxt radikal olmayıb, əksinə radikallığa qarşı olub. Sumqayıtda əhli-sünnə üçün məscid yoxdu. Bir neçədə dəfə Cümə məscidinə getməyə cəhd edilmişdi, orada problemlər yaradılmışdı. Zöhrab da evinin zirzəmisində namaz qılmaq üçün yer ayırdı. Bir ildən çoxdur orada namaz qılınır, heç kəsə də problem olmayıb".

Daha sonra Q. Süleymanov orada keçirilən əməliyyatla bağlı DİN-də işləyən bəzi şəxsləri ittiham edib: "Həmin namazgahdan silahların çıxması bizim özümüzü təəccübləndirib. Bizə elə gəlir ki, anlaşılmazlıq olub. Aparılan tədqiqatdan sonra düzgünlük ortaya çıxacaq. Biz Daxili İşlər Nazirliyini günahlandırmaq istəmirik. Amma ola bilər, qurumun içində hansısa şəxslər öz vəzifələrindən sui-istifadə edirlər. Ola bilər hansısa əqidəyə meyillidir və bizim qardaşlarımızdan qisas alır. Biz bunun əleyhinəyik.

Bir daha deyirəm ki, ora məscid deyil, namazgah idi. Dövlətdən gizlin deyildi. Sumqayıtın polisinin də, digər güc strukturlarının xəbəri var idi. Hətta güc strukturlarından razılıq da alınmışdı. Razılıq vermişdilər ki, evinizdə yığışın, sakitçilik olsun. Çünki Cümə məscidində problem yaranırdı. Orada camaat sadəcə namaz qılırdı, hansısa qrupların toplaşması-filan yox idi. Radikal adamlar qalır qıraqda, normal adamlar vurulur".

O, həmçinin Sumqayıtda radikalların çox olmasına da aydınlıq gətirib: "Sumqayıtda əhli-sünnənin toplaşması üçün yığılmağa normal yer yoxdur. Camaat pərakəndə haldadır. Girirlər internetə, din adı ilə fəaliyyət göstərən radikalların təsiri altına düşürlər. Sumqayıtda qaçqın şəhərciyində kiçik məscid var idi. O bağlandı və problemlər də bundan sonra başladı. Məscidlərin bağlanması radikallara sərf edir. Pərakəndə halda olan insanları öz tərəflərinə çəkirlər. Gəncədə əhli-sünnə üçün bir məscid vardı. O da bağlandı, indi kitabxana kimi işləyir. Bu ancaq radikallara sərf edir".

Xatırladaq ki, bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı video müraciət yaymışdılar.

avropa.info/?xeber=71984

 

 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik.

Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"- deyirlər.

Onları Rəbbi tərəfindən bağışlamaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır”

(Bəqərə surəsi, 155-157)

Bölmə: Xəbərlər | Baxılıb: 1259 | Yüklədi: Azerislamoglu