Qamət Süleymanov:"Suriyaya gedənlər əmirlər tərəfindən idarə olunur" - 28 Января 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Yanvar » 28 » Qamət Süleymanov:"Suriyaya gedənlər əmirlər tərəfindən idarə olunur"
19:38
Qamət Süleymanov:"Suriyaya gedənlər əmirlər tərəfindən idarə olunur"

Suriyaya gedənlər əmirlər tərəfindən idarə olunur


-Suriyaya gedib döyüşən azərbaycanlılar bu gün gündəmdədir. Bunlar kimlərdir?

-Suriyaya gedib vuruşanlar fikrə əsaslanırlar. Çünki İslamın içində elə camaatlar var ki, onların fikirləri ancaq cihad etməkdir. Onlar İslamı elə başa düşürlər ki, İslam ancaq cihaddır, harda döyüş oldu, gedib orda ölməlisən. Əsasən fikir onları aparır.

-Ölkədə kimlərdir bunu təbliğ edən, konkret hansı məscid bunu edir?

-Konkret məlumat yoxdur. Onlar üzdə deyilər, gizlin təşkilatlardır. Onlar elə camaatlardır ki, üslublarına görə mütləq əmirləri olur. Onların hər birinin öz əmirləri olur və bu əmirlər tərəfindən idarə olunurlar. Lakin hər şey gizli formadadır.

-Bəs gedənlər hansı marşrutu seçir?

-Bizim Suriya ilə sərhədimiz yoxdur. Bura əsasən üçüncü ölkədən istifadə edilir, xüsusilə də Türkiyədən. Türkiyədə Suriya sərhədi açıqdır, kim istəyir gedib gələ bilir.

-Son günlər sizin haqqınızda da radikallığı təbliğ etməklə bağlı iddialar var.

-Mənim mövqeyim aydın. Mən harasa getməyin əleyhinəyəm. Bunu da dəfələrlə bildirmişəm.

"Mövqelərini açıqlamadılar. Biz də dedik ki, bizim camaatdan deyilsiniz”

-Bir müddət əvvəl sizin camaat daxilində problemlər yaşandı və bir neçə nəfəri uzaqlaşdırdınız. Əlixan Musayev də mediaya müsahibəsində bununla bağlı danışdı. Əslində səbəb nə idi?

-Biz onları qovmamışıq. Bu adamlar belə iğtişaşların tərəfini saxlayırlar, hakimiyyətə qarşı münasibətləri pisdir, millətə qarşı düşmən mövqeyindədirlər. İki nəfərlə bağlı deyirdilər ki,  onlar dönüblər. Biz də onlardan tələb etdik ki, əgər doğrudan da dönmüsünüzsə, bildirin biz də bilək. Dönməmisinizsə, sizin döndüyünüzlə bağlı iddialar var. Bu özünüz üçün də yaxşı deyil. Lakin onlar mövqelərini açıqlamadılar. Biz də dedik ki, əgər aydın deyilsinizsə, siz bizim camaatdan deyilsiniz.

-Amma sonradan Əlixan Musayev müsahibəsində bildirdi ki, onu gözünüz götürmür?

-Bu  boş iddialardır. Mənim heç kəslə işim yoxdur. Mən elə adam deyiləm. Bu sadəcə olaraq söhbətdən qaçmaqdır.

-İndi necə anlayaq, onlar da sələfi olduqlarını deyirlər. Cəmiyyətdə bir qədər anlaşılmazlıq var. Sizi daha çox əhli-sünnə olaraq tanıyırlar.

-Sələfilər elə əhli-sünnədir. Biz deyirik ki, əsas dinimiz Qurandan götürülməlidir. Eyni zamanda, Peyğəmbərin (s. ə. s) səhih hədislərindən. Bu birinci qaydadır. İkinci tərəfdən Raşid xəlifələrindən sonra dinə nəsə din adı ilə daxil edilirsə, bunu qəbul etmirik. Bunlar xurafatdır, vəssalam. Biz artıqları, əlavələri qəbul etmirik. Bizim dəvətimiz Peyğəmbərin (s. ə. s) vaxtında dünya məsələləri deyil, dini məsələlərdir. O din ki, orda ixtilaf, bölünmə yox idi, təmiz idi. Sonra ixtilaflar, təriqətlər yarandı ki, biz onları qəbul etmirik. Bizim dəvətimiz bundan ibarətdir.

-Olubmu ki, sizin camaatdan olanlar arasında sonradan Suriyaya gedənlər olsun?

-Əlbəttə olub. Çünki çağırışlar, dünyada gedən proseslər radikallığa təsir edib. Ümumiyyətlə, hazırda müsəlmanlar arasında radikallıq çoxalıb. Bu da dünyada gedən proseslərin nəticəsidir. Müsəlman ölkələrində problemlər var. Radikallar da bu hadisələrdən məharətlə istifadə edərək cavanlar arasında təbliğat aparırlar ki, bizi hər yerdə öldürürlər, gərək qalxaq. Bir-iki ümumi ayə, hədis də gətirirlər və şəriətdən məlumatı olmayan adam aldanır.

"Bizim camaatla təmasımız qalmayıb”

-Yəni sizin camaatdan olanların da getməsinə səbəb kimi radikalların təbliğinin olduğunu deyirsiniz?

-Əvvəllər belə yox idi. Amma hazırda insanlarla münasibət azalıb. Bu səbəblərdən biridir. Suriya hadisələri 2 il neçə ay qabaq başlayıb. Əbu-Bəkr məscidinə isə 2008-ci ildən məhdudiyyət var və bu məhdudiyyət bu gün də davam edir. Camaatla təmas olmadığına görə, təmaslar qırıldığına görə bundan radikal qüvvələr istifadə edib cavanları aldatmaq istəyirlər. Mən səbəbləri bununla bağlayıram.

-Özünüz bununla bağlı nələrsə edirsiniz?

-Biz Əbu-Bəkr məscidi fəaliyyət göstərən gündən buna qarşı təbliğatla məşğuluq. Sadəcə məsciddə terror olandan sonra məhdudiyyət qoyduldu və bu davam edir. Hazırda buna görə bizim camaatla təmasımız qalmayıb. Onlar da başqa məscidlərə üz tuturlar. Başqa qruplar da camaatın dağınıqlığından istifadə edir. Əsasən də cavanları aldada bilirlər.

Daxildə də döyüşlər gedir


-Belə iddialar var ki, bu gün Suriyada döyüşənlər, azərbaycanlılar da daxil olmaqla, daha sonra Şimali Qafqaza, ardınca da Azərbaycan üz tutaraq vuruşacaqlar. Siz necə düşünürsünüz?

-Mən inanmıram ki, ciddi təhlükə olsun. Belə bir şey görmürəm. Amma problem var. Vəssalam.

-Yəni bu gün Suriyada açıq müstəvidə savaş gedirsə, daxildə də belə bir savaş  mövcuddur?

-Yəni fiziki olmasa da, fikir döyüşləri gedir. Bu var.

-Maraqlıdır ki, radikallıq, elə bu gün Suriyaya gedənlər şiə kəsimindən niyə çıxmır, bunun hansısa bir səbəbi varmı?
-Radikallar hər bir tərəfdə var, hətta siyasi partiyalarda da sərt mövqeyi ilə seçilən radikallar mövcuddur. Şiələrdə də radikallar var. Şiələr tərəfindən də ölkədə terror olub, bu mediadan məlumdur. Sadəcə olaraq, Azərbaycanda əhli-sünnəyə qarşı mediada birtərəfli təbliğat gedir.


publika.az

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 568 | Yüklədi: selefimedia