Baş səhifə » 2014 » Noyabr » 20 » Qamət Süleymanov:"Saqqallıdan yox, saqqalsızdan qorxun."
17:40
Qamət Süleymanov:"Saqqallıdan yox, saqqalsızdan qorxun."

Saqqallıdan yox, saqqalsızdan qorxun. Çünki terrorçu qorxudan və bilərəkdən saqqalını qırxır. 

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun “Qafqazinfo”ya müsahibəsi:

 
- Son vaxtlar nə işlə məşğul olursuz? Harada toplaşırsız?
 
- Bismillahir Rəhmanir Rəhim. 2008-ci ildə “Əbu Bəkr” məscidinə hücum olandan sonra fəaliyyətimiz məhdudlaşdırıldı. Məscid bağlı deyil, açıqdır. Heç vaxt da tam bağlı olmayıb. Amma məhdudiyyət var, yalnız icmanın üzvləri gəlib-gedə bilir. Mən də məsciddə oluram, namazlarımı burda qılıram. Başqa geniş fəaliyyətim yoxdur.
 
- Sizə vəhhabi deyirlər. Siz də daxil olmaqla heç kim vəhhabi olduğunu etiraf etmir. Azərbaycanda vəhhabilər kimlərdir?
 
- Vəhhabilik yoxdu. Belə bir təriqət olmayıb. Olmayan şeydən necə danışım. Sadəcə Məhəmməd ibn Əbdül Vəhhab olub. Onun müəyyən addımlarına qaşı çıxan şəxslər onun tərəfdarlarını vəhhabi adlandırıblar. Siz desəz ki, saqqal vəhhabilik əlamətidir, bu düzgün deyil. Saqqala ən normal münasibət sələfilərdədir. Şiə məzhəbində saqqal saxlamayanı kafirdir deyirlər. Heç bizdə elə deyil. Şalvarın qısa olması hər məzhəbdə var, heç də sələfilərə xas deyil. Saqqal bu gün həm də dəbdir. Ateistlər, hətta Konçita da saqqal saxlayır.
 
- Suriyada döyüşüb ölənləri şəhid kimi təqdim edirlər. Hətta Kərbəla hadisələri ilə müqayisə edənlər də var. Belə başa düşürəm ki, bu gün Sumqayıtdan gedən radikalları 500 il sonra insanlara İmam Hüseyn səviyyəsində təbliğ edə bilərlər. Bu məsələlərə sələfi yanaşması necədir?
 
- Suriyada sadəcə dindən istifadə edilir. O münaqişənin əvvəlində din məsələsi yox idi. Bəşər Əsəd dinc nümayişçiləri öldürdü. Bununla da silaha əl atıldı. Radikal qruplar da gəlib töküldü ora. Din heç vaxt insanları bu hala salmaz. Din fitnənin əlindir. Orada baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Ola bilər sizin dediyiniz kimi 500 il sonra Suriya hadisələrini Kərbəla hadisəsi kimi qeyd etsinlər. İnsanlar belədir ki, 1 milyon insanın qarşısında qaşığı qaldır, denən buna ibadət edin. Adamların içindən qaşığa ibadət edən də tapacaqsan. 
 
- Siz demisiz “hakim zalım da olsa bir sələfi ona qarşı çıxmamalıdır”. Əgər hakim sələfinin ideologiyasına qarşı olsa necə?
 
- Sələfilər heç vaxt hakimiyyətə qarşı çıxmır. Xəvariclər isə bunu edir. Kimsə deyirsə ki, hakimiyyətə qarşı çıxır və sələfidir, o adam yalançıdır. Hakim sələfi ideologiyasına qarşı çıxsa belə yenə də olmaz. Hakimə qarşı çıxmaqla ümumi əmin-amanlıq pozulur. 
 
- Din və peyğəmbər qadınlara hicabı vacib sayır. Dövlət isə deyir ki, məktəbdə hicab olmaz. Bir sələfi belə olanda peyğəmbərin, yoxsa dövlətin buyruğunu seçməlidir?
 
- Bizim üçün ən birinci Allahın hökmüdür. Dövlət məktəblərdə hicaba qadağa qoyursa, biz bu fikirlə razı deyilik. Lakin buna görə hakimiyyətə etiraz etməyin də əleyhinəyik. Sadəcə imkan daxilində hakimiyyətə bildirmək istəyirik ki, hicab azad olmalıdır. Uşaq yaşlarında hicab bağlanmaya bilər. Lakin artıq qızda qadınlığa məxsus hadisələr olanda hicab bağlanması vacibdir. Bu da təxminən 12-13 yaş götürülür. 
 
- Nizami Gəncəvi “İskəndərnamə”də yazır ki, qadına baxmaq günahdırsa, gözlərini ört, qadını yox. Dindarlar gözlərini örtə bilərlərmi?
 
- Nizami Gəncəvi özü də şeyx olub, dindar olub. Onun şeirlərində də görsənir ki, əhli-sünnə olub. İndi şeirdə ola bilər həcmin düz olması üçün belə yazıb. Kişi də gözlərini qorumalıdır. Lakin bu o demək deyil ki, qadınlar hicabsız gəzsin. Bu sadəcə misaldır. Şeirdə olur belə şeylər.
 
- Sələfinin yaşadığı hansısa dövlət sabah elan etsə ki, namaz əli açıq qılınmalıdır. Sələfi buna da əməl etsə, əqidə sıradan çıxacaq.
 
- İnşallah, o həddə çatmaz. Bircə Səfəvi hakimiyyəti belə şərtlər qoymuşdu. Əli bağlı namaz qılanları öldürürdülər. Yəqin ki belə qadağa olmaz. Olmayan şey haqda mən nə deyim?!
 
- Hacı Şahin deyir ki, Kərbəla Kəbədən üstündür. Əhli-sünnənin buna münasibəti necədir?
 
- Necə yəni, Kərbəla Məkkədən üstündür?! Quranda Kəbənin neçə dəfə adı çəkilib, Kərbəlanın niyə adı yoxdu? Əgər Kərbəla belə üstün idisə, niyə Quranda adı yoxdu?! Bu şiə məzhəbinin fikridir ki, Kərbəlada böyük bir hadisə olub. Bədr döyüşü Kərbəladan daha böyük hadisədir. Kəbə Allahın evidir. Allah əmr edir ki, Həccə gedin. Əgər elə olsaydı, deyərdi ki, Kərbəlaya gedin. Heç İmam Hüseyn də belə deməzdi ki, Kərbəla Məkkədən üstündür.
 
- İctimai yerlərdə insanların sələfilərdən qorxmasının səbəbi nədir?
 
- Təbliğat. Bizi qorxunc göstərirlər. Baxırlar ki, İŞİD də saqqal var, bizdə də. Nə olsun ki?! Karl Maksın da saqqalı olub. Hər saqqal saxlayan terrorçudur?! Biz bilirik ki, bizi terorçu hesab edirlər. Amma camaat bilsin ki, biz terrora, İŞİD-ə qarşıyıq. Biz dövlətə qarşı deyilik, əmin-amanlığın tərəfdarıyıq. Saqqallıdan yox, saqqalsızdan qorxun. Çünki terrorçu qorxudan və bilərəkdən saqqalını qırxır. Ölkədə dini sahədə marrifçilik işləri zəifdir.
 
- Deyirsiz maarifçilik zəifdir. Özünüz din xadimisiz, maarifləndirmə işi aparırsız. Amma qaynınız şəhərin mərkəzində İŞİD bayrağı qaldırır. Ən yaxın adamınızı maarifləndirə bilmirsiniz?
 
- O heç vaxt İŞİD bayrağı qaldırmayıb. Şəkildəki də o deyil. Ona dostu demişdi ki, qohumum mitinqdədir, gedək onu ordan çıxaraq. Bu da kənarda dayanıb. Deyir ki, ara qızışdı, gördüm yerdə bayraq var. Üstünə “La İlahə İllallah” yazılıb, götürdüm ki, Allahın adı tapdalanmasın. Bu vaxt tutdular. Hadisə belə olub.
 
- Elşad Miri, Hacı Şahin, Hacı İlqar və s. Din xadimlərinin sizə münasibəti heç də müsbət deyil. Sizin onlara yanaşmanız necədir?
 
- Onları yaxşı tanımıram. Azərbaycan vətəndaşlarıdırlar, vəssalam. Dini yöndən çox fikirlər var ki, onlarla razı deyilik.
 
- İslamda foto çəkməyə münasibət necədir?
 
- Şəkil çəkmək İslamda haramdır. Peyğəmbər bunu qadağan edib və şəkil çəkənlər üçün ayrıca əzab deyib. Sadəcə şəriət icazə verib bəzi hallarda, sənədlə bağlı şəkil çəkdirmək olar.
 
- Sizin şəklinizi çəkdim. İndi günah sizindir, ya mənim?
 
- Sizin. Amma biz kef üçün çəkmədik. Buna görə eyb etməz.
 
- İslam daha çox kişilərin dini kimi görünür. Qadınlara isə basqı olur.
 
- Xeyr, sadəcə İslam gələndə qadınların, ümumiyyətlə, hüquqları yox idi. Təbliğat elə göstərir ki, İslam guya qadınların hüquqların tapdalayır. Bu heç də belə deyil. 
 
- İslamda qadının evdə oturması məsləhət olunur. Hətta siz demisiz qadın müəllimlər yuxarı sinif şagirdlərinə dərs deyə bilməz. Kişi müəllimlərə olarmı?
 
- Qadına evdən tək çıxmağa icazə verilmir, bu da qadına hörmətdən irəli gəlir. Əslində İslamda qızların və oğlanların ayrı dərs keçməsi göstərilir. Dinimiz buyurur ki, kişilər həddi buluğa çatmış qızlara dərs deyə bilməz. Qızlara qadın, oğlanlara kişi müəllimlər dərs deməlidir. Kişi ilə qadının bir yerdə olması uyğun deyil.
 
- Oğlan və qız heç vaxt bir-birini görməyəcəksə, necə evlənəcək?
 
- Evlənməyin qaydası şəriətdə göstərilib. Siz narahat olmayın, onlar evlənəcəklər.
 
- Necə evlənəcəklər?
 
- Evlənmək istəyəndə qohum qadınlar qızlara baxıb deyirlər. Gedib baxırsan, ürəyinə yatıbsa adam göndərib evlənirsən.
 
- Bu əslində geniş müzakirə olunası məsələdir. Çünki tanımadan evlənmənin sonradan xarakterin uyğunlaşmamasına görə fəsadları da olur.
 
- O xarakter məsələsi boş söhbətdir, qeyri-ciddidir. Bu gün boşanmalar çoxalıb cəmiyyətdə. Hicabsız evlənirlər də, hanı?!
 
- 124 min peyğəmbərin içində qadın olubmu?
 
- Allah buyurur ki, biz peyğəmbərliyi kişilərə verdik.
 
- Niyə?
 
- Elə. Çünki kişi qadından güclüdür, qadın isə zəifdir. Kişi qadından üstündür. Bu qayda həmişə qalmalıdır, vəssalam.
 
- Müzakirəsiz?
 
- Müzakirəsiz.
 
 
Murad Əhməd
 
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1484 | Yüklədi: Azerislamoglu