Baş səhifə » 2013 » İyul » 4 » Qamət Süleymanov:“Qanunlar dinə uyğun olmalıdır” -MÜSAHİBƏ-
15:36
Qamət Süleymanov:“Qanunlar dinə uyğun olmalıdır” -MÜSAHİBƏ-
Qamət Süleymanov:

"Qanunlar dinə uyğun olmalıdır”

-MÜSAHİBƏ-

 "Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovla müsahibəni təqdim edir.

 

- Hacı Qamət indi nə işlə məşğuldur?

- Bismillahir rahmanir rahim. Əvvəl nə işlə məşğul idimsə, elə indi də o işlə məşğulam. Qabaq xütbələrimi geniş auditoriyaya deyirdim. İndi o böyüklükdə auditoriya yoxdur. Ancaq buna baxmayaraq, insanlar zəng edir, suallar verirlər.

- Zəng vuranlar, məsləhət alanlar çoxdur?

- Bəli, zəng vuranlar, məsləhət alanlar çoxdur. Məsləhət də cürbəcürdür. Suriyada baş verənlərə, o cümlədən ailə, ticarət məsələlərinə görə məsləhət alanlar daha çoxdur.

- Azərbaycanda islam fundamentalizminin olma təhlükəsi var?

- Fundamentalizm, radikallıq var və bu, inkişaf edir. Amma vəziyyət o qədər də kritik deyil. Yəni, radikallar o səviyyədə deyillər ki, nəsə edə bilsinlər. Çünki dövlət radikallığın qabağını alır. Ancaq yenə də bunlar artır. Problem maarifləndirmə işinin olmamağındadır, müalicə məsələsi yoxdur. Fikri düzəltmək, dəyişdirmək lazımdır. Radikallığa yoluxmağın səbəbləri var, ən birinci səbəb narazılıqdır. Bu işdə maarifləndirmə möhkəm olmalıdır. Çox təəssüf ki, heç bir qurum bu işlə bağlı bir iş görmür.

- Məscid bağlanandan sonra ora gələn dindarların taleyi necə oldu?

- Onlarla bağlı vəziyyət yaxşı deyil. Çünki onlar başqa məscidlərə getmirdi. Məscid bağlanandan sonra başqa məscidlərə getməyə başladılar. Bildiyiniz kimi, xüsusən 21-ci əsrdə radikalizm artır, ümumiyyətlə, müəyyən qüvvələr var ki, onlar bunu artırır. Radikalizmlə bağlı maarifləndirmə işi demək olar ki, sıfır səviyyəsindədir. Radikallar da məscidin bağlı qalmasından istifadə edir. Çünki "Əbu Bəkr”in bağlı olmağı ən birinci radikal qüvvələrə sərf edir. Bunu hamı bilməlidir. Çünki bizim məscid yeganə yer idi ki, məhz bu mövzuda maarifləndirmə işi aparırdı. Bir az pisdir, radikallıq yayılıb, internetdə hər kəs girir, nə gəldi oxuyur və əks fikri eşitmir. Ona görə də radikallıq artmaqda davam edir.

- Azərbaycan kimi şiə ölkəsində son zamanlar dinə meyl edən gənclərin çoxu sələfiliyə üz tutdu. Sələfiliyə axının olması nə ilə bağlıdır?

 

- Azərbaycan şiə dövlətidir fikri ilə bir qədər razı deyiləm. Hansı məzhəbin üstünlük təşkil etməsinin qeydiyyatını kim aparıb? Mənə elə gəlir ki, azərbaycanlıların yarısı sünni, yarısı da şiədir. Hesablayanda təxminən yarı-yarıya çıxır. Mən belə fikirləşirəm, bu mənim fikrimdir. Sələfiliyə axının olmasında qəribə bir şey yoxdur. Kommunizm vaxtında ölkə bağlı olub. Şiələr məzhəbdə bəzi şeyləri bilirdilər, çox həqiqəti bilmirdilər. Həmçinin sünnilər də. Bağlı bir ölkədə yaşamışıq. Sistem dağılıb və nəticədə elm gəlib. Burda qeyri-ənənəvi heç bir şey yoxdur. Sələfilik "Quran”da, səhih hədislərdə nə gəlib ancaq onu deyir. Əlavə bir şey yoxdur. Sələfilik sırf peyğəmbərin vaxtındakı dini yayır. O din ki, orda ixtilaf yox idi, bölünmə yox idi. Sələfiliyin əsas çıxışı budur. Sələfiliyin qeyri-ənənəvi məzhəb olması fikri ilə razı deyiləm. Azərbaycanda bu fikirlər olub. Sadəcə biz tariximizdən qırılmışıq, bizi tariximizdən qırıblar, kitablarımızı yandırıblar. Həm mədəniyyətimizə, həm tariximizə müəyyən zərbələr dəyib.

 

- Dindarların uzun saqqal saxlaması, şalvarlarının qısaldılması cəmiyyət üçün yad idi...

 

- Şiə məzhəbində də saqqal, balaq var. Sadəcə dini maarifçiliyin zəif olması nəticəsində belə vəziyyət yaranıb. Düzdür, mən sizinlə razıyam. Kommunistlərin vaxtında belə şey yox idi. Artıq sərhədlər açılıb, biz artıq görürük ki, saqqala baxış dəyişib. Çünki camaat başqa ölkələrə gedib görür ki, bu, normal haldır. Biz özümüz də hiss edirik ki, başqa ölkələrdə bizə qəribə baxmırlar. Burda da artıq saqqala qəribə baxan adamların sayı azalıb. Artıq camaat öyrəşib. Demokratik bir ölkədə yaşayırıqsa bu normal haldır.

 

- İnsanlar məcburi şəkildə öyrəşdilər, ya necə?

 

- Sadəcə bildilər ki, bu dinlə bağlıdır. Birinci deyirdilər ki, sələfilərə saqqalın hər santimetrinə görə 100 dollar verirlər (gülür). Biz özümüz də hərdən gülürdük. Daha nə danışmırdılar. Lakin bu barədə müəyyən çıxışlar oldu, bildilər ki, bu dinlə bağlıdır, bu hər məzhəbdə var. Əgər xırdalasaq saqqal məsələsinə ən normal yanaşan sələfilərdir. Başqa məzhəblərə fikir versəniz görərsiniz ki, saqqal məsələsi onlarda daha kəskin qoyulub. Maarifləndirmə nəticəsində bunlar aradan gedəcək.

 

- ANS televiziyasında yayımlanan "Gizli Azərbaycan” verilişi və verilişin aparıcısı Həmid Herisçi ilə bağlı rolikiniz yayıldı.

 

- Yenə deyirəm ki, onun danışığı nağıldır. Görünür ki, kimsə sponsorluq edib, obyektlərin təbliğatına pul buraxır. Belə şeylərlə razı deyilik. Camaatı televiziya vasitəsilə xurafata aparmaq olmaz. Əksinə, insanları başa salmaq lazımdır ki, yalnız Allaha ibadət etmək lazımdır. Bir şeyə ehtiyac olanda, xüsusən, Allah onlara qadirdir, düzgün səbəblərlə Allaha müraciət etmək lazımdır. Səbəb nədir? Həkimə müraciət etmək lazımdır və sair. Yəni, o adamın verilişinə inansaq gərək bütün xəstəxanaları, Tibb Universitetini bağlayaq. Kimin dişi ağrıyır, kimin ürəyi ağrıyır pirlərə getsin. Daha nə oldu? Hamısı xurafatdır. Onun danışığı nağıldır. Camaata məsləhət görmürəm ki, elə şeylərə baxmasınlar.

 

- Bakıda sələfilərin ibadət etdiyi məscidlərdən birində qarşılaşdığım dindardan nəyə görə saqqal saxlamadığını soruşdum. O da əvvəllər saqqal saxladığını, lakin qohumlarının qınağına görə sonradan saqqalını qırxdığını söylədi. Bəs sizə münasibət necə oldu qohumlar tərəfindən?

 

- Mənim yaxınlarımla belə problem olmayıb. Düzdür, sələfi əqidəsinə mənsub adamların çoxu heç saqqal saxlamır. Müəyyən təzyiqlər, o cümlədən işlərinə görə bu məsələyə şiddətli baxmırıq. Din əmr edib, dinin əmrini ləğv etmək olmaz. Sadəcə deyirik ki, kim nə qədər bacarır, o qədər saxlasın. Dini məsələlərdə heç vaxt yaxınlarımdan mənə təzyiq edən olmayıb. Üzr istəyirəm, yubkada gəzənlərə qeyri-adi baxmırlar, amma saqqal saxlayan insanlara qəribə baxırlar. Ancaq biz belə şeylərə fikir vermirik. Yenə deyirəm cəmiyyətdə get-gedə belə şeylər azalır.

 

Bu yaxınlarda Hacı İlqar İbrahimoğlu bəzi Avropa ölkələrində olduğu kimi islam dininin ölkədə rəsmi din elan edilməsinə ehtiyac olduğunu söylədi. Bu məsələdə sizin mövqeyiniz necədir?

 

- Bilirsiniz, ümumiyyətlə, "din dövlətdən ayrıdır” məfhumu islamda yoxdur. Dinin dövlətdən ayrılması xristian ölkələrində baş verib. Xristian ölkələri inkişaf edə bilmirdi, kilsə hakim idi və inkişafın qarşısını almışdı. Çox güclü müdaxilə edirdilər. Bildiyiniz kimi xristianlıq inkişafın əleyhinədir. Ona görə xristian ölkələri məcbur olub kilsəni ayırdılar. İslam isə daima hakim olub. İslam dövlət idarəçiliyində heç vaxt problem olmayıb. Yaxşı olardı, mən də bunun tərəfindəyəm. Ancaq ehtiyac yoxdur, əsas odur ki, dövlət dini nəzərə almalıdır. Qanunlar da dinə müvafiq olmalıdır. Buna təəccüblənmək lazım deyil. Xristian ölkələrinə, İsrailin özünə baxsaq görərik ki, onlar qanunlarında dini nəzərə alır. Burda eyib yoxdur, onlar da deyirlər biz demokratik ölkəyik, lakin öz adətləri, dinləri var ki, onu da nəzərə alırlar. Bizim öz adətimiz, dinimiz var, biz bunu əsas tutmalıyıq. Burda radikallıq yoxdur. Din böyük qanundur. Mən bunun tərəfindəyəm. Dövləti dindən ayırmağa razı deyiləm.

 

- Bu yaxınlarda Youtube portalında Suriyadakı vətəndaş müharibəsində iştirak edən azərbaycanlıların müraciəti yayıldı. Həmin insanların sizin camaatdan olduğunu söyləyənlər var. Ümumiyyətlə, Suriyadan başqa ikinci rus-çeçen müharibəsində sizin camaatdan döyüşlər olub?

 

- Kimin fikirlərində dəyişiklik, radikallığa meyl yaranmışdı, bizdən uzaq dayanmışdı. Bizim mövqeyimiz budur ki, belə yerlərə getmək düzgün deyil. Biz Qarabağa görə hazırlaşmalıyıq. Qarabağı almaq lazımdır. Qarabağ yaddan çıxmamalıdır. Biz bunun tərəfindəyik. Biz bunu təbliğ edirik. Gedib haradasa döyüşməyə ehtiyac yoxdur. Şəriət tərəfdən də getmək düzgün deyil. Şəriət qayda-qanun dinidir. Dində qayda-qanun var. Birinci, valideyn icazə verməlidir. Hamının cihada getməyi vacib deyil. Digər tərəfdən, dövlət mane olmamalıdır. Əgər, dövlət icazə verirsə, getdiyin yerdə sənə görə problem olmayacaqsa gedə bilərsən. Bütün hər şey götür-qoy olunmalıdır. Amma kimsə çağırsa dur get, bu dini cəhətdən səhvdir. Biz bunun tərəfində deyilik.

 

- Suriyadakı müharibəni cihad adlandırırlar. Suriyada baş verənləri cihad adlandıra bilərik?

 

- Bilirsiniz, mən dəfələrlə bu barədə danışmışam. Bizim mövqeyimiz belədir ki, Suriyada başlamaq düzgün deyildi, əvvəldən səhv idi. Lakin vəziyyət bu yerə gəlib çatdı. Özünüz də bilirsiniz ki, hökumət qoşunları orda nə edirdilər, indi də nə edirlər. Qadınları zorlamaq, ailəyə təcavüz və sair. Belə vəziyyətdə oradakı insanlar əgər gücləri çatırsa öz ailələrini qorusunlar. Gücləri çatmasa ölkəni tərk etsinlər. Qalıb elə zəif halda döyüşmək, özünü məhv etməkdir. Suriyalılar üçün bu cihad ola bilər. Cihadın növlərindən biri də müdafiədir. Necə ki, biz Qarabağda özümüzü müdafiə edirdik. Onlar da özlərini müdafiə edə bilərlər. Bilirsiniz, Suriya çox qarışıqlıqdır. Hətta hökm məsələsində adam əziyyət çəkir. Yenə deyirəm ki, əvvəldən orda başlamaq səhv idi, indi məzhəb müharibəsinə çevirmək istəyirlər. Oranın böyük problemləri var. Hətta Əsəddən sonra nə olacağını fikirləşəndə adam dəhşətə gəlir. Hər qrupun öz əmiri var. 19 tayfadır və vahid adam yoxdur. Bir dəstə deyir belə olacaq, o biri dəstə deyir elə olacaq. Vəziyyət çox gərgindir.

 

- Siyasi analitiklər Suriyada Liviya ssenarisinin olmadığını, Qərbin islamçıların hakimiyyətə gələcəyindən ehtiyat etdiyinə görə hərbi müdaxiləni arxa plana keçirdiyini deyirlər.

 

- Sadəcə Suriyada ayağa qalxanlar elə bildilər ki, Liviya variantı olacaq. Avropa qoşun yeridəcək və ya ən azından təyyarələrlə Əsədin qüvvələrini bombardman edəcək. Bunu fikirləşirdilər, buna arxayın oldular. Amma nəticə belə olmadı. Çünki Suriya Liviya deyil. Özünüz də fikir versəniz, görərsiniz ki, çevriliş olan yerdə islamçıları irəli vermişdilər. Orada vahid rəhbər yox idi. Ancaq onları din birləşdirə bilərdi. Ona görə də dindarları vermişdilər qabağa. Amma orda sabitlik yaranan kimi həmin qüvvələri oyundan çıxarmaq istəyirlər. Mənə elə gəlir əsas faktor budur. Bax, belə bir oyun gedir.

 

- Qəddafinin o şəkildə öldürülməsinə münasibətiniz necədir?

 

- Xoşagəlməz haldır. İnsanı o cür öldürmək olmaz. Bu, səhv idi. Hər şey qanun çərçivəsində olmalıdır. Məhkəmə olmalı idi. Məncə sifariş verilmişdi ki, Qəddafi öldürülsün. Çünki o çox şey bilirdi. Onun həm də psixoloji problemləri vardı. Hətta hakim olan dövrdə çox şeyi açıq-aydın deyirdi. Onu sadəcə aradan götürməli idilər, vəssalam. Qəddafini məhkəməyə çıxarmaq sərf eləmirdi.

 

- Siyasi məsələlərdən danışmağımız sizi narahat etmir?

 

- Doğrdur, siyasətdən çox danışmaq istəmirəm. Lakin dinlə bağlı olduğuna görə məcburam danışmağa. Yoxsa, başqa ölkələrin işinə çox qarışmaq istəmirəm.

 

- Qonşu İran İslam Respublikası İsrailə qarşı barışmaz mövqe tutub. Sizcə müsəlman ölkələrinin İsraillə münasibətləri necə olmalıdır?

 

- Təbii ki, əməkdaşlıq olmalıdır. Müəyyən çərçivədə əməkdaşlıq olsa eyib etməz. Biz görürük ki, peyğəmbərimizin cəmiyyətində yəhudi, xristian camaatı ilə əməkdaşlıq edirdilər. Heç də düşmən mövqe tutmamışdı. İndi aparılan təbliğat kimi deyildi. Sadəcə aradakı ixtilaflar var ki, onları həll etmək lazımdır. Doğurdan da Qüds problemdir. Qüds məsələsi indiyə kimi həll olunmayıb və bu problem qalır. Bəzi qüvvələr də bundan istifadə edir. İsraillə, yəhudilərlə əməkdaşlıq etmək şəri cəhətdən qadağan deyil. Sadəcə həddində olmalıdır.

 

- Kitab yazmaq niyyətiniz var?

 

- Mən bu işlə məşğul deyiləm. Kitab məsələsi elədir ki, vaxt istəyir. Mənim vaxtım azdır. Öz fikirlərimi ancaq danışıqla bildirirəm. Hərdən radikallıq barədə nəsə yazmaq istəyirəm. Ola bilsin yazacağam, hələlik qəti qərara gəlməmişəm.

 

- İndi "Əbu Bəkr” məscidinin divarlarında bəzi tanışlıq saytlarının internet ünvanları yazılıb.

 

- Doğurdan?! Mən görməmişəm. İnsanın mədəniyyətinə bağlıdır belə şeylər...

 

- İnternetlə aranız necədir?

 

- Məscid fəaliyyət göstərən zaman çox zəif idi, fikir vermirdik. Məscid belə olandan sonra internetə diqqətimiz artdı. Məscidin saytı abubakr-mescidi.com-a, o cümlədən ixlasla.com saytına əsasən xütbələr qoyulur. Suallara cavab verilir. Suallar da hər yerdən, hər cürə verilir. Onlara aydınlıq gətiririk.

 

- Əvvəl forumlarda sizə ironik suallar ünvanlanır, zarafatlaşırdılar. İndi də olurmu elə hallar?

 

- İndi də elə suallar verirlər. Düzdür, bir az azalıb. Qabaq səsimi kəsirdilər ordan-burdan. Mən onları dj adlandırıram, dj-lər nəsə düzəldirdilər, guya mən belə demişəm və nə qədər insanı o cür aldadırdılar. Çox qəribə idi. İndi deyəsən azdır elə insanlar. Qabaq çox idi. Artıq insanlar o cür şeylərə inanmır.

 

- Cümə günləri məscidə böyük insan axını olurdu. Bu faktı Azərbaycanda bir məscid üçün uğur saymaq olarmı?

 

- Bu haqda dəqiq heç nə deyə bilmərəm. Təxminən 5 min adam məscidə gəlirdi. Məscid on il-1998-ci ildən 2008-ci ilə qədər, terror hadisəsinə kimi fəaliyyət göstərdi. Bu, çox böyük nailiyyət idi. Buna baxmayaraq bizə qarşı əks təbliğat da həddindən artıq güclü idi. Daha bilmirdilər nə desinlər.

 

- Sizə qarşı təbliğatın başında kimlər dayanırdı?

 

- Müəyyən qüvvələr, təriqətlər qısqanclıqlarından dayanırdı bu işin başında. Elə məscidlər var ki, ora ancaq ölülər gedir. Amma o səviyyədə adam görülməmişdi. Bəziləri heç nə deyə bilmirdilər. Yalandan deyirdilər ki, orada camaata pul paylayırlar, buna görə insanlar ora yığışır. Nə isə, cürbəcür şeylər.

 

- Məscidin qapısına qıfıl vurdunuz. O qıfılın birdəfəlik açılması gözlənilirmi?

 

- Allahın qədəridir də, biz hər şeylə razı olmalıyıq. Bir bəla baş verəndə səbir, xeyir iş olanda şükür etməliyik. Əlhəmdulillah, səbir edək. Oldu da. İndi deyinmək lazım deyil. Sadəcə biz səbir edib gözləyirik ki, açılacaq. Çünki biz heç vaxt dövlətə qarşı olmamışıq. Biz həmişə açıq, aydın olmuşuq. Gözləyirik ki, inşallah məscid açılacaq və tam fəaliyyət göstərəcək. Artıq altıncı ilə keçir. İstintaq artıq bitib. Hər şey bitib, lakin məlum olmayan səbəblərə görə vəziyyət bu cür davam edir. Çox təəssüf ki, bu məsələ belə qalıb. Yenə təkrar edirəm, məscidin bağlı qalması birinci növbədə dövlətə sərf etmir. Çünki radikallıq artır. Məscid isə radikallığa qarşı böyük iş aparırdı. Məhz buna görə də məscid hədəfə alındı. Qarşıdan da Ramazan ayı gəlir. Millətimizi təbrik edirəm. Tövbə etmək, Allahın dininə qayıtmaq üçün fürsətdir. Bu ay böyük məktəbdir. Oruc tutmaqla, ibadət etməklə, iftar verməklə, namaza başlamaqla bu ayı faydalı keçirmək lazımdır.

Kulis.Az





Bölmə: Maraqlı məqalələr | Baxılıb: 587 | Yüklədi: selefimedia