Baş səhifə » 2014 » Oktyabr » 15 » Qamət Süleymanov: “Özümə də təəccüblü gəldi ki, Ramil müxalifətin mitinqinə gedib"
09:24
Qamət Süleymanov: “Özümə də təəccüblü gəldi ki, Ramil müxalifətin mitinqinə gedib"

Qamət Süleymanov:

“Özümə də təəccüblü gəldi ki, Ramil müxalifətin mitinqinə gedib, dedim ki, o nə hərəkətdir eləmisən?”

 

 
“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov “Yeni Müsavat”a müsahibə verib. Hacı Qamət İŞİD-in Azərbaycan üçün təhlükəsi, Milli Şuranın mitinqində “İslam Dövləti” bayrağını qaldıran qaynı Ramil Quliyev və digər aktual hadisələrlə bağlı danışıb. 
 
 
- Hacı, bir müddət əvvəl MTN 26 İŞİD üzvünü həbs etdi, bu, təhlükənin yaxınlaşmasından xəbər verir? 
 
- Mən belə düşünmürəm. MTN-in tutduğu 26 nəfərin arasında hamısı İŞİD-ə qoşulanlar olmayıb. Pakistana gedən, “Taliban”a qoşulan, İraqda müxtəlif qruplaşmalarda iştirak edənlər də var. Sadəcə, dini maarifçilik olmadığından, hər radikal adama İŞİD-çi deyilir. İkincisi, Azərbaycanda radikalizm təhlükəsinin olduğunu görmürəm. Hərə bir fikir söyləyir, ayrı-ayrı adamların dilindən müxtəlif şərhlər verilir. Ancaq narahat olmağa əsas yoxdur.
 
- Amma MTN 26 İŞİD üzvünü tutduğunu bəyan edirsə, deməli, radikalizm təhlükəsi görünür. Bəlkə “Əbu Bəkr” məscidinin açılması üçün müraciət edəsiniz?  
- Biz bundan qabaq da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərinə müraciət etmişik. Məscidin məhdud fəaliyyətdə saxlanması ibadətlə məşğul olanlar arasında radikalizmə meylləri artırır. Dini maarifçilik olanda, ibadət üçün məscidlər açılanda insanlar cahillikdən uzaqlaşırlar. Və yenə də bu müsahibədə fürsətdən istifadə edib deyirəm ki, “Əbu Bəkr”in əvvəlki fəaliyyətini davam etdirməsinə imkan yaradılsın. Mən dəfələrlə çıxışlarımda qeyd eləmişəm ki, radikalizm doğru yol ola bilməz. İnsan öz içindəki nəfsinə cihad elan etməlidir. Amma dünyada terroru yaymaq üçün müxtəlif təşkilatlar yaradırlar. İŞİD də bu gün onlardan birincisinə çevrilib. XXI əsrdə inandırıcı görünmür ki, terror təşkilatı öz gücü hesabına qısa vaxtda dövlətlərin ərazilərinə girib öz dövlətini elan etsin. Hamı görür ki, bir oyun var və kənardan dəstək verilir. İŞİD artıq Türkiyəyə qədər gəlib çıxıb. Suriyada, İraqda baş verənlərə cihad adı qoymaq olmaz. Bəşər Əsədi devirmək din uğrunda savaşmaq sayılmır. Bu oyunlarda da radikallardan istifadə edirlər.
- Türkiyə mediasında, sosial şəbəkələrdə videolar yayılır, onlardan bir neçəsində Azərbaycanda da İslam dövləti qurmağın vacibliyi haqda danışırlar. Bu, nə dərəcədə real görünür?
 
- Bu çıxışları edənlərin öz maraqları var. Onlar fikirlərini radikal qüvvələrə təbliğ edirlər. Heç biri də ciddi səbəbə söykənmir. Azərbaycanda İslam dövləti qurmaq iddiaları da həmin adamların dilindən səslənir. Bunlar boş-boş sözlərdir və hansısa qrupların maraqlarına xidmət edən çıxışlardır. Şəxsən mən heç bir narahatlıq görmürəm. 
 
Yenə deyirəm ki, ilk növbədə dini maarifçilik olmalıdır. İnsanları radikal yoldan çəkindirmək lazımdır. Bizdə İslam dövləti qurmaq mümkün deyil. Camaat buna hazır olmalıdır. Görün neçə ölkədə müharibələr oldu, ancaq şəriət ölkəsi qurulmadı. Ona görə də Suriyaya gedənlər başa düşməlidir ki, bu, mümkün olan iş deyil.
 
- Hacı, İŞİD demişkən, müxalifətin mitinqində qara bayrağı qaldıran qaynınız çıxdı. Bu nə məsələdir? 
 
- Mənim özümə də təəccüblü gəldi ki, Ramil müxalifətin mitinqinə gedib. Polisdə izahat yazıb buraxılandan sonra bu hadisə haqda söhbətimiz oldu. Dedim ki, o nə hərəkətdir eləmisən? Dedi, hər şey təsadüfən olub.
 
Onun dostu Ramili mitinqə çağırıb. O da gedib stadiona ki, dostunu çıxarsın. Görüb bir yanda Obamanın şəkli, o tərəfdə bayraqlar. Sonra yerdə qara bir əski görüb, üstündə də Allah kəlamı yazılıb. Ramil ibadətlə məşğuldur. Fikirləşib ki, bu nədir belə, Allah sözü yazılan parça yerə atılıb. Elə əyilib yerdən götürəndən sonra ara qarışıb, onu tutublar. Başqa bir məsələ ola bilməz. Ramil nə müxalifətçidir, nə də partiya üzvü. O, həmişə dövlətin siyasətinə sədaqətli olub. Bu günə kimi mitinqlərə getməyib, belə işlərə qarışmayıb. Kimlərsə cürbəcür söhbətlər yayırlar. Guya öyrədilib göndərilib, qəsdən planlaşdırılıb. Hamısı yalandır. Dostunun arxasınca gedəndə yerdə gördüyü parçanı əyilib götürüb, polislər də saxlayıblar. Özü də həmişə radikalizmə qarşı çıxıb. O, İŞİD-in əməllərini pisləyir, necə olar ki, onun bayrağını mitinqdə qaldırsın?! 
 
- Amma bir gün qabaq vəkillər bildirmişdi ki, bəzi siyasi motivli məhkəmə işlərində qaynınız şahid kimi iştirak edirmiş, doğrudurmu? 
 
- Belə şey ola bilməz (Hacı Qamət hətta qaynı ilə əlaqə saxlayıb, dəqiqləşdirdi və deyilənləri böhtan adlandırdı - E.S.)  O, ümumiyyətlə, ictimai-siyasi həyatda görünən adam deyil, sıravi vətəndaşdır, ibadətlə məşğuldur. 
 
Heç vaxt məhkəmələrdə şahid kimi də iştirak etməyib. Bu cür yalanları yaymaqla mənə qarşı istifadə edirlər, mənim adımı müxtəlif işlərdə hallandırmaq istəyirlər. Onların məqsədi nədir bilmirəm, amma deyilənlər uydurmadır. Ramil nə məhkəmədə olub, nə müxalifətin mitinqində iştirak edib, nə də özü ilə bayraq aparıb.  
 
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 688 | Yüklədi: Azerislamoglu