"Əbu-Bəkr” Məscidinin imamı, Azərbaycanda sələfi təriqətinin
əsas simalarından olan Hacı Qamət Süleymanov suallarımıza cavab verib.
- Hacı Əbdül bəyan edib ki, harada vəhhabi varsa, onlar ABŞ-ın nökərləridir. Bu nə dərəcədə doğru ifadədir?
-
Biz Hacı Əbdülə ciddi yanaşmırıq. Onun dedikləri haqqında fikir
bildirmək, söylədiklərini şərh etmək niyyətindən uzağıq. Biz ona xəstə
kimi baxırıq. Əgər ona sağlam və ciddi insan kimi baxsaydıq, dediklərinə
ciddi yanaşardıq.
- Hacı Əbdül sizin təriqət haqqında belə fikirlər daima işlədir...
-
Bu haqda bir neçə dəfə eşitmişik. Amma iş ondadır ki, cəmiyyətdə ona
ciddi insan kimi baxmırlar. Biz də cəmiyyətin bir nümayəndəsi olaraq onu
ciddiyə almırıq.
- Hacı Əbdülün həm də axund olduğunu nəzərə alsaq, sizə qarşı belə aqressiv fikirlər bildirən din adamları çoxdurmu?
-
Açıq-aydın bir şey yoxdur. Şübhəsiz ki, belə fikirlər yalan və
böhtandır. Böhtan xarakterli olan fikirlərə baxmaq belə doğru deyil.
-
Deyilənlər böhtandırsa, onlar həm də sifarişlə deyilə bilərmi, yoxsa bu
təriqətlər arasında olan fikir ayrılıqlarının göstəricisidir?
-
Təbii ki, bu faktorlar var. Təriqət məsələsinə gəldikdə deyim ki, kim
başqasına baxmaq istəyirsə, bundan öncə özünə baxmalıdır. Özünə diqqətlə
baxdıqdan sonra isə başqasına söz deyib-deməyəcəyi haqqında düşünsün.
-
Müsəlman ölkələrində baş verənləri, xüsusilə Misirdə yaşananları necə
qiymətləndirirsiniz, vaxtı ilə Misirdə sələfilər Mursini
dəstəkləyirdi...
- Bilirsinizmi, bu
oyundur. Mən bildiyim qədər sələfilər öncədən Mursi ilə razı deyildilər.
Mursi islam təşkilatına rəhbərlik edirdi, sələfilər isə bu təşkilatı
heç vaxt dəstəkləməyiblər. Mənim fikrimcə, Misirdə baş verənlər sadəcə
olaraq böyük bir oyundur.
- Bu oyunun mahiyyəti haqda nə deyə bilərsiniz?
-
Məncə, indi müsəlman ölkələrində inqilab dəbdədir. İnqilab baş tutan
ölkələrdə dərhal islamçıları hakimiyyətə gətirirlər. Sonra vəziyyəti
sakitləşdirir və dərhal islamçıları aradan çıxarırlar. Misirdə də baş
verənlər bundan ibarətdir. Əslində bu Liviyada və Tunisdə də olmuşdu.
Başqa bir şey yoxdur.
- Bu proseslərdə və dediyiniz oyunlarda ABŞ-ın əli varmı?
- Mən bu haqda danışa bilmərəm. Çünki mənim o dərəcədə məlumatım yoxdur. Sadəcə olaraq müşahidəmi dilə gətirə bilərəm.
- Türkiyədə də islamçı hakimiyyətə qarşı mitinqlər keçirilir. Sizin bu məsələyə baxışınız necədir?
-
Görünən budur ki, müəyyən qüvvələr var və onlar Türkiyədə də dəyişiklik
etmək istədilər. Ancaq bu alınmadı. Ola bilər ki, xarici qüvvələr bu
işdə maraqlıdır. Şübhəsiz ki, daxildən də kimlərsə bu işi dəstəkləyə
bilər. Bilirsinizmi, çoxpartiyalı ölkələrdə belə hallar yaşanır. Çünki
müxalifətdə olan partiyalar iqtidara gəlmək istəyir və bu zaman mümkün
olan bütün vasitələrdən istifadə olunur.
- Siz islamçıların, dini təriqət mənsublarının hakimiyyətdə olmasını necə qiymətləndirirsiniz?
-
Ümumiyyətlə, mən dindarın siyasətə qarışmasına pis baxıram. Ona görə
ki, Allaha şərik qoşulmamalıdır. Peyğəmbərlər məhz buna görə gəliblər.
Əgər diqqətlə baxsanız görərsiniz ki, heç bir peyğəmbər birinci
hakimiyyət qurmayıb. Əksinə, ilk olaraq insanların əqidəsini,
mənəviyyatını düzəldib. Bunları düzəltmədən hakimiyyətə cəhd etmək
islamın üslubu deyil.
- Bəs Həmid Herişçi ilə sizin aranızda nə problem var?
-
Hə, bu adam daima pirləri reklam edir. Açığı, mən heç onu tanımıram,
şəxsi mənada problemim yoxdur. Ancaq bir-iki dəfə diqqət elədim və
gördüm ki, cəfəngiyyat danışır.
- Niyə onun yalan danışdığını düşünürsünüz?
-
Yəni bu adamın dediklərindən belə çıxır ki, biz xəstəxanaları, tibb
universitetlərini bağlamalıyıq. Vətəndaşın dişi ağrıyırsa, diş pirinə,
böyrəyi ağrıyırsa böyrək pirinə aparmalıyıq. Mənim fikrimcə, bunların
hamısı cəfəngiyyatdır. Sadəcə olaraq bunu deyirəm.
|