Baş səhifə » 2018 » Noyabr » 8 » İranın GİZLİ PLANI: ​​​​​​​ azərbaycanlı zəvvarlara “moizə” oxuyanlar kimlərdir?
16:33
İranın GİZLİ PLANI: ​​​​​​​ azərbaycanlı zəvvarlara “moizə” oxuyanlar kimlərdir?

İranın GİZLİ PLANI:

azərbaycanlı zəvvarlara “moizə” oxuyanlar kimlərdir?

İranın GİZLİ PLANI: azərbaycanlı zəvvarlara “moizə” oxuyanlar kimlərdir?

 


Regionda dini kəsimin siyasiləşdirilməsi və onların inancından siyasi hədəflərə nail olmaq üçün istifadə edilməsi prosesi aydın şəkildə görünür. İslam dinində ibadət əhlinin inandığı və əziz tutduğu məkanlar var və bunun başında Həcc ziyarəti gəlir. Həcc həm də Allahın hər bir müsəlmana buyurduğu 5 əsas şərtdən biridir. Hərçənd, bu günlərdə öz kütləviliyi ilə seçilən və regionda şiə məzhəbinə inananların daha çox üz tutduğu Kərbəla və tarixi müsibətin yaşandığı yerdə keçirilən Ərbəin mərasimi (şiəlikdə hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, Səfər ayının iyirminci günü keçirilən mərasim) dinin 5 əsas şərtindən birinin deformasiyaya uğradılması və Ərbəin mərasiminin Həcc ziyarətinə alternativ kimi qoyulması tendensiyaları hiss olunur.

Şiələyin inanc olaraq hakim olduğu region ölkələrindən İraqa gedən kütləvi axının səviyyəsi də bu mənzərəni aydın şəkildə göstərir. Azərbaycandan Həcc və Ərbəin mərasiminə qatılanların statistikası, bu statistika arasındakı böyük fərqlər isə xüsusi diqqət çəkir: Həcc ziyarətinə ildə kvota əsasında cəmi 1000-1400 nəfər getdiyi halda, Kərbəlaya hər il 20000 azərbaycanlı gedir. Təkcə bu il Ərbəin mərasiminə qatılmaq üçün İraqa gedən azərbaycanlıların sayı 20-30 min arasında dəyişir.



Məsələyə şiə inancı kontekstində baxanda burada hər-hansı təhlükənin olduğunu sezmək çətindir. Yəni Əhli-beyt eşqini əsas tutan bir azərbaycanlının Kərbəlaya səfəri normal qarşılana bilər. Hərçənd, burada İranın xüsusi xidmət orqanları və dini mərkəzlərinə bağlı şəxslərin və qrupların Azərbaycanda insanların Ərbəin mərasiminə qatılmasını kütləviləşdirmək üçün apardığı təbliğat işi unudulmamalıdır. Son 3 ildə gedənlərin sayında yüksək artım da bunu sübut edir. İranın xüsusi xidmət orqanları və dini dairələri Kərbəlaya gedən, Ərbəin mərasiminə qatılan inanclı şəxslər arasında da öz məqsədlərinə uyğun xüsusi təbliğat işləri aparması məsələnin rəngini dəyişir. Burada məqsəd Azərbaycandan gedən zəvvarlar arasında öz “təsir agentləri”ni yetişdirmək və onları geri qaytararaq, ölkəmizdə İranın teoloji prinsiplərə əsaslanan siyasi maraqlarının həyata keçirilməsini təmin etməkdir.

Politoloq Qabil Hüseyni deyir ki, İran Yaxın Şərqdə və Cənubi Qafqazda mövcud olan şiə zolağında yerləşən ölkələrdə öz təsirini yaymaq üçün Məhərrəmlik ayından, eləcə də bunun son mərhələsi olan Ərbəin yürüşündən istifadə edir:



“Təəssüflər olsun ki, son zamanlar əhali içində bu təbliğata uyanların sayı getdikcə çoxalır. Azərbaycanda dövlət dini azadlığı təmin etmək üçün lazımi addımlar atır. Lakin göründüyü kimi, hansısa qruplar və ölkələr ölkəmizdəki bu şəraitdən öz məqsədləri üçün istifadə edir. İran Azərbaycanda dini təsirə malik olan əsas ölkədir. Məhərrəmlik mərasimlərində bizim məscidlərimizdə onların nümayəndələrinə tez-tez rast gəlmək olur. Bununla yanaşı, İrana bağlı xüsusi qruplar insanlar arasında açıq və gizli şəkildə təbliğat aparırlar. Bunun sosial şəbəkələrdə aparılan təbliğatdan da aydın görmək olur”.

Son üç ildə Azərbaycandan Kərbəlaya gedən və Ərbəin mərasiminə qatılanların sayının artmasının arxasında İrana bağlı xüsusi qrupların olduğu məlumdur. İraq hökumətinin rəsmi məlumatına görə, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb. Bu il isə rəqəmlər 20-30 min arası dəyişir. Araşdırmalara görə, Azərbaycanda bəzi qruplar Kərbəla və Ərbəin ziyarətini təşkil etməyi öz inhisarına alıb. Misal üçün, indiyə qədər Kərbəlaya getmək istəyənləri səfərini əsasən turizm şirkətləri təşkil edirdisə, indi belə şirkətlərin sayı minimuma enib. Buna səbəb isə bu qrupların İranın maraqlarına uyğun gəlməyən şəxslər tərəfindən təşkil edilən adi ziyarətlərə süni maneələr yaratması, nəzarət edilən sosial səhifələr vasitəsilə onların əleyhinə məqsədyönlü kampaniyaların aparılmasıdır. Burada məqsəd həm maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə olunması, həm Ərbəin mərasimlərinin bəzi sirlərini ört-basdır edilməsidir.

Söhbət hansı sirlərdən gedir?: Araşdırmalara görə, Nəfəc-Kərbəla ziyarətinə gedənlər, eləcə də Ərbəin mərasiminə qatılanlar arasında İranın nüfuzlu din xadimləri təbliğat aparır. Hətta azərbaycanlı zəvvarların bəziləri istirahət adı altında otellərdə deyil, ayrı-ayrı İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılır. Zəvvarlar içərisində “moizə” oxuyanların arasında Azərbaycan vətəndaşlarından hazırlanmış “xüsusi ruhanilər” də var. Zəvvarlar arasında seçilən xüsusi şəxslərə müxtəlif təlimatlar verilir. Əsas təlimat isə öz ölkələrində əksər dini mərasimlərdə bütün ayinləri İranda olduğu qaydalara uyğun həyata keçirməklə bağlıdır.

İran üzrə ekspert Sədrəddin Soltan deyir ki, İran insanların İmam Hüseynə, onun ailəsinə və 72 şəhidə sevgisindən istifadə edərək, öz məqsədini təbliğ etməklə məşğuldur.



“Bu yolla Tehran imamətliyə, Kərbəla hadisəsinə inanan başqa ölkələrin vətəndaşlarından özü üçün “5-ci kalon” yaratmağa çalışır. Azərbaycan bu məsələdə əsas hədəflərdəndir. İran inqilabı evlərdən və məscidlərdən başlanmışdı. Görünür, həmin təcrübəni İran Azərbaycanda da tətbiq etməyə səy göstərir. Hadisələrin bu sayaq inkişafı Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə çox ciddi mənfi təsir göstərə bilər”, - deyə o qeyd edib.

Ərbəin mərasiminə qatılan azərbaycanlılar arasında təbliğat aparan və “moizə” oxuyan əsas qruplardan birinin “Hüseyniyyun” adlı terror təşkilatı və onun lideri Tohid İbrahimbəylinin olması faktı bu təhlükənin miqyasını daha da böyüdür.

Tohid İbrahimbəyli Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd əmrini verən və bu terror aktını həyata keçirmək üçün Yunis Səfərovu təlimatlandıran şəxsdir.

Məlumatlara görə, T.İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib. T.İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T.İbrahimbəyli onları təkcə İŞİD ilə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T.İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T. İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E. Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.



Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib. Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qabil Hüseynli qeyd edir ki, Gəncədə terror aktı törədən təşkilatın bu gün Ərbəin mərasimində azərbaycanlı zəvvarlar arasında təbliğat işi aparması Azərbaycan dövlətinə qarşı ciddi təhdidlərin davam etdiyini göstərir.

“Mümkündür ki, ölkədə Ərbəin mərasiminə qatılmaları üçün inanclı insanlar arasında təbliğat aparanlar da məhz “Hüseyniyyun” terror təşkilatına bu və ya digər formada bağlı olanlardır. Hesab edirəm ki, hüquq-mühafizə və xüsusi xidmət orqanları bu məsələnin üzərində daha da ciddi işləməlidir”, - deyə ekspert vurğulayıb.


Asif Nərimanlı

https://publika.az/news/nida_tehlil/259031.html?fbclid=IwAR1YZYF0WvDuTB4zrCi5q7Dt4fv6mSbsyrtslEdAATywHr8hJ_hFjN7ZHc0

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 649 | Yüklədi: Azerislamoglu