Baş səhifə » 2012 » Noyabr » 3 » İMAN.
21:33
İMAN.

İMAN

Sözdə iman təsdiq etmək deməkdir. Səriətdə isə qəlb ilə etiqad etmək, dil ilə söyləmək və əzalar ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər - səllallahu aleyhi və səlləm - in məşhur Cəbrail – əleyhissəlam – ın hədisində xəbər verdiyi kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdi: «İman, Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…»[1]. Amr b. Əbəsə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər - səllallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?» Peyğəmbər: «Qəlbinin Allaha təslim olması və müsəlmanların sənin dilindən və əlindən salamat olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «İman etmək» deyə cavab verdi. Adam: «Bəs iman nədir?» deyə soruşdu. Peyğəmbər: «Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab verdi. Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. Peyğəmbər: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Cihad» deyə cavab verdi. Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər: «Onlarla qarşılaşdığın zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Atının ayaqları kəsilib yerə yıxılaraq öldürüldüyü və qanının axıdıldığı cihad…»[2].

Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani Kərimdə də Allah bu haqda bir çox ayələr nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəy-yən ölçüdə (qədər) ilə yaratqıq». (əl-Qəmər 49).

Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz. Bunlardan birini inkar edən kimsə kafir olur. O, halda iman bu altı əsas üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə, əlbətdə ki, mömin olmaz. Çünkü o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina ancaq təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın rükunlarıdır. Kitab və Sünnətə uyğun olaraq bunlara əməl edilmədikcə iman da tamamlanmaz. Sələfi Salihin yəni Əhli Sünnə vəl Cəmaatın əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq etmək, dil ilə söyləmək və əzalarla əməl etmək deməkdir. İman itaətlə artır, asiliklə azalır. Şəriətdə isə gizli və açıq bütün itaətlərdir. Gizli əməllərə qəlbin əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas, məhəbbət və s. Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə isə bədən ilə edilən əməlləri məs: Ruku, səcdə və s. misal göstərmək olar. Qısaca iman – qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən, meyvələri Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə ortaya çıxan şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası da olmaz. Əməldən uzaq bir elimin bir kimsəyə faydası olsaydı, Allahın lənətinə düçar olan iblisə faydası olardı. O, Allahın şəriki olmadığına, tək olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin Allah: «Adəmə səcdə et!» deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafir-lərdən oldu. (Allah) buyurdu: «Ey iblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın!». (Sad 75-78). Allahın vəhdəniyyətini bilməsi ona (İblisə) fayda vermədi. Çünkü əməldən ayrı bir elmin aləmlərin Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Useymin – rahmətullahi aleyhi – «Üç Əsas» kitabının şərhində dediyi kimi: «Əməl elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o, Xristianların misalındadır. Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».

«Əməllər iman deyilən şeyin içərsinə girməz» - deyənlər, iman tək bir şey olduğuna görə: «Mənim imanım Əbu Bəkr əs-Sıddıq, Ömər – radıyallahu anhum – un imanı kimidir. Hətta mənim imanım Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - deyənlər də vardır.

Ayə və hədislərdən bizə məlum olduğuna görə - əməl olmadıqca iman kamil olmaz. Niyyətsiz nə söz və nə də əməl olur. Sünnətə uyğun olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. Allah Qurani Kərimdə bir çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh əməl edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107). Şübhəsiz ki: «Rəbbim Allahdır deyən, sonra da (söz və əməllərində) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin». (Fussilət 30). «Bu sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72). «Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsə-lərdən başqa». (əl-Əsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab – radıyallahu anhu – rəvayət edir ki, mən Rəsulullah – sallallahu aleyhi və səlləm- in belə buyurduğunu eşitdim. «Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti[3] Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onadır»[4]. Əbu Amr-Əbu Amra da deyirmişlər - Sufyan b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! İslama aid mənə elə bir söz de ki, bu haqda səndən başqa heç kimə sual verməyim?». Rəsulallah – sallallahu aleyhi və səlləm- buyurdu: «De - Allaha iman etdim və bu yolda düz dur»[5]. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Məhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir»[6]. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığını (Lə iləhə illəllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»[7]. Dinə girmək üçün ilk söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə qəlbin əməli, söyləmək etibarı ilə dilin əməlidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Pəyğəmbərlərin dinindən başa düşülür ki - bu fikirlə bütün ümmət də razılaşır - İslamın əsaslarından ilki hansı ki, hər bir məxluqatın üzərində haqdır bu da şəhadət kəliməsidir. Şəhadət kəliməsini deyən kimsə kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı azad və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş olur. Əgər o, bunu yalnız dili ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə o, kimsə İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə. Yox əgər o, şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o, kimsə həm zahiran həm də batinən də kafirdir və bütün müsəlmanlarda bu fikirdqə yekdildilər»[8]. Əziyyət verən bir şeyi yoldan qaldırmaq – əzaların əməli, həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək bir əməl olduğu halda, Rəsulullah – sallallahu aleyhi və səlləm - onu imandan saymışdı.

İbn Battal – rahmətullahi aleyhi - [9] deyir ki: «Buxari – rahmətullahi aleyhi - nin iman bölümündə qeyd etmək istədiyi məna da elə budur. O, bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: Umurul iman (imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad imandandır adı altında açdığı başlıqlar ilə o, Murciənin - iman əməlsiz sözlərdən ibarətdir - (yəni əməl imandan ayrıdır) sözlərini rədd etmiş, onların bu səhf fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir[10]. «Allah sizin imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Allah bu ayədə namazı iman deyərək adlandırmışdı. Namaz həm qəlbin, həm dilin, həm də əzaların əməllərini bir yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına görə qəsd - İslamın ilk əvvəlində müsəlmanların Beytul Məqdisə tərəf qıldıqları namazlardır. Allah «Kəbəyə tərəf dönün!» deyə əmr etdikdən sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə Allah bu ayəni nazil etmişdi.

Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan olduqları üçün iman itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta möminlər də öz imanlarında, əməllərində və s. bir-birindən fərqlənmişlər. «Sonra Kitabı bəndələrmizdən seçdiklərmizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaq-layıb) irəli keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33).

1. Xeyir işlərdə irəli keçənlər fərz[11] və müstəhəbləri[12] edənlər, haram və məkruhları[13] tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır. 2. Orta yolda olanlar. Sünnətləri etməsə də, məkruhlardan çəkinməsədə, sadəcə fərzləri edib haramları[14] tərk etməklə kifayyətlənənlər. Bu vacib iman sahibidir. 3. Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə də qüsurlara yol verirlər. İcmali iman sahibləri. Abdullah b. Abbas – radıyallahu anhu – dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər Allahın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Məhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər[15].

Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Quran və Sünnədə bur çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13).»Allah doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar». (Məhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-Fəth 4). «İman gətirənlərin imanının daha da artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). «O, kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi – radıyallahu anhu – , Əbu Bəkr – radıyallahu anhu – ilə birlikdə Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik etdi, ya Rəsulallah!» Rəsulallah – sallallahu aleyhi və səlləm –: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz şübhəsiz mələklər sizinlə döşəklərnizdə və yollarnızda toqquşardılar». Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»[16]. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir»[17]. Abdullah b. Məsud – radıyallahu anhu – nun rəvayətində isə: Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur[18]. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar»[19]. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən gözəl olanıdır»[20]. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz»[21]. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»[22]. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn Ömər – radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı»[23]. Həmçinin Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurur: «Ya Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…». Başqa rəvayətdə isə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım dinar ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onalrın iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının yarsına qədər, kimisinin diz qapaqlarına qədər yandırar[24]. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»[25]. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər.

Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq. İndi isə bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman haqqında olan fikirlərinə nəzər salaq.

Əli – radıyallahu anhu – deyir ki: «İman qəlbdə ağ bir nöqtə kimi başlayır, iman artdıqda o, ağ nöqtə də artır»[26]. Digər bir rəvayətdə isə Əli – radıyallahu anhu – deyir: «Səbrin imana görə durumu, başın bədənə görə durumudur. Səbri olmayanın imanı da olmaz»[27]. İbn Məsud – radıyallahu anhu – dua edərək deyir ki: «Allahım! İmanımızı, yəqinliyimizi və fikhimizi artır!». /ALLAHUMMƏ ZİDNİ, İLMƏN, YƏQİNƏN VƏ FİKHƏN/ [28]. Ömər – radıyallahu anhu – səhabələrə: «Gəlin imanımızı artıraq!» - deyərək, Allahı zikir edərdilər»[29]. Buna görədir ki, Bəkr b. Abdullah əl-Muzni – rahmətullahi aleyhi – deyir: «Əbu Bəkr – radıyallahu anhu – namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun qəlbində olan imanla qabaqlayıb». İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda – radıyallahu anhum – deyirlər ki, iman həm artır, həm də azalır[30]. İmam Vəki b. əl-Cərrah - rahmətullahi aleyhi - deyir ki, Əhli Sünnə deyir ki, iman söz və əməldir[31]. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki, iman artar və azalar. Artması əməl ilə, azalması isə əməli tərk etməklədir[32]. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki, iman arzularla, xəyallarla olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan bu qəbul olunmaz»[33]. İmam Şafıı - rahmətullahi aleyhi - deyir ki, iman söz və əməldir. Artar və əskilər. İtaətlə artar, günahlarla azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə»[34]. Əbu Hənifə – rahmətullahi aleyhi – yə görə: «İman – dil ilə iqrar, qəlb ilə təsdiqdir»[35]. İqrar tək başına iman olmaz. Çünki iqrar sadəcə iman olsaydı, bütün münafiqlər mömin olardılar. Yenə eyni şəkildə təsdiq də tək başına iman olmaz. Çünki sadəcə təsdiq iman olsaydı, Əhli-Kitab (Yəhudi və Xristianlar) mömin olardılar»[36]. İbn Battal - rahmətullahi aleyhi - deyir ki: «İman söz etibarı ilə təsdiqdən ibarətdir - deyiləcək olursa, buna cavabımız budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca imanı daha da kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər əskildi mi imanın kamilliyi də əskilir. İman haqqında ən mötədil rəy də budur»[37]. İbn Abdurrazzaq deyir ki: «Mən keçmiş nəsil və elm sahiblərindən Sufyən əs-Sovri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b. Rəşid, İbn Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman, söz və əməldir, artar və əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə, ən-Nəhai, Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b. Mubərəkin də yekdil rəyləridir»[38].

[1] Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi.

[2] AbdurRazzaq «Musənnəf» 20107, İmam Əhməd 4/114, Təbərani əl-Kəbir bax: «Məcmua Zəvaid» 1/59, 3/207, «Təzkiratul Huffaz» 1/94, «Siyer» 4/468,475.

[3] HİCRƏT – tərk etmək deməkdir. Küfür ölkəsindən İslam yurduna köçmək. Həmçinin Allahın qadağalarını tərk etmək də hicrət adlanır.

[4] Buxari, Müslim.

[5] Buxari, Muslim.

[6] Buxari, Müslim, Nəsai, Əbu Davud.

[7] Buxari, Müslim.

[8] «Tövhid Kitabı», «Fəthul Məcid».

[9] İbn Battal – rahmətullahi aleyhi - Adı Əli b. Haləf b. Abdulməlikdir. əl-Ləccam deyə tanınır. Hədis elimində tanınmışdır. Məliki məzhəbindəndir. İbn Həcər – rahmətullahi aleyhi - «Fəthul-Bəridə» ondan çox danışır.

[10] Nəvəvi, Müslümün şərhi 1/125.

[11] Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olur. Məs: Namaz, oruc və s. əməllər.

[12] Buna əməl edən savab qazanır. Onu tərk edən isə əzaba düçar olmur.

[13] Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Məs: Məscidə sol ayaq ilə daxil olmaq.

[14] Bunu tərk edən savab qazanır. Ona əməl edən isə əzaba düçar olur. Məs: Zina, içki və s. əməllər.

[15] İbn Teymiyyə «əl-Əqidətul Vasitiyyə», Təfsiri Təbəri 11/ s. 189, Təfsir İbn Kəsir.

[16] Müslim, Tirmizi 2514, İbn Məcə 4239, Əhməd 2/304-305, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1948, «Səhihul Cəmius Səğir» 7073,»Mişkətul Məsabih» 2268.

[17] Müslim.

[18] Müslim.

[19] İmam Əhməd 3/438-440, Əbu Davud 4681, Tirmizi 2521, əl-Albani «Səhih Hədislər Silsiləsi» 380, «Səhih Cəmius Səğir» 5965, «Mişkətul Məsabih» 30-31.

[20] Əbu Davud 2682, Tirmizi 1163, Musnəd 2/250,472,527.

[21] Buxari, Müslim, Musnəd 3/207,275-278.

[22] Müslim.

[23] əl-Albani «Mişkətul-Məsabih» 4749.

[24] Şəfaət hədisi haqqında geniş məlumata görə Səhih Buxari və Müslimə baxa bilərsiniz.

[25] Müslim.

[26] İbn Teymiyyə «Kitabul-iman» s.90.

[27] Bax: 35-ə.

[28] Bax: 35-ə.

[29] İbn Əbi Şeybə «İman» 108, «əl-Musənnəf» 11/26.

[30] Bax: 35-ə.

[31] Bax: 35-ə.

[32] Bu rəvayətləri səhih sənədlərlə imam əl-Lələkai «Şərhu üsulu etiqadi əhli-sünnə vəl cəmaat minəl kitəbi vəs sünnəti və icməi səhəbəti və-t tabiin» əsərində qeyd edir.

[33] İbn Teymiyyə «Kitabul-İman».

[34] «Fəthul-Bəri» 1/62, «İman kitabı».

[35] Fikhul Əkbər s. 62.

[36] əl-Vəsiyyə s. 72.

[37] Müslimin şərhi 1/124.

[38] Müslimin şərhi 1/125.


Kamal Hüseynin toplayıb tərtib etdiyi "ƏHLİ SÜNNƏ VƏL CƏMAAT.SƏLƏFİ SALİHİN ƏQİDƏSİ.İ M A N I N Ə S A S L A R I” kitabından



İman və onun əsasları haqqında ətraflı bu kitabdan məlumatlana bilərsiniz.


http://feqih.com/uploads/books/Kamal/Tovhid%202.doc

Bölmə: Mobil Kitablar | Baxılıb: 538 | Yüklədi: selefimedia