Baş səhifə » 2014 » Dekabr » 27 » Hacı Qamət radikalizmdən, Heydər məscidinin açılmasından və Elşən Mustafaoğlunun həbsindən danışdı
11:29
Hacı Qamət radikalizmdən, Heydər məscidinin açılmasından və Elşən Mustafaoğlunun həbsindən danışdı

Hacı Qamət

radikalizmdən, Heydər məscidinin açılmasından və Elşən Mustafaoğlunun həbsindən

danışdı.



-----

“Əbu-bəkr” məscidinin imamı, sələfilərin lideri Hacı Qamət Süleymanov “Yeni Müsavat”a açıqlamasında gündəmin aktual mövzularından danışdı. Hacı Qamət Heydər məscidinin açılmasını müsbət addım kimi qiymətləndirdi.

 
Onun sözlərinə görə, şiə-sünni fərqi qoymadan hər bir müsəlman məscidə ibadətə getməlidir: “Məscid açılması yaxşılığa doğru addımdır. Azərbaycanda nə qədər məscid çox olsa, xeyirdir. Çünki Bakıda məscidlərin sayını artırmağa ehtiyac var. Əhli-sünnə üçün məscidlərin azlığı problemi mövcuddur. ”Əbu-bəkr" məhdud fəaliyyətdədir, Sumqayıtda məscid bağlanıb. Ancaq deyim ki, məscid Allahın evidir və ora hər bir müsəlman gedə bilər. Bunu şiə, yaxud sünni məscidinə ayırmağı qəbul etmirəm. 
 
Kim özünə müsəlman deyirsə, o, məscidə gedə bilər. Elə ab-hava olmalıdır ki, hər kəs rahat namazını qılsın. Elə bir axund təyin olunmalıdır ki, icmalar arasında da problem yaranmasın. Kim təyin edirsə, fitnəkarlara imkan verməməlidir. Mən bu barədə dəqiq məlumatlı deyiləm ki, məscidə axundu dini komitə, yoxsa dini idarə təyin edəcək. Amma ortaq bir nəticəyə gəlmək lazımdır".
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının sələfilərin və vəhhabilərin İslama aidiyyəti olmadığını deməsinə münasibət bildirən Hacı Qamət bunu jurnalistlərin təhrifi hesab edir: “Ola bilsin ki, jurnalistlər təhrif ediblər. İnanmıram ki, belə söz desin. Əvvəla, sələfi və vəhhabi ayrı-ayrı məsələlərdir. Vəhhabi sözünün mənasını bilməyən adamlar bu sözdən istifadə edirlər. Əslində vəhhabilik radikalizmdir. Ona görə də vəhhabilik yox, radikalizm desək, düzgün olar. Radikalizmi də yalnız vəhhabilərdə axtarmaq olmaz. Başqa təriqətlərdə də radikallar var. Harada radikalizm varsa pislənməlidir və maarifçilik güclənməlidir”.
 
 
Hacı Elşən Mustafaoğlunun həbsindən mətbuatdan xəbər tutduğunu deyən Q.Süleymanov araşdırmaların nəticəsini gözləməyin tərəfdarıdır. O, Hacı Elşənin həbsinin sələfilərin tutulmasına hazırlıq üçün bir balans olduğunu düşünmür: “Mən Hacı Elşənin həbsindən sadəcə mətbuatdan xəbər tutmuşam. Açığı, bilmirəm niyə görə saxlanılıb. Hər halda, araşdırmalar gedir və hər şey aydın olacaq. Bizə qalır ki, istintaqın nəticəsini gözləyək. Sələfilərlə bağlı həbslərin olacağı haqda isə məlumatım yoxdur”.
 
Hacı Qamət dini komitə sədrinin tez-tez radikalizmdən, İŞİD-dən danışmasını belə şərh etdi: “İŞİD-dən qabaq da radikalizm olub. Radikallığa qarşı mübarizə olmalıdır. Elə radikallar var ki, insanları öldürməyə belə hazırdır və onlar cəmiyyətdən təcrid olunmalıdırlar. Radikallığın mərtəbəsi var. Hökumətdə imkanlar var ki, radikallığa qarşı mübarizə aparsın. Bunun da müxtəlif yolları mövcuddur”.
 
Süleymanov vəhhabilərin Səudiyyə Ərəbistanından maliyyələşdiyi haqda xəbərləri cəfəngiyat adlandırdı: “Bunlar boş söhbətlərdir və əsası yoxdur. Heç bir ölkədən Azərbaycana maliyyə yardımı gəlmir”.
 
Emil SALAMOĞLU
 
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1560 | Yüklədi: Azerislamoglu