Baş səhifə » 2013 » Yanvar » 14 » Hacı Qamət:“Biz hakimiyyət məsələlərinə qarışmırıq” -MÜSAHİBƏ-
10:25
Hacı Qamət:“Biz hakimiyyət məsələlərinə qarışmırıq” -MÜSAHİBƏ-
Hacı Qamət:

 "Biz hakimiyyət məsələlərinə qarışmırıq

"Bu, böhtan və yalandır. Sadəcə biz yardım edirdik. Məsələn, Orucluq Bayramı zamanı fitrə yığılırdı. Bizdə bu fitrəni, daha dəqiq desək, qarabaşaq, makaron və digər ərzaq məhsullarını aparıb qocalar və uşaq evinə verirdik. Biz bunları etmişik. Edəndə də nə televiziya çağırmışıq, nə qəzetlərə məlumat vermişik, nə də özümüzü reklam etmişik. Görürsən ki, hərdən kiminsə müalicəsinə, dərman almağına pul lazım olurdu. Mən də məsciddə qardaşlara deyirdim və hər kəs bir qədər pul atırdı, dəstək olurduq. Amma daha məscidə gələnlərə pul vermək söhbəti boş şeydir. Əgər biz bura gələnlərə pul versəydik onda bütün Nərimanov rayon sakinləri burada olardı. Bu fikri yayan insanlar özləri pulla danışırlar. Onlar mənəviyyat baxımdan kasadlıq keçirən insanlardır”. Bunu Əbu-Bəkir məscidinin imamı Hacı Qamət Süleymanov vəhhabi təriqətinə dəvət edilən insanlara pul təklif olunması haqqında yayılan xəbəri şərh edəkrən deyib.


Hacı Qamət həmçinin mitinqlərdə iştirak etməmək haqqında fətva verdiyini etiraf edib: "Sözün açığı, rəsmi olaraq bunu etməmişəm, xüsusi olaraq internetdə yayınlamamışam. Amma mitinqdə iştirak etmək olmaz. Bu peyğəmbərlərin üslubu deyil. Biz dini peyğəmbərlərdən götürürük. Peyğəmbərlərin dəvətində bu cür islah olunmur. Sadəcə olaraq gəlib məndən "mitinqə çıxmaq olarmı”soruşanda deyirəm ki, olmaz. Bu qədər. Amma mən belə bir fətvanı hansısa şəbəkədə yaymaq haqqında düşünməmişəm”.

 Hacı Qamət barəsində hakimiyyətin adamı olması haqqında yayılan söz-söhbətlərə də münasibət bildirib: "Bunu bizim əqidəni, sələfiliyin əsaslarını bilməyən adam deyə bilər. Bəli, qıraqdan elə görünə bilər. Biz hakimiyyətə qarşı deyilik. Biz islah yolunu hakimə qarşı çıxmaqda görmürük. Bu bizim mövqeyimizdir. Söhbət əqidədən gedir. Bu mənim bəhrələndiyim, əsas hesab etdiyim kitablardan gəlir”.

Əbu-Bəkir məscidinin imamı 2008-ci ildə məscidə atılan əl qumbarası, bunun kimlər tərəfindən edilə bilməsi haqqında da maraqlı fikirlər işlədib: " Bu radikal qrupun işi idi. Mən Cihad Təşkilatını nəzərdə tuturam. Özlərinə Meşə Qardaşları deyirlər. Bu Dağıstan və ya Çeçenistandan idarə olunan təşkilatdır. Onların məqsədi Qafqazda cihadı genişləndirməkdir. Onlar Azərbaycanda da bunun toxumlarını əkmək istəyirlər. Müəyyən qədər tərəfdar da toplamışdılar. Sadəcə olaraq mən və məscid onlara mane olurduq. Çünki Əbu-Bəkir Məscidi radikallığa qarşı mübarizə aparırdı. Onlar düşündülər ki, məni aradan götürsələr, həm məscid bağlanar, həm də narazılıq artar. Plan belə idi. Düzdür, qumbara qarşımda partladı, amma görünür, mənim əcəlim hələ çatmayıb”.

Sələfilərin imamı deyir ki, həyatına təhlükə hər zaman var: "Bir neçə dəfə sui-qəsdə cəhd olunub. Amma mən heç nədən qorxmuram, heç yana qaçmamışam, öz dəvətimi davam etdirirəm. Ancaq məni öldürmək də çox asandır”.

Hacı Qamət sələfilərin görünməyən strateji hədəfində şəriət dövləti qurmaq planı olduğu haqqında fikirləri də təkzib edib: "Bunu kim deyir? Əslində bunu şiələr, nurçular və başqa təriqətlər üçün də demək olar. Bunların hamısı iddialardır. Biz hakimiyyətə can atmırıq. Allah bizə hidayət verib və ən xeyirli yol budur. Biz bunu başqalarına da tövsiyə edirik. Kim istəyir eləsin, eləməyən də özü bilər. Əsas prinsip budur. Biz hakimiyyət məsələlərinə qarışmırıq”.

Nemət

Mənbə:

http://teleqraf.com/news.php?id=14772
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 868 | Yüklədi: selefimedia