Həzrəti Hüseynin (Allah ondan razı olsun) qatili kimlər olmuşdur? - 27 Ноября 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Noyabr » 27 » Həzrəti Hüseynin (Allah ondan razı olsun) qatili kimlər olmuşdur?
02:02
Həzrəti Hüseynin (Allah ondan razı olsun) qatili kimlər olmuşdur?
Həzrəti Hüseynin (Allah ondan razı olsun) qatili kimlər olmuşdur?


- Həzrəti Hüseyn öz şəhidliyinin qeyd olunmasını şəbihlər qurularaq, baş yarılaraq qeyd olunmasını istəyərdimi?
- Aşura günü təşkil olunan matəm mərasimləri İslama nə qədər uyğundur?

Heç şübhəsiz ki, Məhərrəm ayının 10-da (Aşura günü), Kərbəla düzündə baş verən hadisə qiyamətə qədər mübahisəli məsələ olaraq qalacaqdır. Həzrəti Hüseynin qətli ilə bağlı fikir ayrılığı həm də tarixə ən az üç fərqli baxışı ortaya qoyur. Hadisənin mahiyyətinə keçmədən öncə, məsələyə ümumiləşdirilmiş üç baxışı nəzərdən keçirək.

Birinci qism: Onlar hesab edirlər ki, Həzrəti Hüseyn (Allah Ondan razı olsun) haqlı yerə öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sizin vahid rəhbəriniz olduğu halda kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün"( Səhih Müslim: Kitab əl-İmarə, № 1852.).
Onların fikrincə, Həzrəti Hüseyn də müsəlmanların birliyini dağıtmaq istəyirdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə insanın kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onun öldürülməsi haqlı imiş. Bu rəy, Nasibilərin fikridir. Onlar Həzrəti Hüseyn ibn Əliyə (Allah Onlardan razı olsun) nifrət edirlər.

İkinci qism:
Onların fikrincə Hüseyn, itaəti vacib olan imamdır və o vaxt hakimiyyət də ona verilməli idi. Bu cəfərilərin fikridir.

Üçüncü qism: Onlar deyirlər ki, o məzlum olaraq öldürülmüşdür. Bəzi bidətçilərin dedikləri kimi o rəhbər olmamışdı. Yaxud digər tərəfin dediyi kimi üsyankar kimi də öldürülməmişdir. Allah ondan razı olsun. O həqiqətən məzlum halda öldürülmüş və şəhid olmuşdur. Bu haqda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır"( Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, № 3768.).
Hüseynin qiyamçı kimi öldürülməməsinə sübut, onun geri qayıtmaq, yaxud Şam vilayətinə Yezidin yanına getmək istəyi idi. Lakin onlar onun bu təkliflərini qəbul etmədilər və yalnız Ubeydullah ibn Ziyada təslim olmasını şərt qoydular. Bu rəy Əhli Sünnə və Camaatın fikridir.

Bu fikirdən hansı doğrudur?
Fikrimizcə, məsələnin mahiyyətini və həmin dövrdə baş verənləri şərh edərkən, bu sual da cavabını tapacaq. Ancaq bilinməsi gərəkən ən önəmli xüsus budur ki, Həzrəti Hüseyn müsəlman camaatın ən önəmli və sevdiyi şəxslərdən biri idi. Həzrəti Hüseyn bir şəhiddir! Allah Təala onun qatillərini rəzil etsin! İslam nöqteyi nəzəri ilə Osmanın, Zubeyrin, Hüseynin xüsusən də Əlinin qatili olan Əbdürrəhman ibn Mülcəm və digər qatillər haqda mövqeyi belədir: Biz İbn Mülcəm üçün cəhənnəm əzabı arzu edirik. Bununla belə ola bilər ki, Allah onu bağışlasın. Onun hökmü Osmanı, Zubeyri, Talhanı, Səid ibn Cubeyri, Ammarı, Xaricəni və Hüseyni öldürənlərin hökmü ilə eynidir. Biz bu insanların heç birini sevmir, Allah xətrinə onlara nifrət edir və onların işlərini Allaha tapşırırıq(İmam Zəhəbi, Tarixul İslam: Asr əl-Xuləfə ər-Raşidin: 645. Əbdürrəhman ibn Mülcəmin tarixçəsi).

Bəs Həzrəti Hüseynin qatili kimlərdir?
Doğrudanmı, bütün günahlar zalım Yezid ibn Müaviyədə idi? Yoxsa, hər dəfə imam üçün ağlayan toplum bir dəfə də zalım Yezid üçün ağlamasalar belə, məsələyə birtərəfli yanaşmalıdırlar...

Həzrəti Hüseynin «Bizə çox pis xəbər gəldi. Müslim ibn Ukaylın, Hani ibn Urvənin və Abdullah ibn Yaktunun öldürüldükləri xəbəri gəldi. Tərəfdarlarımız (şiəmiz) bizi yalnız buraxdı» sözlərinə, öz şiəsinin ona «Ey Hüseyn! Cəhənnəmlə sevin!» (bu sözdən Allaha sığınırıq) deməsinə və xanım Zeynəb bint Əlinin Həzrəti Hüseyni meydanda tək qoyub, qaçdıqları və qətl etdikləri üçün bütün məsuliyyəti kufəlilərin üzərində olmasını qeyd etməsini nəzərə aldıqda, insan istər-istəməz düşünür ki, tarixə yenidən nəzər salmağın vaxtıdır.

Və bir məsələ açıqlığa qovuşmalıdır ki, Kərbəla hadisəsi heç də şiə Hüseynlə sünni Yezidin qovğası deyildi. Çünki hər şeydən öncə Həzrəti Hüseyn əhli-sünnənin də ağalarından, sevdiyi insanlardan biri idi.

Amma əsrlərlə bu hadisə İslamı parçalamaq istəyənlərin, müsəlman qardaşların arasına nifaq salmaq üçün hər zaman yalnış şəkildə təqdim edildi. Əsrlərdən bəri Həzrəti Hüseynin qətli ilə bağlı mərasimlər təşkil edərək, bu kimi vasitələrlə Həzrəti Peyğəmbərimizin sevgili nəvəsinin şəhidliyindən qardaşla qardaşı düşmən etmək üçün istifadə edildi. Və təbii ki, tarix təhrif olunaraq...

Bu yazıda əsla, zalım Yezidi isə heç müdafiə etmək niyyəti güdülmür. Yezid zalım bir hökmdar idi və o, səhvlərinin cəzasını inşallah Qiyamət günü verəcək.

Bizi əsas maraqlandıran məqamlar bunlardır?
1. Nədən Kərbəla hadisəsi bu qədər böyüdüldü?
2. Nə üçün İslam tarixində baş verən hadisələrə bu faciə qədər dəyər verilmədi?
3. Həzrəti Hüseynin ölümündə kufəli tərəfdarlarının (tərəfdar ərəbcə «şiə» deməkdir-müəl.) rolu nədən müzakirə obyekti olmadı?
4. Nə üçün əhli-sünnə Həzrəti Hüseynin düşməni kimi qələmə verildi?
5. Həzrəti Ömər ibn Xəttaba olan kinin səbəbi nə idi?
6. Həzrəti Əli və övladları digər üç raşidi xəlifəyə necə münasibət bəsləyirdilər?
7. Həzrəti Hüseyn öz şəhidliyinin qeyd olunmasını şəbihlər qurularaq, baş yarılaraq qeyd olunmasını istəyərdimi?



İslam tarixində Kərbəla faciəsindən böyük faciə olubmu, olmayıbmı?




Öncəliklə bu suala cavab tapmaq lazımdır. Bunun üçün tarixi çox araşdırmağın mənası yoxdur. İslam dini nazil olduğu gündən bu tərəfə hər zaman şəhid verib. Sizin fikrinizcə, «İslamın şiri» adlanan Həzrəti Həmzə daha faciəli şəkildə öldürülmüşdü, yoxsa Həzrəti Hüseyn? Təbii ki, şəhadətin müqayisəsini aparmaq fikrində deyilik. Ancaq görünən odur ki, hər iki Həzrət döyüş meydanında şəhid olublar. Ancaq Sevgili Peyğəmbərimizin (sav) qoruyucusu olan bu mübarək zatın şəhadət tarixini xatırlayan belə yoxdur.

Və ya Həzrəti Hüseyinin əmisi Cəfər ət-Tayyar başqa bir döyüşdə şəhid oldu. Onun nə zaman şəhadət mərtəbəsinə çatdığını bilən varmı? Xeyr! Müseyləmətul Kəzzab adlı yalançı peyğəmbərlə döyüşdə təxminən yüz minə yaxın səhabə şəhid oldu. Və onların arasında onlarla Quran hafizi vardı ki, məhz onların ölümündən sonra Qurani Kərimin kağız üzərinə köçürülməsinə qərar verildi. Belə böyük faciə nədən qeyd olunmur? Nə üçün Həzrəti Peyğəmbərimizin (
Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu nur üzlü səhabələri üçün yas tutulmur?

Və yaddan çıxarmayaq ki, Həzrəti Hüseynin qətlə yetirilməsi heç də Peyğəmbərlərin qətlə yetirilməsindən böyük bir hadisə deyildir. Peyğəmbər Yəhya ibn Zəkəriyyənin kəsilmiş başı bir nəfər zalım üçün mehr kimi təqdim olunmuşdu. Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdir. Musa və İsa peyğəmbəri də öldürmək istəyirdilər. Digər peyğəmbərləri də öldürmək istəyiblər. Həmçinin Ömər, Osman və Əli kimi insanları da qətlə yetiriblər. Bu insanlar Həzrəti Hüseyndən (Allah ondan razı olsun) daha üstün mərtəbədə olan insanlardır.

Bütün bunları bir kənara qoysaq, Həzrəti Əli və Həzrəti Həsənin (Allah onlardan razı olsun) qətlə yetirilməsinə nədən göz yumulur? Axı Zülfüqarın sahibi Uca Tanrıya ibadət edərkən, kufəli xarici tərəfindən vurulmuşdu. Nə üçün çox sevdiyiniz Həzrəti Əli üçün yas tutmursunuz? Səbəb nədir?

Səbəbə keçmədən öncə, Həzrəti Həsən və Həzrəti Hüseynlə (Allah onlardan razı olsun) bağlı fikrimizi konkret bildirməkdə fayda vardır ki, sonradan məsələni başqa tərəflərə yönləndirməsinlər... Biz Həzrəti Həsən və Həzrəti Hüseyni (Allah onlardan razı olsun) sevirik. Çünki Həzrəti Rəsulullah (sav) buyurub ki, «Allahım, mən bunların ikisini də sevirəm. Sən də sev»! Və bu hədis hər iki mübarək zatın fəzilətli olduqlarının və Peyğəmbərimizin (
Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətinin də bu iki şəxsiyyəti (Allah onlardan razı olsun) sevməsinin gərəkdiyi düşüncəsindəyik. Cənnət əhlinin ağası olacaq bu iki şəxsiyyəti (Allah onlardan razı olsun) sevməmək, həzrəti Rəsulullahı (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sevməmək anlamına gəlir ki, Allah bizi o gündən qorusun.

Amma bu suala da bir cavab tapılmalıdır? Nədən Kərbəla hadisəsi günümüzə qədər daşındı? Nə üçün Kufə əhlinin xəyanəti deyil, tamam başqa səbəblər önə çıxarıldı?


Kufə: xəyanət yuvası yoxsa şiəliyin mərkəzi?



Təbii ki, öncə Kufə ilə bağlı ətraflı məlumata ehtiyac var. Tanınmış şiə alimi Bəkir Şərif əl-Kuraşi deyir ki, «Kufə şiəliyin beşiyi, Əli tərəfdarlarının əsas mərkəzlərindən biri idi». Həmin müəllif «Hayatul-İmam Hüseyn» əsərinin 3-cü cildinin 12-ci səhifəsində «Ömərin xilafətindən etibarən şiəliyin toxumları Kufədə atıldı».
Hamının yaxşı tanıdığı Məhəmməd Ticani Səmavi isə «Arifil- Haqq» əsərində «Əbu Hüreyrə Əli ibn Əbu Talibin yurduna, Şiə diyarının göbəyi olan Kufəyə girdi» deyərək, Kufənin şiə mərkəzi olduğunu təsdiqləyir.

Şiəliyin ana yurdu olan Kufə haqqında başqa bir şiə alimi- Şeyx Cavad Muhaddisi «Kufə xalqı tarixdə vəfasızlıq və əhdi pozmaqla məşhurdur. İslam tarixində Kufənin sözünə sadiqliyinə və vəfalılığına dair bir fakt yoxdur» söyləyib(Mevsuatul Aşura, səh.59).

Şeyx Cavad bundan başqa deyib ki, «Kufəlilərin xüsusiyyətləri arasında bütün bunlar vardır: dürüst davranmamaq, hiyləgərlik, darda qalanın yanından qaçmaq, idarəçilərə qarşı üsyan, aldatmaq, əxlaqsızlıq, tamahkarlıq, var-dövlət ehtirası, şaiyələrə inanmaq və s. İmam Əli onların hiyləgərlikləri ilə üz-üzə qalıb. İmam Həsən onların vəfasızlığı ilə rastlaşıb. Müslim ibn Ukayl onların arasında qətl edilib. Həzrəti Hüseyn Kufənin yaxınlığındakı Kərbəlada Kufə ordusunun əli ilə öldürülüb»(Mevsuatul Aşura, səh. 59).

Şiə alimlərin yazdıqlarından da göründüyü kimi Kufə şiəliyin yaranma mərkəzi olmaqla yanaşı həm də İslam daxilində parçalanmanın, firqələşmənin də mərkəzi olub. Elə ilk xaricilər (xəvaric) də Kufədən çıxmışdılar. Həzrəti Əli (Allah ondan razı olsun) Kufəyə qayıtdıqda xəvariclər təhkim hadisəsinə etiraz olaraq "Hökm yalnız Allahındır" deyib ona qarşı çıxdılar. Hər yerdə müxtəlif şüarlarla Həzrəti Əliyə qarşı danışır, hətta məsciddə də "Hökm yalnız Allahındır" deyərək qışqırırdılar. Həzrəti Əli (Allah ondan razı olsun) bunları gördükdə deyirdi: "Söz Haqq sözdür, lakin məramları batildir".

Bəli, məramları batil olan Kufəlilər əslində Həzrəti Hüseynin gerçək qatilləri idi. Və əslində kufəlilər haqqında ən gözəl sözü də Həzrəti Hüseynə ərəb şair Firəzdəq demişdi: «Kufə camaatının ürəkləri səninlədir qılıncları isə Bəni Umeyyə ilə»

Bir çox səhabələr (Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn əl-As, Əbu Səid əl-Xudri, Abdullah ibn əz-Zubeyr) və qardaşı Məhəmməd ibn əl-Hənəfiyyə - Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar Həzrəti Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən yayındırmağa çalışdılar. Budur onların sözləri:
1. Hüseyn Kufəyə getmək istəyəndə Abdullah ibn Abbas ona dedi: Əgər camaat səni və məni qınamasaydılar əlimlə sənin başından tutar, getməyə qoymayardım.
2. Şəbi deyir: Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə yetişdikdə İbn Ömər Məkkədə idi. Miniyinə minib üç günlük yol qət etdikdən sonra Hüseynə yetişdi və dedi: Haraya gedirsən?
Hüseyn dedi: İraqa. Sonra o, İraq camaatından ona gələn beyət haqda məktubları çıxartdı və dedi: Bu onların yazdıqları məktublar və etdikləri beyətləridir. (İraq camaatı bu yazılarla onu aldatmışdılar. Allah ondan razı olsun).
İbn Ömər dedi: Sən onların yanına getmə. Hüseyn isə öz dediyində qalırdı.
İbn Ömər dedi: Mən sənə bir hədis danışacağam. Cəbrail Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib ya dünyanı ya da axirəti seçməyi təklif etdi. O da, dünyanı istəməyərək, axirəti seçdi. Sən də onun bir parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya (dünya malına) qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə (axirətə) yönəltmişdir.
Bütün bunlara baxmayaraq Hüseyn geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər onu qucaqlayıb ağladı və dedi: Mən səninlə bir ölən insan kimi vidalaşıram.
3. Abdullah ibn Zubeyr, Hüseynə dedi: Haraya gedirsən? Sən, atanı öldürən və qardaşını yaralayan bir camaatın yanına gedirsən. Sən oraya getmə. Hüseyn onun da sözünə qulaq asmayıb getməyə qərar verdi.
4. Əbu Səid əl-Xudri Hüseynə dedi: Ey Əbu Abdullah mən sənə tövsiyə edir, sizə can yandırıram. Mən eşitmişəm ki, Kufəli tərəfdarlarınız sizə məktub yazıb sizi oraya çağırırlar. Sən oraya getmə. Mən sənin atanın belə dediyini eşitmişəm: Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar. Kim onlarla qələbə çalarsa çürük ox qazanar. Allaha and olsun, onların xoş məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümü yoxdur(əl-Bidayə vən-Nihayə: 8, 161-163.).

Göründüyü kimi Kufə ilə bağlı səhabələrlə tarixçilərin mövqeyi üst-üstə düşür. Elə Həzrəti Hüseyn də kufələrə güvənmirdi. Bunu onun «Əgər dediyinizi etməsəniz, əhdlərinizi pozsanız və mənə beyət etməkdən vaz keçsəniz ki, bütün bunlar sizə yad deyil. Necə ki, atama, qardaşıma və əmioğlum Müslümə qarşı bunu etdiniz. Sizə inanan aldanmışdır». Bəli, Kufə xalqı öncə məktub yazıb, Həzrəti Hüseyni rəhbər olaraq çağırıb, sonra xəncərlə arxadan vurdular... Və ən maraqlı məqam ondan ibarətdir ki, Yezidin nümayəndəsi Übeydullah ibn Zeydin İmam Hüseynin üzərinə göndərdiyi ordu tamamilə kufəlilərdən ibarət idi. Təsəvvür edirsinizmi, şiəliyin mərkəzi olan Kufə həm də müqəddəs saydıqları bir insanın qətlini icra etdilər. Bunu da şiə qaynaqları təsdiqləyir. Şiə alimi Kazım əl-İhsai ən-Nəcəfi «İmam Hüseyn ilə döyüşmək üçün hazırlanan ordu üz yüz min nəfərdən ibarət idi və tamamilə kufəlilərdən ibarət idi. Ordunun içində şamlı, hicazlı, hind, pakistanlı, sudanlı, misirli, afrikalı yox idi. Hamısı, təkrar söyləyirəm, hamısı kufəlilər idi. Müxtəlif qəbilərlərdən toplanmışdı»(Aşura, səh. 89).

Şiə tarixçisi Hüseyn ibn Əhməd əl-Burakinin sözlərinə görə, «Kufə xalqının utanacağı xüsuslardan biri Həsən ibn Əlini yaralamaları və yanlarına dəvət etdikləri Hüseyn ibn Əlini qətlə yetirmələridir»(Tarixul-Kufə, səh.113).

İmam Zeynəlabidin (Allah ondan razı olsun) məhz bu səbəbdən dolayı kufəlilərə üzünü tutaraq bunları söyləmişdi: «Rəsulullah (
Ona və ailəsinə Allahın salavatı və salamı olsun) «mənim əhli-beytimi qətlə yetirdiniz. Siz mənim ümmətimdən deyilsiniz»deyəndə, onun üzünə hansı sifətlə baxacaqsınız»(Tabərsi, əl-İhticac, 2/32).

İmam Zeynəlabidin (Allah ondan razı olsun) bir dəfə də kufəlilərin Həzrəti Hüseyn üçün ağı deyib, göz yaşı tökməsini görəndə «bizim üçün ağı deyib, göz yaşı tökürsünüz. Bəs bizi qətl edənlər kimlərdir?» deyə, etirazını bildirmişdi.

Elə xanım Zeynəb də «Kufənin kişiləri bizi öldürür. Qadınları isə bizim üçün ağlayır» deyə, şiəliyin mərkəzi Kufəyə öz etirazını bildirmişdi.

Maraqlıdır ki, Kərbəla hadisəsi xatırlanan zaman İmam Hüseyni döyüş meydanında yalnız qoyaraq qaçanlar, onu çağırıb, sonra xəyanət edənlər barəsində danışılmır. Hədəf olaraq isə dolayısı ilə dörd xəlifənin hər birini qəbul edən sünni əhali göstərilir. Halbuki İmam Hüseyni qətlə yetirənlər, Peyğəmbərimizin (sav) sevgili nəvəsinin üzərinə qılıncla yürüyüb, onu və əyalını susuz buraxanlar öz tərəfdarları, ərəbcə desək öz şiəsi idi.


Kərbəla və «Ömərə lənət» əməliyyatı



Kərbəla faciəsini birtərəfli olaraq təbliğ edənlərə diqqət yetirəndə, nədənsə Sasani imperiyasını xatırlamalı oluruq. Çünki tarix boyu İslama hər zaman xəyanət edən Kufə xalqı ilə bu günki İran Kərbəla faciəsini hər zaman öz məqsədlərinə uyğun şəkildə təbliğ etdilər. Və əsrlər boyu İmam Hüseynə sevgi adı altında İslamın bölünməsi əməliyyatı aparıldı. Bununla paralel isə bir də «Ömərə lənət» təbliğatı aparıldı. Saxta və təhrif olunmuş mənbələrə istinad edərək, xəlifə Ömərin Əhli-Beytlə (Allah onlardan razı olsun), xüsusilə Həzrəti Əli və Həzrəti Fatimə ilə münasibətlərinin pis olduğu rəyi yaradıldı.

Həzrəti Ömərə qarşı düşmənçiliyin səbəbinin Sasani imperiyasına son qoyduğu, Həzrəti Hüseynə olan sevginin qaynağının isə fars Şəhrbanu bint Yezdigerdlə evli olması və ondan Əli adlı oğlunun olmasıdır. Hər şeydən öncə bilinməlidir ki, burada FARS BARMAĞI var və onlar, hətta Həzrəti Həsənin övladlarından fərqli olaraq, Həzrəti Hüseynin övladlarına daha çox təzim edirlər. Çünki Hüseynin övladlarının dayıları fars idilər. Demək Şəhrbanu bint Yezdigerd, Hüseynin, Əli adlı oğlunun anası idi. Allah onlardan razı olsun! Onlar deyirlər ki, Sasani qəbiləsinin şərəfli şəcərəsi Haşimi şəcərəsi ilə birləşmişdir(Biharul Ənvar: 45, 229).

Bəli, bu gün Kərbəla hadisəsinin önə çıxarılmasının da, Həzrəti Aişə haqqında nalayiq ifadələrin işlənməsinin də arxasında fars barmağı var. Şiəlik isə onların geydikləri libasdan başqa bir şey deyil. Necə ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər səhabələrindən fərqli olaraq, Salman əl-Farisini həddindən artıq ucaldırlar. Hətta ona vəhy gəldiyini belə iddia etmişlər(Ricalul Kişşi: 21.). Bunun səbəbi, Salmanın fars olmasıdır.

Baxın, son vaxtlarda yaşayan əl-İhqaqi əl-Hairi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fars torpaqlarını fəth edən səhabələrini belə vəsf edir: "Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü olan bədəvi ərəblər"(Risalətul İman: 232.).

Baxın görün, o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini necə vəsf edir, o zaman atəşpərəstlikdə qalan fars qadınlarını isə necə tərifləyir. Atəşpərəst fars qadınlarına iffətli deyir, amma Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini isə, fars qadınlarına göz dikmə;kdə ittiham edir.

Bu fakt əslində Kərbəla faciəsinə İranın niyə önəm verdiyinə də, Kufə əhlinin günahlarının gizlədilməsinin də aydınlığa qovuşması üçün çox önəmlidir. Çünki İran Həzrəti Ömərin dövründə fəth edildi. Çünki Kisranın sarayları o zaman yıxıldı. Bunu həzm etməyən farslar isə Həzrəti Hüseynin simasında xəlifə Ömərə qarşı xəyali düşmən yaradıb, 1368 ildən bəri insanların beyninə «Hüseynə ağla, Ömərə lənət et» fikrini yeridirlər. Halbuki, əhli-beytlə heç bir raşidi xəlifəsinin münasibəti pis deyildi. Əgər onların münasibəti pis olsaydı, nə üçün Həzrəti Əli və Həzrəti Həsən öz övladlarına üç raşidi xəlifəsinin adlarını qoymuşdu? Nədən İmam Zeynəlabidin kimi tanınan Əli ibn Hüseyn ibn Əbu Talib öz oğluna Ömər adını vermişdi?

İnsan üçün övladdan şirin nə var dünyada? Heç bir şey! O zaman nədən insan övladına sevmədiyi, nifrət etdiyi, düşmənçilik bəslədiyi insanın adını qoysun? Hər dəfə də övladını çağıranda, addan narahat olsun?

Və məsələnin ən maraqlı tərəfi budur ki, Kərbəla düzündə kufəlilər tərəfindən şəhadətə yetirilən Həzrəti Hüseynlə bərabər zalım düşmənə qarşı vuruşanlar arasında həmin insanlar da var idi:

1. Əbu Bəkr ibn Əli ibn Əbu Talib.
2. Ömər ibn Əli ibn Əbu Talib.
3. Osman ibn Əli ibn Əbu Talib.
4. Əbu Bəkr ibn Həsən ibn Əli ibn Əbu Talib.
5. Ömər ibn Həsən ibn Əli ibn Əbu Talib(Bu fakt bütün şiə qaynaqları tərəfindən təsdiqlənib. Müfidin «əl-İrşad», Abbas əl-Qumminin «Muntehal Amal» və başqa şiə qaynaqları buna sübutdur).

Belə olduğu təqdirdə, sual meydana çıxır ki, kim Ömərlə düşmən olub? Əhli-Beytmi, sasanilərmi? Bu sualın cavabı əslində çox mətləbləri aydınladır. Bəlli olur ki, əslində Əhli-Beytlə raşidi xəlifələr arasında nəinki problem olmayıb, hətta münasibətlər o qədər yaxşı olub ki, Həzrəti Əli üç övladını onların adı ilə şərəfləndirib. Və həmin ad sahibləri də Kərbəla səhrasında Həzrəti Hüseynlə bərabər kədər və bəlaya məruz qalaraq, şəhidlik mərtəbəsinə yüksəliblər.


Aşura günü baş verənlər İslama nə qədər uyğundur?



Bu məsələ ilə bağlı qısa olaraq bildirmək lazımdır ki, özünü döymək, sinə paltarını cırmaq və s. bu kimi etmək düzgün deyildir. Əslində bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(ölən adamın arxasınca) Üzünə döyən, sinə paltarını cıran bizdən deyildir"( Səhib Buxari: Kitab əl-Cənaiz, Bab Leysə minnə mən şəqqə əl-Cuyub, № 1294.).
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(ölən adamın arxasınca) ağı deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam"( Səhih Müslim: Kitab əl-İman, № 167.).
Digər rəvayətdə isə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Həqiqətən ağı deyən insan Allaha tövbə etməzsə Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir"( Səhih Müslim: Kitab əl-Cənaiz, № 934.)
Belə müsibətlər anında müsəlmanın borcu Allahın buyurduğu kimi deməkdir: "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər"( əl-Bəqərə: 156.)
Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda matəm saxlanılır ki, əslində bunun bidət olduğunu bəzi şiə alimləri də təsdiqləyirlər. Məsələn, şiə doktor Hadi Fadlallahın başçılıq etdiyi şiə qrupu qan çıxana qədər özünü döyməyi və şəbihi (Kərbəla faciəsinin ildönümündə oynanan tamaşa-müəl.) rədd edir. Ayətullahul-uzma Əbul Qasim əl-Hui də «insanların məsxərəyə qoymasına səbəb olduğu üçün» bu kimi hallara qarşı çıxmışdır.
Elə bütün şiələrin qəbul etdikləri Küleyni də «əl-Kafi» əsərində İmam Sadiqə (Allah ondan razı olsun) istinadən yazır ki, «ölünün arxasından qışqırıb-bağırmamaq, paltarı cırmamaq lazımdır».

Elə şiə doktor Məhəmməd Ticani Səmavi də ayətullah Məhəmməd Bəkr əs-Sədrə istinad edərək, «bədənin döyülməsi və qan axıdılması avam və cahil insanların əməlləridir» söyləyib ki, bununla əslində baş verənlərin cahiliyyə dəlalət etdiyini etiraf edib.

Həzrəti Hüseynin şəhadətini qeyd edənlərin əyinlərinə geydikləri qara paltar üçün isə Həzrəti Peyğəmbərimiz (
sallallahu aleyhi və səlləm) buyurub ki, «qara geyim od (yəni cəhənnəm) əhlinin geyimidir». Başqa bir hədisdə Həzrəti Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) «qara geyinməyin. Çünki bu fironun geyimidir» söyləyib.
Elə şiə alimləri də bu hədisləri təsdiqləyərək, namaz vaxtı başdan başa qara geyinməyin məkruh olduğuna qərar veriblər(əş-Şərayi, əl-İrşad, əd-Durus kimi şiə qaynaqlarına baxa bilərsiniz.) Belə olduğu təqdirdə, nədən Məhərrəmin 10-cu günü qara geyinilir?

Maraqlıdır ki, Həzrəti Hüseyndən sonrakı imamların dönəmində belə teatrlar və matəmlər olmayıb. Doğrudur, matəm tərəfdarları bunu həmin dövrdəki şəraitlə əlaqələndirirlər. Ancaq unutmamalıdırlar ki, imam Cəfər ibn Məhəmməd (Allah ondan razı olsun) vəfat edərkən vəsiyyət etmişdi ki, «heç kim mənim üçün bədəninə əziyyət verməsin. Heç kim qışqırıb, əyin-başını yırtmasın. Yaxasını yırtan qadın üçün cəhənnəmdə bir deişk açılır. O nə qədər çox vay-şüvən salsa, cəhənnəmdəki deşik daha da böyüyür».(Biharül-Ənvar, 82/101).


Aşura günü oruc tutulmalımı, tutulmamalımı?



Əhli-sünnənin Aşura günü oruc tutmasına qarşılıq olaraq, cəfərilər həmin günün matəm olmasını səbəb göstərərək, Aşura günü oruc tutulmasına qarşı çıxırlar. Halbuki, Həzrəti Əli (Allah ondan razı olsun) bildirib ki, Həzrəti Rəsulullah (
sallallahu aleyhi və səlləm) belə buyurub: «Aşura günü, ehtiyat tədbiri olaraq, doqquzuncu və onuncu gün oruc tutun. Çünki bu oruc bir öncəki ilin kəffarəsidir».

Həzrəti Rəsulullah (
sallallahu aleyhi və səlləm) başqa bir hədisində belə söyləyib: «Fərz (yəni vacib) namazından sonra ən fəzilətli namaz gecənin ortasında qılınan namazdır. Ramazan orucundan sonrakı ən fəzilətli oruc Məhərrəm deyə adlandırılan Allahın ayındakı orucdur»(əl-Hürr, «Vesailuş-Şia», 7/337).

Əlavə şərhə ehtiyac varmı? Əlavə şərhə ehtiyac olmasa da, insanımıza müraciət etməyə ehtiyac var. İnsanımız bütün məsələlərə birtərəfli yanaşmamalıdır. Həzrəti Hüseyni sevməlidir. Həzrəti Həsəni sevməlidir. Həzrəti Rəsulullahın (
sallallahu aleyhi və səlləm) əhli-beytini sevməlidir. Ancaq şəbih məclislərində vaxtını itirməməlidir. Həzrəti Əlinin və övladlarının həyat fəlsəfəsini incələməlidir. Həzrəti Hüseynin niyə şəhidliyi seçdiyini anlamalıdır. Məsələnin üzünü görməkdən vaz keçib, astarını sökməlidir. Mahiyyəti dərk etməlidir. O zaman görəcək ki, Həzrəti Hüseyn heç də xain farsların və kufəlilərin tanıtdığı şəxs deyil. O bambaşqa bir insandır. O, babasına və atasına (Allah onlardan razı olsun) layiq bir övlad olub və həyat mücadiləsini də bu şərəfi qorumağa həsr edib. Gəlin, özümüzə əziyyət etməyək. Bunun nə özümüzə, nə də Həzrəti Hüseynə bir faydası var. Bu hərəkət cəhənəmə bilet almaqdan savayı heç nəyə yaramaz. Gəlin, cəhənnəmə gedənlərlə eyni yolda olmayaq. Həzrəti Hüseynin tərəfində olaq! Yəni, xurafatsız, batil inanclarsız İslamın yanında!


Əbu Əli "Əfəndi" Abdullah al Ucari




Hz.huseyninQatiliKimdir.doc 
Hz.huseyninQatiliKimdir.jad
Hz.huseyninQatiliKimdir.jar
Bölmə: Mobil Kitablar | Baxılıb: 821 | Yüklədi: selefimedia