11:01 Fransada baş vermiş terrorla bağlı Şeyx Qamət Süleymanla müsahibə. | |
“Sələfilər terrorun heç bir növünü qəbul etmirlər. Bu fikirlərlə mübarizə fonunda hər kəsin səlahiyyətinə görə müvafiq üsulu vardır…” Bu sözləri “SələfXəbər”in müsahibi Şeyx Qamət Süleyman söyləyib. Həmin müsahibəni tam şəkildə sizə təqdim edirik. - Fransada baş verən son terror hadisəsi bütün dünyada böyük əks-səda doğrudu. Biz bilirik ki, sələfilər ümumiyyətlə istənilən terror əməlinə qarşıdırlar. Məhz bu hadisəyə necə qiymət vermək olar? Biz bu hadisəni kəskin şəkildə qınayırıq. Bir daha bildiririk ki, belə iyrənc cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur. - Bəziləri Fransada baş vermiş terroru İslamın və müsəlmanların adına yazmağa cəhd edirlər. Bu problemin sirri nədədir? Yəni nə üçün ziyan çəkən də, ittiham olunan da müsəlman olur?! Terrorda heç bir fayda yoxdur. Bu vaxta qədər radikallar tərəfindən həyata keçirilən terror əməliyyatlarının müsəlmanlara heç bir faydası olmayıb, əksinə zərəri olmuşdur. Qərb mətbuatı belə hadisələrdən daim məharətlə istifadə edəcək. Çünki belə cinayətlər yalnız onların maraqlarına xidmət edir. Avropada müsəlmanların çoxalması, islamın geniş yayılması və son qaçqın böhranı fonunda Avropa nə edəcəyini bilmirdi, çaş-baş qalmışdı. Amma bu terror hadisəsi onların maraqlarının xeyirinə oldu. Onlar bu hadisəni həm yerli müsəlmanlara, həm də qaçqınlara qarşı istifadə edəcəklər. - Bu gün müsəlman dünyasında terrorizm tüğyan etməkdədir. Misal olaraq Misir, Türkiyə, Livan, Liviya, Suriya, İraq və digər müsəlman ölkələrini qeyd etmək olar. Hər gün yüzlərlə müsəlman terrorun qurbanı olur. Lakin müsəlmanların terrora məruz qalması bir növ (dırnaqarası desək) “adi” qarşılanır. Bu nə üçün belədir? Müsəlmanların başına gələnlər qərbə maraqlı deyil. Qərbin öz maraqları vardır. Elə bu səbəbdən bütün problemlər müsəlman ölkələrində baş verir. Bunları qəsdən edənlər var, heç nə öz-özünə olmur. Bunu edənlər öz hədəflərinə çatmaq üçün radikal düşüncəli insanları tapır və istədiklərini başqa ad altında həyata keçirirlər. Maraqlısı budur ki, nə qədər müsəlman terrorun qurbanı olub, amma biz heç bir qərb ölkəsində terror qurbanı olmuş müsəlmanlara dəstək nümayiş etdirilməsini görməmişik. Elə Azərbaycanda nə qədər terror hadisəsi baş verib, amma başda Fransa olmaqla heç bir qərb ölkəsində bu terroru pisləyən nə bir nümayiş edilməyib, nə də analoji addım atılmayıb. Onlar sadəcə müşahidə etməklə kifayətləniblər. Bu bir daha onların ikili standartlı baxışlarını isbat edir. Müsəlman ölklərində baş verənlər onlara maraqlı deyil, onları müsəlman ölkələrinin sərvəti maraqlandırır. - Bu cinayəti İŞİD terror qruplaşması üzərinə götürüb. Sələfilərin bu təşkilata qarşı sərt tənqidi mövqedə olduğu bizə məlumdur. Biz bu təşkilata qarşı necə mübarizə apara bilərik? Zəhmət olmazsa bu haqda məlumat verərdiniz. Sələfilər terrorun heç bir növünü qəbul etmirlər. Bu fikirlərlə mübarizə fonunda hər kəsin səlahiyyətinə görə müvafiq üsulu vardır. Dövlət və hüquq mühafizə orqanlarının özünəməxsus üsulu vardır. Bizim üzərimizə düşən isə odur ki, biz gənc müsəlmanlara islamın nə oduğudunu, nəyi əmr və ya qadağa etdiyini çatdırmalıyıq. Terrorçu düşüncələrin islamdan olmadığını onlara aşılamalıyıq. Radikalların əsas tutduqları dəlil-sübutların əslində necə düzgün başa düşməli olduğunu onlara çatdırmalıyıq. Bir sözlə biz yalnız maarifləndirmə yolu ilə onlarla mübarizə aparırıq. - Müsəlmanlara bu çətin günlərdə edəcəyiniz tövsiyə nə olardı? Tövsiyə budur ki, ilk növbədə özlərində Allahın dinini yaşasınlar və ətrafındakı insanlara radikalların etdikləri əməllərin faydasız olduğunu çatdırsınlar. Məsələn, Fransada yüz neçə nəfəri öldürməyin nə islama, nə də müsəlmanlara heç bir faydası yoxdur. Bunu dərk etmək lazımdır! Bu hadisənin ələlxüsus qərbdə yaşayan müsəlmanlara çox böyük zərəri oldu. Orada yaşayan bəzi müsəlmanlar mənimlə əlaqə saxlayıb bildirdilər ki, burada insanların müsəlmanlara münasibəti mənfi yöndə çox dəyişib. Mən onlara tövsiyə etdim ki, orada camaatla ünsiyyətdə olsunlar və islamın belə olmadığını onlara bildirsinlər, islamın xoş rəftar və əxlaq dini olmasını onlara çatdırsınlar. İslamın terrordan uzaq olduğunu desinlər. Çünki ən böyük terrora məruz qalanlar elə müsəlmanlardır. | |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1339 | |