Baş səhifə » 2014 » Noyabr » 19 » Döyülmə anını idarənin kamerası çəkib.
06:42
Döyülmə anını idarənin kamerası çəkib.

Sumqayıtda yaşayan sələfi təriqətinin üzvləri Sumqayıt polis idarəsində döyüldüklərini və səbəbsiz işgəncəyə məruz qaldıqlarını iddia edirlər.
 



Noyabrın 13-də Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Baş Prokurorluğun keçirdiyi birgə əməliyyat zamanı sələfi təriqətinin üzvü Zöhrab Şıxəliyevin evinin həyətində "mədrəsə və məscid kimi yeraltı tikinti" aşkarlandığını açıqlayıb.
Polis idarəsində fiziki zorakılığa məruz qaldığını iddia edənlər yeraltı məsciddə namaz qıldıqlarını və saxlanılan zaman polisin onlara saqqallarını qırxmağı "tövsiyyə etdiyini" deyirlər.
Daxili İşlər Nazirliyi dindarların iddialarını "əsassız" olduğunu, "böhtan və şantaj xarakteri daşıdığını" açıqlayıb.
Döyülmə anını idarənin kamerası çəkib
Qarabağ əlili olduğunu deyən Zaur Mehdiyev BBC Azərbaycancaya yeraltı məsciddə bir ildən çox müddətdir namaz qıldığını deyir.
"Həmin gün mənim maşınıma mülki geyimli polislər mindi məscidin qarşısında. Dedilər gedək polis idarəsinə. İçəri girən kimi qara maskalılar üstümüzə töküldülər", cənab Mehdiyev bildirib.
"Qollarımıza qandal vurdular, üstümüzə çıxdılar, başımızda oturdular. Soruşdular ki, müharibədə hardan yaralanıbsan, başımdan dedim və başıma dubinka ilə vurdular".
Onun sözlərinə görə, ona döyülməsinin səbəbi deyilməyib və həmin anları polis idarəsinin kameralarına çəkilib.
Zöhrab Şıxəliyev
DİN Zöhrab Şıxəliyevin evinin həyətində "mədrəsə və məscid kimi yeraltı tikinti" aşkarlandığını açıqlayıb
"Sonra bizi podvala betonun üstünə qolu qandallı atdılar. 7-8 saat qaldıqdan sonra çıxardılar və dedilər ki, üstünüzü təmizləyin. Və bizi üç yerə bölüb polis bölmələrinə göndərdilər. Çıxanda dedilər ki, saqqalı qırxın, gəlib məruzə edərsiniz. Mən saqqalı niyə qırxıram? Dövlət konstitusiyasında dəyişiklik olub bəyəm?", o qeyd edir.
"Böhtan və şantaj"
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, saxlanılan şəxslər adıçəkilən idarədə olub, ancaq şəxsiyyətləri müəyyən edildikdən sonra sərbəst buraxılıb.
"Noyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə gətirilən bir neçə şəxsin orada təhqir və fiziki təzyiqə məruz qalması ilə bağlı bir sıra KİV-lərə ötürdükləri məlumatların heç bir əsası yoxdur", cənab Mansurzadə deyib.
"Polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək məqsədilə məqsədyönlü şəkildə yayılan həmin dezinformasiyalar böhtan və şantaj xarakteri daşıyır".
DİN sözçüsü saxlanılanlara fiziki təzyiq göstərilmədiyini və kobud rəftar, yaxud fiziki təzyiqə məruz qalmaları barədə iddiaları ilə bağlı müraciət ediləcəyi halda cinayət işinin istintaqı çərçivəsində araşdırılacağını qeyd edib.
Mehdiyev polis idarəsindən çıxandan sonra Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə getdiyini, amma zədələrini qeydiyyata alsalar da, polisə təqdim etmək üçün rəy verilmədiyini iddia edib. Eyni iddiaları Turan agentliyinə danışan Vidadi Məhərrəmli də açıqlayıb.
Cənab Mansurzadə bu iddiaları "yalan" adlandırıb və onların bədənində "hər hansı xəsarət izi, hətta qançırın aşkarlanmadığını" bildirib
"Əslində Vidadi Məhərrəmli ilə Zaur Mehdiyev qabaqdangəlmişlik edərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etsələr də, heç kim onların müraciətini ciddiyə almadığından əlləri ətəklərindən uzun qayıdıblar", o qeyd edib. "Təkcə elə bu faktın özü Məhərrəmli, Mehdiyev və qeyrilərinin qərəzli olduqlarını, polis əməkdaşlarını ləkələmək üçün məqsədli şəkildə yalan danışdıqlarını göstərir".
Polis namaz qılanları "qeydiyyata alır"
Mehdiyev polis tərəfindən şikayət etməmək üçün şantaj olunduğunu iddia edir.
"Bizə deyirlər ki, şikayət eləsək evlərimizdən avtomat çıxacaq, limonka çıxacaq. Amma biz Prezidentə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyi və Ombudsmana müraciət etmişik. 102-yə neçə dəfə zəng edirik, götürmürlər. Biz istəyirik ki, hüquqlarımız qorunsun", Zaur Mehdiyev əlavə edib.
Onun sözlərinə görə, polis idarəsində aldığı zədələrlə bağlı həkim rəy verməkdən imtina edib.
"Polis gəlib çayxanada bizdən izahat alıb. İndi deyirlər gəl idarəyə. Mən istəmirəm getmək, polisləri görmək istəmirəm. Prezident Aparatına müraciət etmişəm, dedilər get Baş Prokurorluğa".
Bir neçə dəfə polis bölməsinə "qeydiyyat üçün" aparıldığını söyləyən Mehdiyev bildirib ki, onu namaz qılan şəxs kimi qeydiyyata alıblar.
“Mən heç bir cinayət etməmişəm. Bu işgəncələr imanlı şəxslərə qarşı təzyiqdir. Biz indi səsimizi çıxarmasaq, sabah o birilərini aparacaqlar. Sumqayıt məmurları Zöhrabın evində məscidin olduğunu bilirdi. İndi bəzi qurumlar boynuna almır, sanki yeni şey icad ediblər”, o əlavə edib.
DİN-nin yaydığı məlumata görə, reyd zamanı saxlanılan Sumqayıt şəhər sakini Zöhrab Şıxəliyevin üzərindən 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.
“Evə baxış zamanı həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb”, - rəsmi məlumatda bildirilir.
"Namaz qılıb dağılışırdıq"
Zöhrab Şıxəliyevin qardaşı Samir Sıxəliyev BBC Azərbaycancaya Sumqayıtda sələfilərin ibadət etməsi üçün məscidin olmadığını deyir.
"Corat qəsəbəsinin 500-600 min əhalisi var. Bizim ibadət etməyə məscidimiz yoxdur. Qərara gəldik ki, Zöhrabın evinə yığışıb namaz qılaq. Sonra yeraltı məscid tikdik, namaz qılandan sonra dağılışırdıq. Orda videokameralar var və hər şeyin çəkilişi olub", o bildirib.
Şıxəliyevin sözlərinə görə, yeraltı məscidin mövcudluğundan icra hakimiyyətinin və polis idarəsinin də xəbəri olub.
"İcra hakimiyyətindən gəldilər ki, dini icmanızı yaradın, icazə ilə olsun hər şey. Zöhrab başladı sənədləri yığmağa. Sənəd işlərini də vurmağa başladılar. İki ilə yaxındır ki, bu məscid fəaliyyətdədir. Necə yəni heç kimin xəbəri olmayıb?"
Qardaşının günahsız olduğunu deyən Samir Şıxəliyev qardaşı Zöhrabın heç zaman dövlətə qarşı çıxmağını qeyd edir.
"Bu kiminsə oyunudur, əminik ki, dövlət tərəfindən olan oyun deyil. Ola bilər, bizim ora yığılmamığımız səbəbi qeyri-qanuni olub. Gəlib cərimə eləyib, sutkalıq həbs versinlər. Amma Zöhrabı tutub apardılar, evinə silah qoydular. Belə şey olar, biz hansı ölkədə yaşayırıq?" deyə o sual edir.
"Qeyri-qanuni axtarış"
Samir Şıxəliyevin sözlərinə görə, barəsində məhkəməyə qədər iki aylıq həbs-qətimkan tədbiri seçilən Zöhrab Şıxəliyevin evində məhkəmə qərarı olmadan “qeyri-qanuni” axtarış ediblər.
"Zöhrab saxlanılan gün məni də polis idarəsinə çağırdılar. Əllərimi qandallayıb padvala atanda orda səkkiz qardaşımızın olduğunu gördüm. Bizə olmazın işgəncələr verilib, şikayət etmişik", o qeyd edib.
Samir Şıxəliyev deyir ki, qardaşının evində qeyri-qanuni ədəbiyyatın aşkarlandığl haqda rəsmi məlumatda deyilənlər "yalandır".
"Zöhrabın evindən götürülən kitablar Dini Qurumlar üzrə Dövlət Komitəsinin icazəsi olmuş kitablardır, qanuna zidd kitablar olmayıb. Zöhrab özü buna nəzarət edirdi", Şıxəliyev əlavə edib.
"Tutdular ki, məktublar kəsilsin"
Polis idarəsində saqqal saxladığına görə tənbeh olunduğunu iddia edən Samir Şıxəliyev qardaşının cinayət işinin düzgün araşdırılmasını istəyir.
"İdarədə mənə dedilər ki, saqqal saxlama. Deyirəm, əgər İlham Əliyev şəxsiyyət vəsiqəsində saqqal saxlamağa icazə veribsə, sən kimsən mənə deyirsən saqqal saxlama? Biz qruplaşma deyilik, dövlətlə işimiz yoxdur", o bildirib.
İnternetdə qardaşının çıxışlarının yerləşdirildiyini söyləyən Sumqayıt şəhər sakininin sözlərinə görə, Zöhrab Şıxəliyev saxlanılmadan öncə dəfələrlə prezidentə müraciiət edib.
"Zöhrab bizim liderimiz deyil, ağsaqqal kimidir. Biz onun sözü ilə oturub durmuruq. O həmişə Prezidentə, prokurorluğa məktub yazırdı ki, bizi incidirlər. Ona görə Zöhrabı tutdular ki, məktublar kəsilsin. Amma biz məktublarımızı, müraciətlərimizi davam etdirəcəyik", o əlavə edib.

Mənbə: http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/11/141118_sumgayit_muslims

Bölmə: Xəbərlər | Baxılıb: 990 | Yüklədi: Azerislamoglu